Qoşulmama Hərəkatı: Bakıdan dünyaya mesajlar
Siyasət

Qoşulmama Hərəkatı: Bakıdan dünyaya mesajlar

Mühüm tədbirə evsahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, qlobal

təşəbbüslərinin dəstəklənməsinin parlaq nümunəsinə çevrildi

"Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışı zamanı bildirib. BMT Təhlükəsizlik Şurasının bu gün səmərəli olmadığını, Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə günün içində icra olunduğunu qeyd edən dövlət başçısı deyib: "Azərbaycana gəldikdə isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır".

2019-cu ildə ölkəmiz QH-nin sammitinə uğurla evsahibliyi etdi və bu tədbirdə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Belə də oldu. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi. Azərbaycanın təşkilatdakı nüfuzunun daha bir göstəricisi Bakıda martın 2-də postpandemiyaya həsr olunmuş sammitin keçirilməsidir. Prezident İlham Əliyev bu sammitin keçirilməsi ilə bağlı 2021-ci ildə QH-nin yaradılmasının 60-cı ildönümünə həsr edilən Belqrad tədbirində təklif irəli sürmüşdür. Sammitdə postpandemiya məsələləri ilə yanaşı, yeni dünya nizamının formalaşması prosesində beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, beynəlxalq təşkilatların səmərəli olmaması, Şərq-Qərb ziddiyyətlərinin artması, "Soyuq müharibə" mentalitetinin hökm sürdüyü yeni dünya düzənində QH ölkələrinin yerinin müəyyənləşdirilməsi əsas müzakirə mövzularıdır. Bakının belə ciddi məsələlərin müzakirə olunduğu tədbirə evsahibliyi etməsi Azərbaycana göstərilən beynəlxalq etimadın, Prezident İlham Əliyevin isə şəxsi nüfuzunun göstəricisidir. Azərbaycan bu Hərəkata sədrliyi dövründə atdığı addımlarla dövlətimizin dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə, beynəlxalq norma və prinsiplərin ədalətli tətbiqinə verdiyi töhfələri bütün dünyanın diqqətinə çatdırmış oldu. Bakıdan dünyaya önəmli mesajlar verildi. Qeyd olunub ki, bütün dövlətlər birgə əməkdaşlıqla dayanıqlılığı təmin edə bilər. Bu səbəbdən, Qoşulmama Hərəkatı belə qlobal məsələlərin müzakirəsi üçün əlverişli platformadır.

BMT qərarlarının heç də hamısının səmərəli təsir gücünə malik olmadığını vaxtilə təşkilatın Ermənistanın təcavüzkar siyasəti ilə əlaqədar qəbul etdiyi 4 qətnamənin kağız üzərində qalması faktı bir daha təsdiqləyir. Həmin qətnamələrdə təşkilat respublikanın ərazi toxunulmazlığını bir daha önə çəkmiş, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Lakin həmin qətnamələrin heç biri Ermənistan tərəfindən icra edilməmişdir. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq göstərilməmiş və sanksiyalar tətbiq olunmamış, işğalçılıq siyasətinə göz yumulmuşdur. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmişdir.

Buradan aydın olur ki, əksər beynəlxalq təşkilatlar sadəcə öz maraqlarını güdərək, haqq və ədalətin pozulmasına göz yummuşlar. Ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə ədalətli, eyni mövqedən yanaşılmasına töhfə vermək üçün fəal siyasət həyata keçirir. Məhz buna görə də rəsmi Bakı BMT-nin XXI əsrdə baş verə biləcək təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün təşkilat daxilində islahatların aparılması ideyasını dəstəkləyir.

Dünyada uzun illərdir müzakirə olunan mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunmaqla daha ədalətli qərarlar verilsin. İndi yeni dünya düzəni formalaşmaqdadır. Dünya "soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin formalaşmasında fəal iştirak etməlidir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.

Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tribunalarda bəzi Qərb ölkələrinin və beynəlxalq təşkilatların ikili standartlardan çıxış etməsini sərt şəkildə tənqid edib, öz etirazını bildirib. Dünyada baş verən prosesləri izlədikdə aydın şəkildə görürük ki, bəzi ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ikili standartların tətbiq olunması məqsədyönlü xarakter daşıyır. Bu hal ikili standartların tətbiq olunduğu ölkələrin milli təhlükəsizliyi üçün müəyyən təhlükələr və təhdidlər yaradır. Bununla birlikdə qeyd etmək lazımdır ki, ikili standartların tətbiqi, həyata keçirilən siyasətin uyğunsuz olması həmin ölkələrə və təşkilatlara qarşı daimi inamsızlıq yaradır, nüfuzunu gözdən salır. Bu təşkilatlar dünyada gedən proseslərə təsir etmək gücünü, beynəlxalq müstəvidə əhəmiyyətini itirməkdədir. Çox təəssüf ki, dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizədə də biz ikili standartların tətbiq olunduğunu gördük. Bunu nəzərə alaraq Prezident İlham Əliyev COVID-19-la bağlı qlobal təşəbbüslərlə çıxış etdi. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşü keçirildi, Qoşulmama Hərəkatının Zirvə görüşü reallaşdırıldı. Bununla yanaşı, Azərbaycan COVID-19-la bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə nail oldu. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edildi. Prezident İlham Əliyev çıxışlarında vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü tezisini irəli sürdü, bu məsələdə millətçiliyin olmamasını vurğuladı. Azərbaycan ilk ölkələrdən biri kimi bu məsələni gündəmə gətirdi, bu gün də bu ədalətsizliyi aradan qaldırmaq üçün təşəbbüslərlə çıxış edir.

Ölkə başçısı hələ 2019-cu ildə QH-nin Bakıda keçirilən sammitində bəyan etmişdi ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək və bu fikirlərini əməldə də təsdiq etdi. Azərbaycanın fəallığı Hərəkata üzv olan dövlətləri ölkəmizlə daha geniş əlaqələr qurmağa sövq edir. Bu məqam ölkəmizin maraqları baxımından çox önəmlidir. Çünki Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Yeni dünya nizamının qurulması fonunda yaranan reallıqların Azərbaycanın maraqlarına uyğun şəkildə formalaşdırılması üçün ölkəmizin beynəlxalq siyasi dəstəyə böyük ehtiyacı var. Rəsmi Bakı Qoşulmama Hərəkatına üzv olan dövlətlərin etimadını qazanmaqla proseslərə öz maraqlarına uyğun istiqamət verməyi bacarır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.

Mustafa KAMAL,

"Respublika".