Qlobal problemlərə birgə yanaşma müasir çağırışların tələbidir
Siyasət

Qlobal problemlərə birgə yanaşma müasir çağırışların tələbidir

Bir çox mürəkkəb məsələlərin müzakirəsində fəal iştirakçı olan Azərbaycan konkret mövqeyini nümayiş etdirməklə yanaşı, həyata keçirdiyi tədbirlərlə də diqqət mərkəzindədir

Dünyada quraqlıq, enerji böhranı, ərzaq qıtlığı, ərzaq məhsullarının qiymətlərinin bahalaşması Azərbaycandan da yan keçməyəcək. Bununla bağlı hələ ekspertlər ilin əvvəlindən proqnozlar verirdilər. Bu gün bütün dünyada ərzaq böhranı yaşanır, qida məhsullarının qiyməti artmaqda davam edir. Müasir çağırışlara çevik reaksiya verən, hətta bəşəriyyətin ciddi sınağının astanasında dayanan qlobal təhdidlərə proaktiv yanaşma nümayiş etdirən dövlət başçımız İlham Əliyev məhz bu mürəkkəb və kompleks məsələlərin həllinə geniş spektrdən yanaşma ortaya qoyur. Vurğulayır ki, "dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik". Təbiidir ki, qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində dünyanın çağırışlarının və dəyişkənliyinin tələb etdiyi yeni yanaşmalar ortaq işlənib hazırlanmalıdır. Bu səbəbdən, Azərbaycan son illərdə dünya siyasi arenasında baş verən məsələlərə təsir imkanlarına malik olan nüfuzlu siyasilərin iştirak etdiyi beynəlxalq konfranslara, forumlara evsahibliyi edir.

IX Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək qloballaşan dünyanın mövcud problemlərinə, təhlükəsizlik və dünyanı gözləyən qida böhranı məsələlərinə xüsusi diqqət ayırıb. "Əminəm ki, Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək" - söyləyən ölkə başçısı məsələlərə yeni yanaşmanın vacibliyini və zəruriliyini önə çəkib. Qlobal problemlər heç zaman tək bir ölkənin fəaliyyəti ilə həll edilə bilməz. Odur ki, qlobal problemlərin həlli beynəlxalq əməkdaşlığın yaradılmasını tələb edir. Qeyd edək ki, beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı qlobal iqtisadi artım tempinin azalacağını bəyan ediblər. Növbəti aylarda qlobal iqtisadiyyatda artım faizinin düşəcəyini bəyan edən BVF 2022-ci ildə dünya iqtisadiyyatının 3,6% artacağını proqnozlaşdırır. Halbuki, ötən il dünya iqtisadiyyatı 5,7% böyümüşdü. Hər iki qurumun gözləntiləri nikbin deyil. Qlobal iqtisadiyyatdakı çətinliklər özünü həmçinin, ərzaq bazarında qıtlıq və qiymət artımları ilə göstərir. Rusiya-Ukrayna münaqişəsi qlobal ərzaq bazarındakı tarazlığı pozub. Ukrayna böhranı fonunda yaranan yeni reallıq zəngin Avropa İttifaqı ölkələrini də ərzaq böhranı ilə təhdid etməkdədir. Məsələnin qəlizliyi ondadır ki, sanksiyaya məruz qalan Rusiyadan 2021-ci ildə ən çox kənd təsərrüfatı məhsulu alan məhz Avropa İttifaqı ölkələri olub. Rusiyaya tətbiq olunan sanksiyalar və eləcə də bir sıra ölkələrin ərzaq məhsullarının ixracatındakı qadağalar ərzaq təhlükəsizliyi və təminatı məsələsini daha da aktuallaşdırır. Qərb dairələri bildirirlər ki, Çin dünya bazarından fəal ərzaq almaqla son bir neçə ildə öz ehtiyatlarını 20 faiz artırıb. Pekinin öz ərzaq ehtiyatını ilyarımlıq istehlaka çatdırması bahalaşmanı sürətləndirən amilə çevrilib. Bazarda yaranmış bu yeni çağırış dünyanın ərzaq idxal edən əksər ölkələrini ciddi problem qarşısında qoyub və bu problemin nə vaxt həll ediləcəyi bilinmir.

