Qlobal layihə və təşəbbüslər fəal əməkdaşlığa,dinamik inkişafa zəmin yaradır
Siyasət

Qlobal layihə və təşəbbüslər fəal əməkdaşlığa,dinamik inkişafa zəmin yaradır

Bu baxımdan "Bir kəmər, bir yol" strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayırAzərbaycanın dəmir yolları səmərəliliyinə görə dünyada ilk yerlərdən birini tutur. Bu amil Mərkəzi Asiya ölkələrinin iqtisadi əlaqələrinin daha da  genişlənməsində müstəsna rol oynayır. Bu dəmir yolları Cənub-Şərqi Asiya və Cənubi-Şərqi Avropa arasında ticarəti inkişaf etdirir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dəmir yolu nəqliyyatının inkişafı və ümumilikdə milli iqtisadiyyatın gücləndirilməsi istiqamətində böyük bir siyasət yürüdür. Yeri gəlmişkən, xatırladaq ki, Çin 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılmasına və qarşılıqlı iqtisadi əlaqələrin qurulmasına yönəlmiş "Bir kəmər, bir yol" adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: "İpək Yolu İqtisadi Kəməri" və "Dəniz İpək Yolu". Söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan "Bir kəmər, bir yol" strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Zəngəzur dəhlizi Çinin "Bir kəmər, bir yol" nəqliyyat layihəsinə töhfə verəcək.

Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var. Dövlət başçısı qeyd edib ki, 2015-ci ildə Çinə səfəri zamanı bir çox mühüm sənədlər imzalanıb. Bunların sırasında iki ölkə arasında imzalanmış "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var. Azərbaycan coğrafi yerləşmədən istifadə edərək, ölkənin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırdı və bununla da beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdi. Dövlət başçısı qeyd edib ki, bizim ölkə tarixi İpək Yolu üzərində yerləşir. Müasir infrastrukturun yaradılması əsas hədəflərimizdəndir. Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Azərbaycan hər iki layihədə fəal iştirak edir və bu istiqamətdə bir sıra təşəbbüs irəli sürüb. "Bir kəmər, bir yol" layihəsinə toxunan İlham Əliyev bildirib ki, "Əminəm ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır. Bu layihələr geosiyasi vəziyyətə təsir edir, sabitliyə və proqnozlaşdırıla bilməyə töhfə verir və qarşılıqlı asılılıq yaradır.  Qonşularsız biz tranzit ölkəyə çevrilə bilmərik. Yəni, bu, dövlətlərdən ibarət zəncirdir və biz Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərindəyik. Bununla da biz qitələri və ölkələri birləşdirir və daha da proqnozlaşdırıla bilən gələcək qururuq".

2019-cu il aprel ayının 24-də Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak etmək üçün bu ölkəyə işgüzar səfər  edib. Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşündə iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Si Cinpin Azərbaycanın Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biri və "Bir kəmər, bir yol" layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən olduğunu xüsusi qeyd edib: "Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Sizinlə birlikdə ortaq səylərimizlə "Bir kəmər, bir yol" layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram". "Bir kəmər, bir yol" beynəlxalq forumunun əhəmiyyətini vurğulayan Azərbaycan Prezidenti  İlham Əliyev qeyd edib ki, ölkəmiz əvvəldən bu layihəni dəstəkləyir və irəli sürdüyü təşəbbüslər çərçivəsində onun reallaşdırılmasına stimul verir. Azərbaycan Avropanın və Qərbi Asiyanın inkişafı üçün əsas amilin təhlükəsizlik olduğunu dünyaya göstərib. Bununla yanaşı, Azərbaycan hökuməti 2005-2006-cı ildə Türkiyə və Gürcüstanla birgə böyük logistik və nəqliyyat layihələri həyata keçirib.

Onu da qeyd etmək lazımdır ki, bir müddət əvvəl Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Çindən Avropaya ilk 850 metr uzunluğunda yük qatarı göndərilib. Onun yükü 76 kubmetr və elektron komponentləri daşıyan 42 konteynerdən ibarət olub. BTQ Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi "Bir kəmər,  bir yol" iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilir. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: 60-dan çox ölkəni əhatə edən İpək Yolu İqtisadi Kəməri və Dəniz İpək Yolu. İpək Yolunun uzunluğu 18 min kilometrdir. Söhbət Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizi yaradılmasından gedir. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən BTQ, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri "Bir kəmər, bir yol" təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Onun sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu, o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Layihə həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirir.

Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir. Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir "Bir kəmər, bir yol" strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" mövzusunda sessiya keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər. Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə söhbət zamanı deyib: "Azərbaycan "Şərq-Qərb" Nəqliyyat Dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz əlbəttə ki, Çin hökumətinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız "Şimal-Cənub" dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb".

Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Həmçinin bu dəmir yolu "Bir kəmər, bir yol" strategiyasının səmərəliliyini də artıracaq. Ona görə də, Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Bir sözlə, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur. Bu barədə ekspertlərin ümumi rəyi belədir ki, "Bir kəmər, bir yol" layihəsi region üçün qlobal əhəmiyyət daşıyan layihələrdən biridir. Burada söhbət Çindən başlayan və Avropaya qədər uzanan yoldan gedir. Layihənin mahiyyəti ondan ibarətdir ki, Çindən yola çıxan sürücü az zaman itirməklə Avropaya qədər gedib çıxa bilsin. Bir kəmər, bir yol" Azərbaycan üçün vacibdir. Bu xəttin Azərbaycandan keçməsi nəzərdə tutulur. Xəzərin statusu müəyyənləşdikdən sonra sözügedən təşəbbüsün Azərbaycan ərazisində reallaşması imkanları xeyli artıb. Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından bu layihə çox əhəmiyyətlidir. Son illər "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri çərçivəsində Azərbaycandan həyata keçirilən beynəlxalq yükdaşımaların həcmində artımlar var. Ölkəyə daxil olan yüklərin təxminən 90 faizi tranzit olaraq digər ölkələrə aparılır. "Elektron xidmətlərdən istifadə olunması, prosedurların sadələşdirilməsi Azərbaycanı beynəlxalq yükdaşımaları baxımından cəlbedici edir. Azərbaycan Gürcüstan və Qazaxıstanla vahid tarifin tətbiq edilməsi ilə bağlı razılıq əldə edib. Bu da iş adamları üçün beynəlxalq yükdaşımalar baxımından çox vacibdir. Azərbaycan Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında "Ro-Ro" terminalını istifadəyə verib. Bu da yükdaşımalarda vaxta qənaət edilməsi baxımından mühüm addımdır. "Bir kəmər, bir yol" layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, fərqli mənbələrdən daxilolmanın artırılması baxımından çox vacibdir. Layihə Azərbaycanın dövlət gəlirlərinin artması ilə yanaşı, ölkəyə daxil olan valyuta həcminin artmasına da müsbət təsirini göstərəcək.

Mustafa KAMAL,

"Respublika".