“Qüdrət bağı-Qüdrət bulağı”
Region

“Qüdrət bağı-Qüdrət bulağı”

Sabirabad rayonunda Vətən müharibəsi şəhidi Qüdrət Həsənovun doğum günü ilə əlaqədar "Qüdrət bağı -Qüdrət bulağı"nın açılış mərasimi oldu. Mərasimi Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açaraq, Sabirabad rayonundan Vətən müharibəsinə yollanıb şəhadətə yüksələn şəhidlər haqqında məlumat verdi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Sabirabad Rayon İcra Hakimiyyətinin Şəhid Ailələri və Qazilərlə İşin təşkili şöbəsinin müdiri,  Vətən müharibəsi iştirakçısı Müslüm Rzayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon  şöbəsinin sədri, Birinci Qarabağ  müharibəsi qazisi Faiq Hüseynov, Qafqaz Ruhanilər İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəsi Ağakərim Sadıqov, YAP Sabirabad rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Məleykə Həsənova, rayonun axundu Hacı Məhəmməd Əliyev və  başqaları  çıxış edərək şəhidimizin əziz xatirəsini böyük hörmətlə yad etdilər. Şəhidin ruhuna dualar oxundu.  Məktəblilərin ifasında şeirlər səsləndi.

Şəhidin atası Səfər Həsənov çıxış edərək dövlətimizə və Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə göstərdiyi qayğı və diqqət üçün minnətdarlığını  bildirdi. Sonda “Qüdrət bağı-Qüdrət bulağı”nın açılışı oldu. Salınan bağa baxış keçirildi.  Tədbir iştirakçıları bağda müxtəlif bəzək kolları və  ağac əkdilər.

                                             Tofiq HÜSEYN,

                                            “Respublika”.