Qobustan: Yeni tikilən məktəblərin açılışı olub
Region

Qobustan: Yeni tikilən məktəblərin açılışı olub

Respublika Prezidenti İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Sərəncamına əsasən Elm və Təhsil Nazirliyinin sifarişi əsasında Qobustan rayonunda tikilən yeni məktəblərin açılışı münasibətilə tədbir keçirilib.

Qobustan Rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov çıxış edərək əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verərək bütün şagirdlərə uğurlar arzulayıb.

Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Ümumi ərazisi 7003 kv.m olan Təklə Mirzəbaba kənd tam orta məktəbi 132 şagird yerlikdir.

Rayonun Nabur kəndində tikilən Nabur kənd tam orta məktəbinin tikintisinə 25 yanvar 2021-ci il tarixdə başlanılmışdır. Məktəb 264 şagird üçün nəzərdə tutulub və ümumi ərazisi 5313 kv.m-dir.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyevin, kənd sakinlərinin, valideynlərin və məktəblilərin qatıldığı tədbirin iştirakçıları ölkəmizdə bütün sahələrin inkişafı ilə yanaşı, təhsilə də göstərilən dövlət qayğısından məmnun qaldıqlarını bildirərək Respublika Prezidentinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Şagirdlər dövlət qayğısına cavab olaraq yaxşı oxuyacaqlarını və savadlı mütəxəssis olaraq ölkəmizin tərəqqisi naminə çalışacaqlarını vurğulayıblar.

M.QULUYEV,

"Respublika".