Qubadlı-Eyvazlı avtomobil yolunun inşası sürətlə davam etdirilir
Sosial həyat

Qubadlı-Eyvazlı avtomobil yolunun inşası sürətlə davam etdirilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Qubadlı-Eyvazlı avtomobil yoludur.

AZƏRTAC xəbər verir ki, IV texniki dərəcəli avtomobil yolunun uzunluğu 28,5 kilometrdir. Yolun 8 kilometrlik hissəsində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri artıq başa çatıb.

Məlumata əsasən, Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən və çətin relyefə malik ərazidən keçən avtomobil yolunun layihə eninin alınması üçün qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri davam etdirilir.

Xüsusi texnikalardan istifadə olunmaqla icra olunan işlər zamanı yol genişləndirilərək profilə salınır və IV texniki dərəcəyə uyğun torpaq yatağı inşa edilir. Qeyd olunan işlərin icrası üçün tikinti ərazisinə lazımi sayda texnika və canlı qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin yolun 2,5-ci kilometrində 122,4 metr uzunluğa malik 4 aşırımlı, yolun 21-ci kilometrində isə 66 metr uzunluğunda 2 aşırımlı avtomobil körpüsünün də inşası nəzərdə tutulur.

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "13 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC ilə subpodratçı şirkət olaraq "Protean Construction" ASC birgə icra edir.

Qeyd olunub ki, Qubadlı-Eyvazlı avtomobil yolu işğaldan azad edilmiş Qubadlı şəhəri daxil olmaqla, Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu və Eyvazlı kəndlərinin ərazisindən keçir.

Bütün yollar Qarabağa aparır...

AZƏRTAC