Quba: Çartəpə kəndində səyyar qəbul
Region

Quba: Çartəpə kəndində səyyar qəbul

Yerlərdə keçirilən səyyar qəbullar vətəndaşlarla ünsiyyətin səmərəli formasıdır. Odur ki, rayon icra hakimiyyəti başçıları belə qəbulları  bütün yaşayış məntəqələrində mütəmadi olaraq keçirirlər.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən növbəti belə səyyar qəbul Xucbala inzibati ərazi dairəsinə daxil olan Çartəpə kəndində təşkil olunmuşdur. Səyyar qəbulda hüquq  inzibati orqanlarının, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri iştirak etmişdir.

Qeyd edək ki, Digah, Çartəpə, Xucbala, Orta Xuc, Aşağı Xuc  kəndlərini əhatə edən bu inzibati ərazi dairəsində 6 min 392 nəfər əhali yaşayır. Son illər bu kəndlərdə sosial problemlərin həlli istiqamətində xeyli iş görülüb. Kəndlərin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşıb. Çartəpə, Orta Xuc kəndlərinə yeni asfalt örtük çəkilib. Çartəpə kəndində yeni məktəb binası istifadəyə verilib. Digah kəndində isə yeni məktəb binasının tikintisi davam etməkdədir.

Lakin bu kəndlərdə də bəzi problemlər hələ də qalmaqdadır. Səyyar qəbul zamanı vətəndaşlar çıxış edərək RİH başçısı qarşısında Çartəpə kəndində yeni suvarma arxının çəkilməsi, Xucbala kəndində yeni artezian quyusunun qazılması, Aşağı Xuc kəndində yeni məktəb binasının tikintisi və digər problemlər barədə məsələlər qaldırmışlar.

 Vətəndaşları diqqətlə dinləyən icra başçısı bəzi məsələlərin həlli üçün aidiyyəti müəssisə rəhbərlərinə yerindəcə tapşırıqlar vermişdir. Həlli yuxarı orqanlardan asılı olan məsələlər barədə müraciət olunacağını bildirilmişdir. Vətəndaşların qaldırdıqları bəzi məsələlər isə yerindəcə həllini tapmışdır.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.