"Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. Qoşulmama Hərəkatının Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcəkdir".
Bu fikirlər Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin Qoşulmama Hərəkatının "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda konfransının iştirakçılarına ünvanladığı məktubda əksini tapıb.
Son 10 ildə Qoşulmama Hərəkatının dünyada rolu və nüfuzunun artdığı, siyasi arenada fəallaşdığı artıq göz qabağındadır. Təqdirəlayiq haldır ki, bu, məhz Azərbaycanın sədrliyi dövrünə təsadüf edib. Burada Prezident İlham Əliyevin müxtəlif məsələlərin həlli istiqamətində təşəbbüsləri və aktiv fəaliyyəti xüsusi vurğulanmalıdır. Hərəkata üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - bu ilin sonuna qədər uzadılması barədə qərarı Prezident İlham Əliyevin dünyadakı artan nüfuzunun daha bir göstəricisi və onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda konfransda çıxışı zamanı Azərbaycanda qadın hüquqlarının qorunması və inkişaf etdirilməsi ideyasını BMT-nin fəal şəkildə dəstəklədiyini qeyd etməsi ölkəmizin daha bir uğurudur. Həmçinin İlham Əliyevin Qadın platformasının təşkil olunması barədə təşəbbüsü ali nəcibliyin göstəricisidir. Ölkəmizdə qadın hüquqlarının qorunmasına prioritet məsələlərdən biri olaraq yanaşılması, qadın azadlığının təmin olunması, cəmiyyətdə qadına qarşı şiddət və zorakılıq əlamətlərinin ciddi araşdırılması və s. məsələlər BMT-nin Qoşulmama Hərəkatının bu gün baş tutan konfransında nəzərə çatdırılıb.
Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələr ilə istər qadın hüquqlarının qorunması və inkişaf etdirilməsi, istərsə də digər sahələrdə daimi fəallıq göstərir. Azərbaycanda uğurla aparılan düşünülmüş, doğru islahatlar və reform siyasətinin dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatında da aparılması Azərbaycan Prezidentinin atdığı tarixi addımların bariz nümunəsidir. Azərbaycan bütün platformalarda olduğu kimi, Qoşulmama Hərəkatında da beynəlxalq hüquq və ədaləti, üzvlərinin legitim maraqlarını müdafiə edir.
Faktiki soyuq müharibədən sonra bir qədər zəifləyən Qoşulmama Hərəkatının rolu isə ölkəmizin sədrliyi dönəmində yüksələn xətlə inkişaf etməyə başladı. Məhz Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində Təşkilatın nüfuzu getdikcə artır, geosiyasi proseslərə təsir dairəsi genişlənir.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələrin qəbul edilməsi Azərbaycanın QH-yə uğurlu sədrliyinin göstəricisidir. Ölkəmizin uğurlu sədrliyi nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada multilaterializm nümunəsi kimi qəbul edilir.
Məhz ötən gün baş tutan konfransa müraciət ünvanlayan Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev "qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması üçün əhəmiyyətli platforma rolunu oynayacaq və bu sahədə birgə fəaliyyətin aparılması üçün Qoşulmama Hərəkatının tarixində yeni bir dövrün başlanğıcının əsasını qoyacaqdır" fikri əslində ölkəmizin bu Hərəkat vasitəsilə ali missiyası olan dünyada sülhün bərqərar olmasını bir daha dəstəklədiyini bildirib.
Tacir SADIQOV,
"Respublika".