Ekspertlərin sözlərinə görə, dünyada ərzaq qıtlığı gözlənilmir. Taxıl məhsullarının və duru yağların bahalaşması müşahidə olunur. Bu bahalaşmanın davam edəcəyi ehtimalı var. 2021-ci il bu məsələdə Birləşmiş Millətlər Təşkilatının statistika aparmağa başladığı son 50 il üzrə ən çətin dövr sayılır. Yəni, ərzaq qiymətlərinin, xüsusilə də buğdanın bir ildə 35 faiz, son 2 il yarımda isə 80 faiz bahalaşması dünya ərzaq bazarı üçün son 50 il üzrə ən ciddi çağırış sayılır. Azərbaycan da bir sıra ərzaq məhsullarının əhəmiyyətli hissəsini xaricdən alır və bu baxımdan da idxal inflyasiyası qaçılmazdır. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq. Ölkəmizdə vəziyyətə gəldikdə, ərzaq ehtiyatının yaradılması ilə bağlı çox ciddi addımlar atılıb, gərginlik proqnozlaşdırılmır. Təhlilçilər taxıl üçün başqa bazarların olduğunu deyir və əmindilər ki, ölkədə buğda qıtlığı yaşanmayacaq. Bundan başqa, payızda ölkədə 1 milyon 15 min 685 hektar sahədə taxıl əkilib. Dövlət tərəfindən fermerlərə istehsalın bütün mərhələlərində, o cümlədən güzəştli şərtlərlə texnikanın alınmasında dəstək və ya subsidiyalar verilir. Azərbaycanın nəinki özünü ərzaqla təmin etmək, hətta onu ixrac etmək potensialı var. Taxıl alınmasında daha bir seçim variantı kimi Qazaxıstan da var. Dünya iqtisadiyyatında isə resessiya təhlükəsi getdikcə böyüyür. Artıq ayrı-ayrı analitik mərkəzlər deyil, beynəlxalq təşkilatlar da qlobal iqtisadiyyatın 2022-ci ilin sonlarına doğru ciddi durğunluq və geriləmə mərhələsinə qədəm qoyacağına eyham edirlər.

Qeyd edək ki, hələ 2020-ci ildən etibarən COVID-19 pandemiyasının dünyada yayılması 2008-ci ildə baş vermiş maliyyə böhranından sonra dünya iqtisadiyyatında ən böyük daralmaların yaranmasına və iqtisadi inkişafın əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb oldu. Pandemiyanın yaratdığı mənfi iqtisadi nəticələrin hələ uzun müddət hiss ediləcəyi gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürür. Koronavirus pandemiyasının müşahidə edildiyi ilk zamanlarda Prezident İlham Əliyev tərəfindən qlobal əhəmiyyətə malik təşəbbüslər irəli sürülüb, regional və beynəlxalq səviyyədə resursların səfərbər olunması zərurəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu mütərəqqi ideya və təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması isə Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir. Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı ilk gündən məsələnin qlobal problem olduğunu önə çəkərək qlobal yanaşma ortaya qoymağa, səyləri birləşdirməyə çağırışları təqdir olundu. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən tədbirlərə, həmçinin 30-dan artıq ölkəyə maddi və humanitar yardım, "peyvənd millətçiliyi" məsələsi ilə bağlı narazılığını ifadə etməsi bunu bir daha sübut edir. Təhlükəsizlik məsələlərinin beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas müzakirə mövzusunun birinə çevrildiyini qeyd edən Prezident İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda deyib ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Qlobal Bakı Forumu bunun üçün müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv, mükəmməl platformadır, bu, belə də olmalıdır. Ölkəmizin təşəbbüsü ilə gündəmə gətirilən hər bir məsələnin müzakirəsində fəal iştirakçı olan Azərbaycan konkret mövqeyini nümayiş etdirməklə yanaşı, bu istiqamətdə göstərdiyi səylərə, həyata keçirdiyi tədbirlərə də diqqət yönəltmək imkanlarına malikdir. Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilməklə beynəlxalq münasibətlər sistemində artan rolunu və nüfuzunu təsdiq edir. Bir mühüm məqamı da nəzərə alsaq ki, hazırda Azərbaycan qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edir, yeni əməkdaşlıq formatlarının müəllifidir, bu halda dünyanı narahat edən məsələlərin, qlobal problemlərin ölkəmizdə müzakirəsi daha diqqətçəkən, təqdirəlayiq haldır, həm də ölkəmizin yaratdığı yeni reallıqların qəbulu və dəstəklənməsidir.

Mustafa KAMAL,

"Respublika".