QMİ-də Azərbaycanla Özbəkistanın qardaşlıq münasibətləri zəminində inkişaf edən dini-mənəvi əlaqələrindən danışılıb
Digər xəbərlər

QMİ-də Azərbaycanla Özbəkistanın qardaşlıq münasibətləri zəminində inkişaf edən dini-mənəvi əlaqələrindən danışılıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 2-də Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Bahrom Aşrafxanovu qəbul edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Özbəkistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin qardaşlıq münasibətləri ortaq tarixə malik, eyni dini-mənəvi dəyərləri bölüşən dost Azərbaycan və Özbəkistan xalqlarının ümumi mənafelərinə xidmət edir.

Şeyxülislam A.Paşazadə İslam dünyasının ayrılmaz parçası olan, milli və mənəvi dəyərlərinə sadiq dünyəvi dövlət modellərinə malik Azərbaycanda və Özbəkistanda milli-mənəvi irsə qayğı və dövlət himayəsini dəyərli nümunə kimi qiymətləndirib.

Görüşdə İslam dünyasının tanınmış elm, irfan məkanı kimi təşəkkül tapmış mənəvi mərkəzlərindən biri olan Özbəkistanın dini-mənəvi məkanlarının tanıdılmasının vacibliyinə diqqəti çəkən səfir Bahrom Aşrafxanov ölkəsində bu istiqamətdə görülən işlər barədə QMİ sədrinə ətraflı məlumat verib. O bildirib ki, Özbəkistan Prezidentinin tapşırığı ilə özbək hökuməti xüsusi qərar qəbul edib ki, ölkənin dünya şöhrətli, 500 illik tarixə malik Mir-Ərəb mədrəsəsinin, Daşkənd İslam Universitetinin dünyada tanınan şöhrətli məzunu şeyxülislam Allahşükür Paşazadənin şərəfinə özbək torpağının tarixi məkanları - Daşkənd, Buxara, Səmərqənd və digər şəhərlərin dini-mənəvi məkanlarına ziyarətlərinin təşkili "Allahşükür Paşazadənin izi ilə" devizi altında həyata keçirilsin. Səfir B.Aşrafxanov şeyxülislam Allahşükür Paşazadənin Özbəkistanda böyük nüfuza malik olduğunu, hər zaman ehtiramla qarşılandığını vurğulayaraq adı çəkilən qərara əsasən nəzərdə tutulan, əsasən Azərbaycandan, Qafqazdan təşrif buyuracaq zəvvarlar üçün ziyarət turunun tabloidini QMİ sədrinə təqdim edib.

Şeyxülislam A.Paşazadə Özbəkistanı hər zaman ikinci vətəni saydığını, ömrünün təhsillə bağlı illərini bu ölkədə keçirdiyini, özbək xalqını və onun zəngin mədəniyyətini, mənəvi irsini yüksək dəyərləndirdiyini ifadə edib. İslamın elmi cəhətdən tədqiqi, müsəlman irsinin təbliği istiqamətində Özbəkistanın dünya miqyasında şöhrətinin təşviqində siyasi iradəsinin rolunu olduqca önəmli sayan A.Paşazadə şəxsinə olan hörməti özü üçün böyük nemət saydığını dilə gətirib, qədirbilən özbək xalqına, dövlətinə və onun dövlət başçısına ehtiramını və dərin minnətdarlığını bildirib. QMİ sədri xüsusi vurğulayıb ki, Özbəkistan dövləti Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə İslam İntibahı dövrünü yaşayır. Xalqının milli-mənəvi dəyərlərinə yüksək ehtiram bəsləyən Özbəkistan dövlətinin başçısı tərəfindən həyata keçirilən, qısa müddət ərzində Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi, beynəlxalq tədqiqat mərkəzləri, elmi ocaqların yaradılması, özbək xalqının zəngin mənəvi irsinin xaricdə dərindən öyrənilməsinə və tanıdılmasına yönəlmiş dövlət siyasətinin nəticələri böyük əhəmiyyət kəsb edir. Şeyxülislam A.Paşazadə Özbəkistan liderinin İslam irsinə, mənəvi dəyərlərə ali himayə və diqqətini yüksək qiymətləndirib, Uca Allahdan onun bu möhtəşəm fəaliyyətinə xeyir-dualar diləyib.

 Şeyxülislam A.Paşazadə Özbəkistana ziyarət turlarının Azərbaycanda maraqla qarşılanacağına əminliyini ifadə edib və bu nəcib işə uğurlar arzulayıb. QMİ sədri Özbəkistana ziyarət səfərləri ilə bərabər yaxın gələcəkdə Azərbaycanın dini-mənəvi məkanlarına ziyarətlərin, o cümlədən azad olunmuş Qarabağ torpaqlarına turların təşkil ediləcəyinə ümidvar olduğunu bildirib. Şeyxülislam əlavə edib ki, Qarabağın dini-mənəvi, mədəni irsinə qarşı törədilmiş vandalizm halları ilə, habelə dövlətimiz tərəfindən mənəvi irsin bərpa və yenidənqurulması sahəsində görülən işlərlə ziyarətçilərin yerində tanış olmaq imkanı olduqca əhəmiyyətlidir.

QMİ sədri özbək səfirə bu yaxınlarda baş tutmuş Vatikan səfəri barədə məlumat verib. O bildirib ki, dinlərarası dialoq müstəvisində, müsəlman-xristian əlaqələri tarixində önəm kəsb edən səfər Müqəddəs Taxt-Tacla Azərbaycan arasında, İslam dünyası ilə əlaqələrin inkişafına öz töhfəsini vermək, yeni imkanlar açmaq baxımından uğurlu və perspektivli olub. A.Paşazadə qeyd edib ki, Vatikandakı görüşlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələrdə maraqlı olduqları və münasibətlərin qurulmasında QMİ-nin bu regiondakı nüfuzundan yararlanmaq istəkləri vurğulanıb.

Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə fikir mübadiləsi aparılıb. QMİ sədri A.Paşazadə qeyd edib ki, bu birlik çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur.

AZƏRTAC