Qlobal Bakı Forumunun birinci panel iclası “COVID-19-dan sonra yeni dünya nizamı
İQTİSADİYYAT

Qlobal Bakı Forumunun birinci panel iclası “COVID-19-dan sonra yeni dünya nizamı" mövzusuna həsr olunub

Azərbaycan paytaxtında "COVID-19-dan sonrakı dünya" mövzusunda keçirilən VIII Qlobal Bakı Forumu noyabrın 4-də açılış mərasimindən sonra işini panel iclasları ilə davam etdirib.

AZƏRTAC xəbər verir ki, Forumun birinci panel iclası "COVID-19-dan sonra yeni dünya nizamı" mövzusuna həsr olunub.

İclasda COVID-19-dan sonra siyasi landşaft, postkonflikt idarəçilik, qlobal idarəetmə, qlobal təhlükəsizlik, dəyişən dünyada Çinin rolu, "Böyük Yeddilik" və "Böyük İyirmilik" formatları, qlobal iqtisadiyyat və ticarət, təbii resurslar uğrunda mübarizə, qeyri-bərbərlik, insan haqları, ətraf mühit və sabit iqtisadi inkişaf məsələləri müzakirə edilib.

Əvvəlcə, moderator - 2008, 2009-2011-ci illərdə Belçikanın Baş naziri olmuş İv Löterm müzakirə olunan məsələlər haqqında qısa məlumat verib. O bildirib ki, iştirakçılar COVID-19-dan sonrakı yeni dünya nizamını müzakirə edəcəklər. Bu gün dünyada COVID-19-dan sonrakı vəziyyətlə bağlı iki cür fikir formalaşıb. Bir çox siyasətçilər postpandemiya dövründəki vəziyyətə nikbin yanaşsalar da, digərləri bunun əksini söyləyirlər. Təhlillər göstərir ki, pandemiya hələ də dünya iqtisadiyyatına mənfi təsirini göstərir. Yeni qlobal vəziyyət dünyada bəzi sahələrin inkişafını şərtləndirsə də, bir çox sahələrin inkişafı üçün təhdidlər yaradır.

Qeyd edilib ki, panel iclasında ABŞ iqtisadiyyatı qarşısında hələ də həllini gözləyən məsələlər, Çin iqtisadiyyatının post-pandemiya dövründəki inkişafı, bu ölkədəki demoqrafik vəziyyət, Avropa İttifaqı, Əfqanıstan, Şimali Koreya, İran və digər ölkələrdə, o cümlədən həmin regionlarda baş verən siyasi proseslər, eləcə də Cənubi Qafqazda uzun illər həllini tapmamış münaqişənin başa çatması, postmüharibə dövründə Qafqazda etimad mühitinin yaradılması istiqamətində görüləcək işlər, planetar miqyasda iqlim dəyişmələri nəticəsində yaranan problemlərin aradan qaldırılması üçün birgə həll yollarının axtarılması istiqamətində Birləşmiş Millətlər Təşkilatının təsir imkanları, bu təşkilatın özünün daxilində islahatların aparılmasının zəruriliyi geniş müzakirə olunacaq.

2001-2011-ci illərdə Ərəb Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri olmuş Əmr Musa çıxış edərək bu gün dünyanın ən böyük təsisatı olan BMT-nin planetar miqyasda bir çox problemlərin həllindəki rolundan danışıb. O, təəssüflə bildirib ki, pandemiya hələ başa çatmayıb. Buna görə də yeni vəziyyət bəşəriyyətin gələcək inkişafına təhdidlər yaradır. Həm pandemiya, həm də digər səbəblərdən beynəlxalq ictimaiyyətin qarşısında hələ də həll olunmamış məsələlər qalır. Bu məsələlərin həllinə BMT öz töhfəsini verməyə çalışır. Bununla belə BMT-nin fəaliyyətində müəyyən çatışmazlıqlar da var. Lakin indi bəşəriyyət beynəlxalq sistemin yenidən qurulmasından deyil, mövcud sistemə yeniliklərin tətbiqi ilə bağlı düşünməlidir.

2016-2018-ci illərdə Türkiyənin Baş naziri, 2018-2019-cu illərdə Böyük Millət Məclisinin sədri işləmiş Binəli Yıldırım çıxışında bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının hazırki tərkibi dəyişilməlidir. Mövcud vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən illərlə uzun-uzadı müzakirə edilə bilməz. Çünki hazırda qarşıda duran çağırışlara hər hansı şərtləri dəyişdirmədən nail olmağa çalışılacaqsa, bu məsələlərin qəti həll yolları tapılmayacaq.

