Qlobal ərzaq qıtlığı və liberal iqtisadi tələblər
İQTİSADİYYAT

Qlobal ərzaq qıtlığı və liberal iqtisadi tələblər

Dünyada baş verən proseslər belə deməyə əsas verir ki, bu vəziyyət ölkələr üçün iqtisadi və social çətinliklər yaradır

Dünyada baş verən proseslər belə deməyə əsas verir ki, qlobal ərzaq qıtlığı, qiymət artımları 2022-ci ilin önəmli iqtisadi və sosial çətinliyi olaraq qalır.  Dünya sadəcə qiymət artımı ilə deyil, həmçinin ərzaq qıtlığı ilə də üz-üzədir. Mövcud durumda hər bir ölkə bu mərhələdən daha az itki ilə çıxmağa çalışır. Bir sıra ölkələrdə ərzaq qıtlığı problemi yaşanır. BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə həyəcan təbili çalır. Müharibə 68 milyard 240 milyon dollarlıq illik ixracatı olan Ukraynanın eksport imkanlarını praktik olaraq minimallaşdırıb. 332 milyard 200 milyon dollar illik ixracatı olan Rusiyanın bir sıra ərzaq məhsullarını yalnız daxili istehlaka yönəltməsi də qlobal bazarda təklifi azaldıb. Ərzaq tələbi isə artmaqda davam edir.

Hazırda iqlim dəyişməsi planetin bütün bölgələrində müşahidə olunur, bu proses getdikcə daha da intensivləşir, yaranan tendensiyalardan bəziləri isə hər halda bu mərhələdə artıq qaçılmazdır. Hökumətlərarası ekspertlər qrupunun məruzəsində qeyd edilir ki, insan fəaliyyətinin səbəb olduğu iqlim dəyişməsi artıq bu gün planetimizin bütün bölgələrində çoxsaylı ekstremal hava hadisələrinə gətirib çıxarır. İqlim dəyişikliyi qitədəki hər bir ölkəyə təsir edir. Bu, milli iqtisadiyyatları pozur və həyat səviyyəsinə təsir edir, insanlar, cəmiyyətlər və ölkələr üçün bu gün və hətta gələcəkdə baha başa gəlir. Qlobal ərzaq inflyasiyasını tətikləyən əsas səbəblər koronavirus pandemiyası, anomal hava şəraiti (quraqlıq, sel) və Ukraynada baş verən hadisələrdir. Sonuncu faktor bu gün birbaşa olaraq qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Çünki qeyd etdiyimiz kimi, Ukrayna və Rusiya qlobal ərzaq təminatında əhəmiyyətli pay sahibidirlər. BMT, Aİ, ərzaq böhranlarının aradan qaldırılmasında iştirak edən hökumət və qeyri-hökumət təşkilatlarının beynəlxalq alyansı olan Qlobal Qida Böhranı Şəbəkəsinin hesabatına əsasən, münaqişə, iqtisadi şoklar və ekstremal hava hadisələrinin "üçlü zərərli kombinasiyası" 53 ölkədə ən azı 193 milyon insanı aclıq təhlükəsi ilə üz-üzə qoyub. Bu rəqəmlər həm də narahatedici tendensiyanın kəskin xəbərdarlığıdır.

"Hər kəs yaxşı bilir ki, hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlamışdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib. Rusiya-Ukrayna qarşıdurmasının bunu daha da sürətləndirdiyini bildirən dövlət başçısı qeyd edib ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçılarıdırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. Ona görə də indi artıq təbii qıtlıq hiss olunur və bundan sonra da hiss olunacaq. Ciddi ərzaq təhlükəsizliyi son bir neçə ildə durmadan artır. Rusiya-Ukrayna qarşıdurmasının başlanması dünyanın təkcə geosiyasi arxitekturasını dəyişməmiş, eyni zamanda planetimizin geoiqtisadi mənzərəsini də tanınmaz hala salmışdır. Bu müharibənin birbaşa nəticəsi olaraq ABŞ başda olmaqla kollektiv Qərb Rusiyaya qarşı total sanksiyalar rejmi tətbiq etmişdir. Bu proses davam etməkdədir. Dünya taxıl ixracında birinciliyi qoruyub saxlayan Rusiyanın iqtisadi təlatümlərinin özüylə qlobal aclıq və səfalət gətirəcəyi də ciddi narahatlıqlar üçün zəmin yaradır.

