Qorxuya sinə gərənlər
Region

Qorxuya sinə gərənlər

Ötən il, 27 sentyabrda bədnam düşmənin silahlı qüvvələri yenidən öz çirkin əməlinə əl ataraq, Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi. Ermənistan hərbçiləri çox təhlükəli raket sistemindən istifadə edərək, təmas xəttinə yaxın  Naftalan, Goranboy, Gəncə, Mingəçevir, Bərdə və Tərtər rayonlarını insanların yatdığı bir vaxtda atəşə tutdu. Qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir.

Şəhər, rayon və kəndlərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulması ilə bərabər, düşmənin ölkəmizə qarşı törətdiyi çirkin məqsədlərindən xəbər verir. Erməni qəsbkarlarının müharibə qaydalarına zidd olaraq mülki əhalinin yaşadığı yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində ikisi uşaq olmaqla bir ailənin beş üzvü faciəli şəkildə həlak olmuşdur. Naftalan şəhərində 14 yaşı tamam olan mülki Şəhid Şəhriyar Nadir oğlu Qurbanovun xatirəsi anılıb.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, şəhidin atası və digər əməkdaşlar Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elyəddin Cəfərovun da məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Şəhər rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən söhbət açaraq vurğulayıb ki, şəhidlərimizin qanı hesabına qazanılan 44 günlük Vətən müharibəsindəki Zəfər milli iradənin təntənəsi və xalqımızın qürur mənbəyidir.

Zabit XƏLİLOV,

"Respublika".