QMİ sədri din xadimləri ilə videokonfrans formatında görüş keçirib
Digər xəbərlər

QMİ sədri din xadimləri ilə videokonfrans formatında görüş keçirib

Avqustun 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun qatıldığı videogörüşdə QMİ-nin paytaxt, bölgələrdəki qazı, imam və səlahiyyətli nümayəndələri iştirak ediblər.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şeyxülislam A.Paşazadə videoiclasın iştirakçılarını salamlayıb, ilk növbədə, Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində qazandığımız uğur üçün Uca Allaha həmd-səna edən şeyxülislam A.Paşazadə vurğulayıb ki, din xadimlərinin mənəvi dəstəyi, müqəddəs dinimizin aşıladığı yüksək dəyərləri insanlara təlqin etməsi, ən çətin anlarında insanların yanında olması xalqımız tərəfindən minnətdarlıqla qarşılanır. Bunun üçün din xadimlərinə təşəkkürünü bildirən QMİ sədri xüsusən cəbhəyanı bölgədəki din xadimlərinin fədakar əməyini, 44 günlük Vətən müharibəsi dövründə bütün ölkə boyu şəhidlərimizin ailələrinə dəstək verilməsinin şanlı Zəfərimizdən sonra da davam etdirilməsini təqdir edib. Din xadimləri ilə birgə Ağdam, Şuşa səfərlərini xatırladan şeyxülislam A.Paşazadə işğaldan azad olunmuş torpaqlarımızda dövlətimiz tərəfindən aparılan genişmiqyaslı, qürurverici bərpa-tikinti işlərini rəğbətlə vurğulayıb, Uca Allahdan bu işlərə rəvac, dövlət rəhbərimizə böyük uğur və nailiyyətlər diləyib.

Şeyxülislam A.Paşazadə Hicri-qəməri təqvimi ilə 1443-cü ilin Məhərrəm ayının başlanması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin müraciət qəbul etdiyini diqqətə çatdırıb. Bildirib ki, builki Məhərrəm ayını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu dua etdiyimiz zəfər səadəti ilə qarşılayırıq. Şeyxülislam A.Paşazadə xüsusi vurğulayıb ki, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamı torpaq və vətən uğrunda şəhidlikdir. Əhli-Beytə, imamlarımıza ehtiram ənənəsi olan Azərbaycanda İmam Hüseyn əleyhissalamın xatirəsi imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümü olaraq anılır.

Məhərrəmlik ayında ibadətlərlə bağlı danışan şeyxülislam A.Paşazadə bildirib ki, bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcəkdir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə edirlər ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir.

QMİ sədri son illər ərzində Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsinin ən münasib əzadarlıq nümunəsi olduğunu bir daha vurğulayaraq, bu il də humanist ənənənin davam etdiriləcəyini, pandemiya səbəbindən dindarların qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında İmam Hüseyn xatirinə ehsan niyyəti ilə qan verəcəklərini diqqətə çatdırdı.

Sonra QMİ sədrinin müavini Sabir Həsənli Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin müraciətini oxuyub. QMİ sədri şeyxülislam A.Paşazadə dini mərkəzin yerlərdəki qazıları, səlahiyyətli nümayəndələri və imamlarına bu müraciətin müddəalarını dindarların nəzərinə çatdırmalarını, müvafiq dövlət qurumları ilə əməkdaşlıq və koordinasiya edərək, dini ayinlərin operativ qərargahın qayda və tövsiyələrinə riayət olunması şərti ilə yerinə yetirilməsini təmin etmələrini tapşırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov videoiclasda çıxış edərək Məhərrəm ayının təziyələri münasibətilə dindarlara başsağlığı verib və İmam Hüseynin şəhadət məktəbinin əhəmiyyətini vurğulayıb. QMİ-nin müraciətinin müfəssəl hazırlandığını qeyd edən G.İsmayılov şeyxülislamın Vətən müharibəsi dövründə din xadimlərinin zəhmətlərinin böyük olması ilə bağlı fikirlərini bölüşdüyünü bildirib.

Videoiclasda QMİ sədrinin birinci müavini müfti Salman Musayev, Naxçıvan Muxtar Respublikası üzrə qazı Sahib Məmmədov, Sumqayıt şəhəri üzrə qazı Rauf Sərdarov, Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndə Şahin Həsənli, cənub bölgəsi üzrə səlahiyyətli nümayəndə Qəni Axundzadə, Gəncə üzrə qazı Tahir Abbasov, Səbail rayonu üzrə qazı Rahib Babayev, şimal bölgəsi üzrə qazı Naib Səttarov və başqaları çıxış ediblər. Din xadimləri bildiriblər ki, QMİ Qazılar Şurasının qəbul etdiyi müraciətdən irəli gələn məqamlara riayət olunmaqla Məhərrəmlik dönəmi yüksək mənəvi amallar səviyyəsində, İmam Hüseynin şəninə layiqli və şəhidlərimizin anılması şəraitində keçiriləcəkdir.

Şeyxülislam A.Paşazadə iclas iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan dindarları və din xadimləri adından həmkarı - qardaş Türkiyənin Diyanət işləri başqanı Ali Erbaşa məktub ünvanlayaraq yanğınlar zamanı həlak olanlarla bağlı başsağlıqlarını onun vasitəsilə bütün Türkiyə xalqına yetirib. Türkiyə dövlətinin yanğınlardan tezliklə xilas olması üçün dualar edən şeyxülislam A.Paşazadə hər zaman - sevincli və kədərli günlərdə bir olduqları kimi, yanğınların qarşısının alınmasında da Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu fəxarətlə vurğulayıb, yanğınsöndürənlərimizin qardaş ölkədə fədakarlığını xüsusi qeyd edib.

QMİ sədri videoiclasın yekununda dualar edib ki, dünya və ölkəmiz pandemiya imtahanından tezliklə qurtulsun, Vətənimizdə salamatlıq və əmin-amanlıq hökm sürsün. 

AZƏRTAC