Qlobal dizaynın dəyişdirilməsi problemləri həll edəcəkmi?
Digər xəbərlər

Qlobal dizaynın dəyişdirilməsi problemləri həll edəcəkmi?

Son dövrlərdə ölkələrin xarici siyasətinin dəyişməsi çox sürətli bir prosesə çevrilib. Ümumilikdə,  fundamental hesab olunan dəyişikliklərə isə hər bir ölkə öz aspektindən yanaşaraq müəyyən münasibətlərini bildirirlər. Mövcud olan qlobal dəyişikliklər beynəlxalq arenada təhlükəsizliyin təminatınının vacib olduğunu göstərir. Hər nə qədər beynəlxalq düzəndə təhlükəsizlik məsələləri prioritet hesab olunsa da, yenə də ədalətsiz yanaşmalar öz reallığını qoruyur.

2022-ci il noyabrın 25-də Bakıda keçirilən "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı bu barədə  demişdir: “Sizə deyə bilərəm ki, işğal dövründə biz hər zaman müəyyən mənada, yumşaq desək, məyus olurduq ki, postsovet məkanında münaqişələrə fərqli münasibət var. Gürcüstan və Moldovada münaqişə ilə bağlı, hətta Ukraynadan əvvəl, bu ölkələrin ərazi bütövlüyünə dəstək tamamilə açıq şəkildə ifadə olunurdu. Azərbaycana gəlincə, biz heç vaxt vasitəçilərdən belə açıq yanaşma və ya bəyanat eşitməmişik”.

Digər tərəfdən, ölkə başçımız 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsi zamanı Praqa görüşü barədə sualı cavablandırarkən yeni dünya düzəninin yaradılmasının vacibliyini vurğulamış, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın, habelə, Rusiya-Ukrayna münaqişəsi zamanı dünyanın dəyişkənliyi məsələsinə toxunmuşdur.

Faktlara əsaslanaraq iddia etmək mümkündür ki, məsələ Azərbaycanın Qarabağ problemi olduğu zaman beynəlxalq arena sükuta qərq olurdu. Ölkə başçımızın da qeyd etdiyi kimi, müxtəlif ölkələrin ərazi bütövlüyünə selektiv yanaşmalar mövcuddur ki, bu da bizi məyus edir. İstər BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, istərsə də Helsinki Yekun Aktı barədə Azərbaycan heç bir tutarlı və əsaslı cavabla təmin olunmamışdır.

Qlobal problemlərdən biri olan Rusiya-Ukrayna müharibəsi başladığı andan etibarən demək olar ki, dünyanın bütün gündəmini müharibənin gedişatı, irəliləyən dövrlərdə baş verə biləcəklər, müxtəlif proqnozlar zəbt etmişdi. Dünyanın müxtəlif yerlərindən müharibəyə münasibət bildirildi, müəyyən tədbirlərin görülməsi üçün müxtəlifyönlü təşəbbüslər irəli sürüldü. Xatırladaq ki, qlobal aləmdə baş verən müharibələr və bunların nəticəsində pozulan ölkələrarası əlaqələr, eyni zamanda insan faciələri üçün əlbəttə ki, dünyada sülh və əmin-amanlıq yaratmağa qadir və borclu olan iri dövlətlər, beynəlxalq təşkilatlar məsuliyyət daşıyırlar. Çünki bu dövlətlər yer üzərində demokratiyanın, insan haqlarının, azadlıq və bərabərliyin təmsilçiləri olaraq çıxış edərək  güc  mərkəzləri kimi hadisələrə təsir etmək imkanına malikdirlər. Lakin İkinci Qarabağ müharibəsi zamanı baş verən hadisələr xarici mediada işıqlandırılarkən bəzən təhriflərə məruz qalmışdır. Təsadüfi deyil ki, məhz qlobal dünyadakı yanaşma özünü media sahəsində də açıq şəkildə büruzə verir. İstər müxtəlif beynəlxalq təşkilatlar, istərsə də özlərini  “ədalət keşikçiləri” adlandıran ölkələrin bəziləri qədim dövlətçilik tarixinə malik olmalarına baxmayaraq, digər ölkələri istismar etmək, demokratiya pərdəsi altında  xalqlara təsir göstərmək, qarşıdurmalar yaratmaq, müharibələr törətmək, bəşəri dəyərləri, ümumi mənafeləri fərdi qrup mənafelərinə qurban vermək təcrübəsi ilə də yadda qalırlar.

Dünyada olan qlobal düzənin dəyişməsinə, Azərbaycana qarşı edilən haqsızlıqlara baxmayaraq, biz  qələbə qazandıq, ərazi bütövlüyümüzü təmin etdik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, mövcud vəziyyəti dəyişən beynəlxalq hüquq, BMT, Ermənistanın konstruktiv yanaşması deyil, bizim ordumuz, xalqımız və siyasi iradəmiz oldu.

                                           Nurlan ABDALOV,

                                              “Respublika”.