Qubanın   çay   sahillərində bəndvurma işləri
Region

Qubanın   çay   sahillərində bəndvurma işləri

Sellər  və  çay  daşqınları  təkcə  kənd   təsərrüfatına   deyil, bütövlükdə  infrastruktura   hər  il   böyük   ziyan   vurur. Bunu   nəzərə  alan   melioratorlar bölgələrdə   qabaqlayıcı   tədbirlər   görürlər. Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti   bildirir ki, ölkəmizin ən böyük meyvəçilik rayonlarından biri də Qubadır. Bu rayonda 18 min hektardan artıq meyvə bağı mövcuddur. Fermerlər tərəfindən hər il yeni bağ sahələri salınır.

Lakin     heç kəsə sirr deyil ki, istər bağçılıq, istərsə də əkinçilik sahəsinin inkişafı, ilk növbədə, suvarma suyundan asılıdır. Qarşıdan gələn suvarma mövsümündə fermerlərin heç bir çətinlik yaşamadan sahələrini rahat şəkildə suvarması üçün Quba Suvarma Sistemləri İdarəsi tərəfindən tədbirlər görülür. Təsərrüfat sahiblərini fasiləsiz suvarma suyu ilə təmin etmək üçün torpaq kanallar lil və kol-kosdan təmizlənir,  eləcə də hidrotexniki qurğular cari təmir edilir.

Mövsüm ərzində hər hansı çətinliyin yaranmaması üçün Quba Suvarma Sistemləri idarəsi tərəfindən sahilbərkitmə işləri də aparılıb. Çünki   sel  suları   və   çay   daşqınları   təsərrüfatlara  böyük  ziyan   vurur. Məsələ  ilə   əlaqədar Qudyalçayın rayon ərazisindən keçən hissəsində bəndvurma işlərinə başlanılıb.

Quba Sistemləri İdarəsindən verilən məlumata görə, son illər iqlim dəyişikliyi ilə əlaqədar şimal bölgəsindəki çaylarda suyun həcminin azalması müşahidə edilir. Bu da öz növbəsində, yay aylarında suvarma suyuna olan tələbatı ödəməkdə müəyyən çətinliklər yaradır. Lakin respublika ərazisində tezliklə tikiləcək 10 su anbarının 3-ü məhz Qubada inşa olunacaq. Bununla  da yaşanan çətinlik tamamilə aradan qalxacaq. Belə ki, qış aylarında anbara toplanan sudan yaz və yay aylarında suvarma məqsədilə istifadə ediləcək.

 Qeyd edək ki, Quba rayonunda 26 min 33 hektar suvarılan torpaq sahəsi mövcuddur. Sahələrin suvarma suyuna olan tələbatı rayon ərazisindən keçən dağ çaylarından, eləcə də 58 ədəd subartezian quyusundan qaldırılan su hesabına ödənilir.

Nəriman  CAVADOV,

“Respublika”.