Qriqori Trofimçuk: Üçtərəfli Bəyanatın reallaşmasının uzadılması Ermənistanın özü üçün təhlükə yaradır
MÜSAHİBƏLƏR

Qriqori Trofimçuk: Üçtərəfli Bəyanatın reallaşmasının uzadılması Ermənistanın özü üçün təhlükə yaradır

2020 -ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın praktiki reallaşması müddətinin həddindən artıq uzadılması rəsmi İrəvanın özü üçün də təhlükəli şərait yarada bilər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk söyləyib. Müsahibəni təqdim edirik.

–Bu günlərdə Münxen Təhlükəsizlik Konfransında ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş oldu. Müəyyən fasilədən sonra Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsini necə qiymətləndirirsiniz?

–Bu, özü-özlüyündə müsbət faktdır. Çünki birinci şəxslərin görüşləri davam edirsə, demək hələ ki, müharibə yoxdur. Digər tərəfdən, Bakı və İrəvanın Qərbin danışıqlar platformasında bu cür təmasları Rusiyada bir çoxlarında daha çox gərginlik yaradır. Çünki hesab edilir ki, nizamasalma prosesi tədricən və davamlı olaraq Qərbə tərəf yönəlir, yəni, hazırkı geosiyasi hadisələrin fonunda ABŞ-nin əlinə keçir. Lakin demək lazımdır ki, Bakı bu mövzunu Qərbin danışıqlar masaları arxasında ilk dəfə müzakirə etmir və bu mənada Moskvadan heç nəyi gizlətmir.

Problem tamamilə başqadır. İndi İrəvan açıq-aşkar o tərəfə meylini gücləndirir və Moskvadan narazılığını daha sərt şəkildə dilə gətirir. Eyni zamanda, liderlərin təmaslarında fasilə o qədər də böyük, həyəcanverici olmayıb, cəmi bir neçə ay davam edib və bu məsələdə hər şey plan üzrə gedir.

–Azərbaycanın rəhbəri erməni tərəfinin mövqeyində irəliləyişlər olduğunu bəyan edib. Sizcə, Prezident İlham Əliyev "irəliləyiş" sözü ilə konkret olaraq nəyi nəzərdə tutub?

–İrəvan əvvəlki kimi, sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir və bu da müsbət faktdır. Çünki Ermənistanın məğlub olduğu son müharibə onun üçün bu cür mötədil sonluqla nəticələnməyə bilərdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu, kifayət deyil. Düşünürəm ki, bu ifadənin arxasında praktiki sual durur: nəhayət nə vaxt nəqliyyat dəhlizləri açılacaq, sərhədlərin, o cümlədən nəzarət-buraxılış məntəqələrinin dəqiq müəyyən edilməsi həyata keçiriləcək, sözdən əmələ keçid nə zaman olacaq?

Nikol Paşinyanı başa saldılar ki, artıq razılaşmaların həyata keçirilməsini uzatmaq alınmayacaq. O da istisna olunmur ki, Paşinyan Türkiyədə baş vermiş təbii fəlakəti nəzərə alaraq, Ankaranın diqqətinin daxili problemlərə yönələcəyinə və bunun da bütün məsələlərin həllini gələcəkdə də uzatmaqda ona kömək edəcəyinə ümid bəsləyir. Başqa sözlə desək, Paşinyan indi ən çox sözün bütün mənalarında "göylərə", fərziyyələrə ümid edir.

–Sizin fikrinizcə, Münxen görüşündən sonra hadisələr necə cərəyan edəcək? Prezident İlham Əliyev Ermənistana qarşı bir sıra konkret tələblər səsləndirdi. Onların ən qısa müddətə həll ediləcəyini hesab etmək olarmı?

–Hadisələr hələ ki, əvvəlki axarında cərəyan edəcək. Belə ki, Münxen danışıqları ABŞ-nin təşkilatçılığı ilə keçirildi, amma burada heç kim Vaşinqton üçün Qarabağ sürprizi yaratmağa hazır deyil. Həm də Vaşinqton Qarabağ üzrə özünün dəqiq mövqeyini müəyyənləşdirməyib, lakin bu, o qədər də uzaq perspektiv deyil. Bu səbəbdən fəaliyyət üçün əks reaksiya qalır. Təkrar edirəm, İrəvan Moskvaya öz narazılığını daha aydın ifadə edir. Bunun əlamətlərindən biri ABŞ-nin Ermənistan ərazisindəki bioloji laboratoriyaları ilə bağlı Moskvanın narahatlığına məhəl qoyulmamasıdır. Görünür, bu, ermənilərin Moskvaya təzyiqinin daha aydın vasitələrindən biridir. Ermənistan bioloji təhlükəsizlik sahəsində Amerika ilə əməkdaşlığı genişləndirir və bu zaman ehtiyatı əldən verərək daha çevik davranır, həmçinin öz ərazisində mülki müşahidə missiyası yerləşdirir. Elə bu il Ermənistan ərazisində Elmlər Akademiyasının bazasında ABŞ Müdafiə Nazirliyinin hərbi təhlükələrin azaldılması Agentliyinin həyata keçirdiyi "Bioloji təhlükələrin azaldılması" proqramı çərçivəsində Regional mərkəzin yaradılması nəzərdə tutulub və erməni məsul şəxslər bu layihəyə hər cür dəstək göstərirlər.

Beləliklə, bütün bu amilləri nəzərə alaraq söyləmək olar ki, Münxen görüşündən sonra hadisələrin necə cərəyan edəcəyi bir çox hallarda Bakıdan asılıdır. Bakının bəzi məsələləri necə həll edəcəyi hələ ki, məlum deyil. Artıq bir addım sınaqdan keçirilib (ekoloqlarla). İndi mövcud formul üçün şərtlər var, lakin digərləri yoxdur. Ona görə də hazırda mövcud olan şəraitdən istifadə etmək lazımdır, sonra daha mürəkkəb şərait yarana bilər.

Ermənistan anlayır ki, hətta Qarabağın Bakının tam nəzarətinə veriləcəyi təqdirdə, o, öz dövlətçiliyini itirməyəcək. Ən uzağı, "panerməni" dünyagörüşü ilə bağlı bəzi problemlər yarana bilər. Amma Ermənistan onu da nəzərə almalıdır ki, 2020-ci il 10 noyabr Bəyanatının praktiki reallaşması müddətinin həddindən artıq uzadılması rəsmi İrəvanın özünə təhlükə yaradan bir şərait doğura bilər. Azərbaycan artıq 2020-ci ilə qədər olan ölkə deyil və daha çox şeyə qadir olduğunu göstərdi.