Qubadlı və Laçın rayonlarında Dövlət Sərhəd Xidmətinin iki yeni hərbi hissəsi xidməti istifadəyə verilib
Digər xəbərlər

Qubadlı və Laçın rayonlarında Dövlət Sərhəd Xidmətinin iki yeni hərbi hissəsi xidməti istifadəyə verilib

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 8-də Qubadlı və Laçın rayonları ərazisində DSX-nin iki yeni hərbi hissəsi xidməti istifadəyə verilib.

Bununla əlaqədar təşkil olunmuş mərasimlərdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni hərbi hissə komplekslərinin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.

Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlaması dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürüdür.

Vurğulanıb ki, Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizəsinə cavabdeh olacaq yeni hərbi hissələrin fəaliyyətə başlaması xüsusi əhəmiyyət kəsb edir. Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçiləri ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəklər.

Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunub.

Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanışlıq olub, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbarlara, döyüş texnikasına, silah və texniki vasitələrə baxış keçirilib.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilib, xatirə fotoşəkilləri çəkilib, Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestrinin və rəqs ansamblının ifasında konsert proqramı şəxsi heyətə təqdim olunub.

Sonra “Qubadlı” əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən işlər haqqında vəzifəli şəxslərin məruzələri dinlənilib, dövlət sərhədinin müdafiəsi və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə görülən işlər yoxlanılıb, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüş keçirilib, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitlərinə baxış olub.

AZƏRTAC