Qlobal nəqliyyat marşrutları ölkəmizdən keçir
Digər xəbərlər

Qlobal nəqliyyat marşrutları ölkəmizdən keçir

Azərbaycanın sosial-iqtisadi sahədə son illər əldə etdiyi nailiyyətlər göz önündədir. Dünyanın bir çox nüfuzlu maliyyə qurumları tərəfindən bu, etiraf edilir. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin nüfuzu gündən-günə artır. Hazırda Azərbaycan beynəlxalq arenada öz yeri, çəkisi olan etibarlı tərəfdaşdır. Ölkəmizin region ətraf ölkələrlə bağladığı iqtisadi-siyasi sazişlər, bölgədən keçən qonşu dövlətlərlə ölkəmizi birləşdirən dəhlizlər xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizi ilə yanaşı, qaz dəhlizlərinin mövcud olması, iki daha çoxtərəfli bəyanatların imzalanması Azərbaycanın gücünə güc qatır. Bu gün bir çox beynəlxalq layihələr, nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Qonşu ölkələrin əməkdaşlıq baxımından bizi seçməsi Ermənistana üz tutmaması onun iqtisadi sahədə zəifliyindən xəbər verir.

İqtisadçı-ekspert Eyyub Kərimli bildirir ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan dalana düşüb: "Hayastan uzun illər Azərbaycan torpaqlarını işğal etməklə öz iqtisadiyyatını məhv etmişdir. Bütün regional kommunikasiya, tranzit xətləri böyük qlobal enerji xətlərindən kənarda qalmışdır. Hazırda tranzit gəlirlərdən məhrum vəziyyətdədir. Bu baxımdan Ermənistan özünü işğalçılıq siyasəti nəticəsində təcrid vəziyyətinə salıb. Bu da onların iqtisadiyyatına, xarici gəlir mənbələrinə mənfi təsir göstərib. Bu gün Ermənistan iqtisadiyyatı demək olar ki, böyük problemlərlə, inflyasiya, geriləmə ilə üzləşir. Hayastan əgər qonşularına müsbət yanaşsaydı, bu gün o da ölkəmiz kimi bütün enerji layihələrində iştirak edə bilərdi. Bu gün biz bunu Gürcüstanın timsalında görürük ki, Gürcüstan Azərbaycandan həm Bakı-Tbilisi-Ceyhan neft kəməri, həm Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə böyük gəlirlər, tranzit haqlar, güzəştlər əldə edir öz iqtisadiyyatını inkişaf etdirir. Sözsüz ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti getdikcə artır. Həm logistik, həm tranzit imkanları genişlənir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub istiqaməti üzrə böyük nəqliyyat dəhlizi yaradır. Bu da əlbəttə ki, gələcəkdə daha çox inkişaf etdiriləcək. Burada böyük yük axınları nəzərdə tutulub. Bu baxımdan Ermənistanın özünü təcrid vəziyyətinə salması yalnız onun iqtisadiyyatını məhv etməklə, həm böyük gəlirlərdən məhrum edir".

Töhfə SƏMƏDOVA,

"Respublika".