Qlobal Bakı Forumunun yeddinci panel iclası: “Gənclər danışır, biz düşünürük
Ekologiya

Qlobal Bakı Forumunun yeddinci panel iclası: “Gənclər danışır, biz düşünürük"

"COVID-19-dan sonrakı dünya" mövzusunda keçirilən VIII Qlobal Bakı Forumu noyabrın 5-də işini panel iclasları ilə davam etdirib.

AZƏRTAC xəbər verir ki, Forumun "Gənclər danışır, biz dinləyirik" mövzusunda keçirilən yeddinci panel iclasında gənclərin dünyadakı qlobal problemlərə və onların həllinə baxışları müzakirə olunub.

Əvvəlcə moderator - 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı olmuş Katerina Yuşşenko müzakirə edilən məsələlər haqqında qısa məlumat verib. Bildirib ki, iştirakçılar - gənc liderlər qlobal boşluqlarla bağlı fikirlərini bölüşəcək, iştirakçıları maraqlandıran sualları cavablandıracaqlar.

Qeyd olunub ki, forumda müzakirə edilən məsələlər, tövsiyə olunan istiqamətlər gələcək nəsillərin yaşayıb işləyəcəyi mühiti formalaşdıracaq. Buna görə də qərar qəbul edərkən gənclərin fikirlərini dinləmək çox vacibdir. Biz onlardan yeni tendensiyalar, dəyərlər, perspektivlər və texnologiyalar haqqında çox şey öyrənə bilərik ki, bu da daha yaxşı qərarlar qəbul etməyə və daha davamlı strategiyalar hazırlamağa ruhlandıra bilər. Qlobal Bakı Forumunda iştirak edən gənc liderlər gələcək nəslin ən yaxşı və parlaq nümayəndələrini təmsil edirlər.

Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlax çıxış edərək, bu gün dünyanın, xüsusən də Moldova gənclərinin qarşılaşdığı problemlərdən söz açıb. Bildirib ki, yaşadığın ölkədə əmin-amanlığın olması, iqtisadi-siyasi inkişaf, azad düşüncə, əlçatan və keyfiyyətli təhsil, xoşbəxt və firavan həyat hər bir gəncin gələcəyi ilə bağlı xoş arzusudur. O, gəncləri daha gözəl bir dünya naminə siyasi və mənəvi yüksəlişə səsləyib.

Sonra gənc liderlər dünyanın qarşılaşdığı başlıca problemlər - sülh və təhlükəsizlik, qlobal iqlim dəyişikliyi, ekoloji təhlükəsizlik, enerji təhlükəsizliyi, ərzaq çatışmazlığı, qida təhlükəsizliyi, əlçatan və keyfiyyətli təhsil, dördüncü sənaye inqilabının üstünlükləri və bəşəriyyət üçün təhdidləri, süni intellektin tətbiqi vasitəsilə yaradılmış yeni nəsil silahların bəşəriyyət üçün yarada biləcəyi təhlükələr ətrafında geniş müzakirə aparıblar.

Çıxışlarda müasir dövrdə ali təhsildə qlobal tendensiyalara və dəyişən paradiqmalara diqqət yetirilib, təhsildə və gənc nəslin tərbiyəsində yeni modellərin, yanaşmaların və sistemlərin tətbiqi, o cümlədən təhsilə, qadın təhsilinə diqqətin artırılmasının vacibliyi vurğulanıb.

Gənc liderlər qlobal istiləşmənin və iqlim dəyişikliyinin qarşının alınmasında dövlətlərin ekoloji təhlükəsizlik üçün daha optimal, alternativ enerji mənbələrinin axtarılmasına, onların istifadəsinin tətbiqinə, ətraf mühitə atılan tullantıların utilizasiyasına diqqət yetirməli olduğunun vacibliyini qeyd ediblər.

Müzakirələrdə aşağı inkişaf səviyyəsində olan ölkələrdə qadın hüquqlarının müasir vəziyyəti, qız uşaqlarının oğurlanması, qadınların təhsildən kənar qalması kimi məsələlərə də diqqət ayrılıb.

AZƏRTAC