Qoşulmama Hərəkatının Bakı görüşü: yeni çağırışlar
Siyasət

Qoşulmama Hərəkatının Bakı görüşü: yeni çağırışlar

Ölkəmiz bir çox beynəlxalq təşkilat və qurumların üzvü kimi dünyada etibarlı tərəfdaşlığını nümayiş etdirir. Azərbaycan üç ildən artıqdır ki, Qoşulmama Hərəkatına sədrlik edir. Mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.

70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentlərinin, üç ölkənin vitse-prezidentlərinin, bir sıra ölkələrin baş nazirlərinin, yüksək səviyyəli nümayəndələrinin, beynəlxalq təşkilatların və səfirlərin də qatıldıqları bu görüş Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Ümumiyyətlə, Azərbaycan Qoşulmama Hərəkatının tərkibində yüksək  fəallığı ilə həmişə seçilən ölkələrdən olub. Ölkəmiz 2019-cu il 25-26 oktyabr tarixlərində də Qoşulmama Hərəkatının XVIII dövlət və hökumət başçılarının Zirvə görüşünə evsahibliyi etmişdir.

Budəfəki Zirvə görüşündə çıxışı zamanı dövlət başçısı cənab İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində bir sıra mühüm məsələlərə toxunmuş və hərəkatın yeni, daha effektli, səmərəli və təhlükəsiz yol xəritəsini çızmışdır. Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflər Qoşulmama Hərəkatına üzv dövlətlərin marağına və alqışına səbəb olmuşdur. Dünyada baş verən proseslər və qarşıdurmalar nəticəsində yeni dünya düzəni formalaşmaqdadır. Prezident İlham Əliyev çıxışında bütün bunların fonunda Hərəkatın dünyada artan rolundan və nüfuzundan danışmış, BMT-də islahatların aparılmasının vacibliyini xüsusi olaraq qeyd etmişdir. Bu gün Qoşulmama Hərəkatının dünyadakı artan rolu BMT və digər beynəlxalq təşkilatların fəaliyyətini üstələyir. Hazırda beynəlxalq aləmdə dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulması, onların daxili işlərinə müdaxilə halları artmaqdadır. Beynəlxalq səviyyədə verilən qərarlara nəinki əməl olunmur, əksinə, ikili standartlar qabarıq şəkildə özünü göstərir. Buna sübut kimi Azərbaycanın Qarabağ torpaqlarının 30 il işğal altında qalmasını misal göstərmək olar. Bu zaman kəsiyində heç bir beynəlxalq təşkilat, ya qurum hər hansı bir ədalətli mövqe sərgiləmədi. Əksinə, fürsət düşdükcə işğalçı Ermənistanın müdafiəsində durdu.

Qoşulmama Hərəkatının Bakı görüşündə ölkəmiz tərəfindən - Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi irəli sürülmüşdür. Çünki bu problemdən ən çox zərərçəkən ölkələrdən biri də Azərbaycandır. 30 illik işğal dövründə Ermənistan ərazilərimizi minalarla tamamilə çirkləndirmişdir.  Bu gün ölkəmiz öz gücünə işğaldan azad etdiyi torpaqlarda mina təmizlənməsi işi aparır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında dünyaya ağıl dərsi keçməyə çalışan Makronu və onun dövlətinə Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırıb. Daha sonra Prezident İlham Əliyev deyib: "Biz suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığını daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcburi qaydada qoyulmuş bir gündəlik deyil".

Ramidə YAQUBQIZI,

"Respublika".