Mütəxəssislərin fikrincə, dünya bazarındakı qiymət artımları fonunda Azərbaycanda idxal inflyasiyası qaçılmazdır. Bu, ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-inflyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya qarşıdurması başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən birbaşa asılı olacaq. Rusiyaya tətbiq olunan sanksiyalar və eləcə də bəzi ölkələrin ərzaq məhsullarının ixracatındakı qadağalar ərzaq təhlükəsizliyi və təminatı məsələsini daha da aktuallaşdırır. 2025-ci ilədək dünya bazarında ərzağa tələbin artmaqda davam edəcəyi gözlənilir. Hətta bir neçə il sonra qlobal bazarda daha ciddi qıtlığın olacağı istisna deyil. Reallıq olaraq onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda iqtisadiyyat tədricən liberallaşmağa, daha çox sərbəst bazar iqtisadiyyatının tələblərinə uyğun inkişaf etməyə doğru gedir. Bu, çox müsbət və hər kəsin arzu etdiyi haldır. Lakin bu zaman həm də müəyyən risklər yaranır. Bu risklər isə dünyada baş verən bütün iqtisadi proseslərin dövlətin dəstək süzgəcləri olmadan birbaşa vətəndaşa təsir risklərinə səbəb olur. Ölkəmiz isə həm qida üçün buğda, həm də heyvan üçün taxıl məhsulları baxımından idxaldan asılıdır. Ona görə də un və un məhsullarının, xüsusən ölkə əhalisinin ən çox istehlak etdiyi çörəyin də qiymətinin artması ehtimalı gündəmdədir.

Azərbaycan bir sıra ərzaq məhsullarının böyük hissəsini xaricdən alır və bu baxımdan da idxal inflyasiyası qaçılmazdır. Ekspertlər bildirirlər ki, dünya bazarı ilə müqayisədə taxıl və unun qiymətində çox kiçik miqdarda bahalaşma ola bilər. Azərbaycan hökuməti lazımi tədbirlər görür ki, böyük bahalaşma olmasın. Ölkədə də kifayət qədər taxıl ehtiyatı var. Lakin Azərbaycan bazarı dünya bazarının bir parçası olduğu üçün taxıl məhsullarının, o cümlədən unun qiymətinin qalxması labüddür. Azərbaycanda kiçik qiymət artımları baş verə bilər ki, bu da bazarın tələbidir. İstehlakçılar da buna hazır olmalıdır. Qeyd edək ki, un istehsalçıları çörək və un məmulatlarının qiymətinin bu il taxılın biçin-tədarük dövrünədək göstərilən səviyyədən yuxarı qalxmaması üçün bütün mümkün tədbirlər görüblər və ötən illər ərzində ərzaqlıq buğdanın qiymətində bahalaşma baş versə də, unun qiymətində artım olmayıb. Buna baxmayaraq, əsas idxal bazarlarında taxılın qiymət dinamikasında artımın davam etməsi qiymətlərin yenidən uyğunlaşdırılmasına zəruriyyət yaratmışdır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, siyasi və hərbi münaqişələr səbəbilə dünya bazarlarında ciddi qiymət və tədarük riskləri Azərbaycanda da un və çörəyin qiymətinə təsir göstərib. Hazırda daxili bazarda unun və nəticə etibarilə, çörəyin qiymətində artım müşahidə olunur. Belə ki, idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri  50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat müəyyənləşdirilib. Ancaq bu bahalaşma fonunda hökumətin müvafiq addımlar atacağı  istisna edilmir.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Bu məqsədlə, aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan yeni dəstək tədbirləri həyata keçirilir. Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər işğal altında qalan torpaqların azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması məqsədilə yeni hədəflərin müəyyən edilməsinə imkan verib. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Rusiya-Ukrayna qarşıdurması isə bir daha göstərdi ki, yeganə dayanıqlı yol idxaldan asılılığın azaldılması və tələbin daha çox yerli istehsal hesabına ödənilməsidir. Bu kontekstdən xüsusilə işğaldan azad olunan ərazilərimizin məhsuldar torpaqlarının daha qısa zamanda əkin fonduna daxil edilməsi vacibdir. Görünən odur ki, dünya bazarında qiymət artımları ilə yanaşı, bəzi ərzaq məhsullarının qıtlığı problemi hələ davam edəcək.

Mustafa KAMAL,

"Respublika".