Binəli Yıdırım qeyd edib ki, Sovet İttifaqının dağılması ilə ayrı-ayrı regionlarda problemlər yaranmışdı. Əfqanıstanda, Suriyada, eləcə də bir çox ölkələrdə yaranmış siyasi problemlərin, hərbi qarşıdurmaların BMT tərəfindən vaxtında qarşısının alınmaması sonrakı dövrlərdə yeni mübahisələrin yaranmasına, yaxud da onların dərinləşərək böyük münaqişələrə çevrilməsinə səbəb olmuşdu. Digər tərəfdən, BMT tərəfindən qəbul edilən qətnamələrin yerinə yetirilməməsi və mövcud vəziyyət bu təşkilata etimadın itirilməsinə səbəb olur. İkinci Dünya müharibəsindən sonrakı vəziyyət indiki situasiyaya uyğun gəlmir. Belə ki, bu illər ərzində dünyada yeni siyasi oyunçular meydana gəlib. Hazırkı vəziyyətdə bu dövlətlər dünyadakı sülhə, təhlükəsizliyə və inkişafa öz töhfələrini verə bilərlər. Bunun üçün həmin dövlətlərin beynəlxalq məsələlərin həllindəki iştirakçılığı həll edilməlidir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışında bildirib ki, ötən əsrdə doxsanıncı illərin əvvəlindən, yəni, müstəqilliyinin ilk illərindən başlayaraq Azərbaycan əraziləri qonşu Ermənistan tərəfindən işğala məruz qalıb. Ermənistanın anneksiya siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi 30 ilə yaxın işğal altında qalıb. BMT Ermənistanın işğal etdiyi ərazilərin qeyd-şərtsiz boşaldılması ilə əlaqədar 4 qətnamə qəbul edib. Ötən dövr ərzində Azərbaycan bu işğalın başa çatması üçün bütün danışıqlara müsbət yanaşıb və bu illər ərzində öz ərazilərinin hərbi vasitələrlə deyil, siyasi-diplomatik danışıqlar yolu ilə geri qaytarılması təşəbbüslərinə dəstəyini nümayiş etdirib. Lakin Azərbaycanın 30 ilə yaxın sadiq qaldığı siyasi-diplomatik danışıqlar, xüsusən də bu münaqişənin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərəsiz olub.

Ceyhun Bayramov onu da vurğulayıb ki, BMT tərəfindən qəbul olunmuş hansısa qətnamənin icrası bir neçə gün ərzində təmin edilsə də, təşkilatın Ermənistanın işğal etdiyi torpaqların qeyd-şərtsiz boşaldılması ilə bağlı qətnamələri icrasız qalıb. Bu illər ərzində BMT qətnamələrinin Ermənistan tərəfindən icra edilməməsi, yaxud bunun üçün işğalçı dövlətə heç bir təzyiqin göstərilməməsi Azərbaycan ictimaiyyətində beynəlxalq təşkilata inamı və etimadı azaldıb.

Nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət BMT-nin fəaliyyətində səmərəliliyin olmasında maraqlıdır. Buna görə də BMT çıxardığı hər bir qətnamənin icrasını təşviq etməli və həmin qətnamələrin yerinə yetirilməsinə nail olmalıdır. Xüsusən indiki pandemiya dövründə BMT vaksinlərin ölkələr arasında ədalətli paylanmasını təmin etməli, ədalət və bəşəriyyətin gələcəyi naminə bu istiqamətdə qəti mövqe nümayiş etdirməlidir.

1999-2007-ci illərdə Latviyanın Prezidenti olmuş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxışında bildirib ki, BMT dünya ölkələrini bir araya gətirən, ümumilikdə dünyanı nizamlayan, ümumi oxşar qaydaları müəyyən edən təsisatdır. Məhz bunun üçün bu təşkilatın çıxardığı qərarların, qəbul etdiyi konvensiyaların icrasına diqqət artırılmalıdır. Vayra Vike-Freyberqa qeyd edib ki, hazırda BMT-yə üzv 200-ə yaxın ölkədən yalnız 5 ölkə Təhlükəsizlik Şurasında təmsil olunur.

Avropa İttifaqının da regional hadisələrə təsirindən danışan Vayra Vike-Freyberqa deyib ki, İkinci Dünya müharibəsindən sonra Avropanın siyasi xəritəsində xeyli dəyişiklik baş verib. Yeni üzvləri qəbul etdikdən sonra Avropa İttifaqı özü xeyli genişlənib. Bununla belə, hazırda Avropa İttifaqı daxilində eyni təşkilatda təmsil edilən dövlətlər arasında da bir-birinə qarşı ədalətsizlik mövcuddur. Mövcud vəziyyətin aradan qaldırılması üçün həm BMT, həm də Avropa İttifaqının idarəetməsində islahatlara ehtiyac var. Bunun üçün Avropa özünün müsbət tarixi ənənələrindən və ədalət prinsipindən bəhrələnməlidir.

2015-ci ilin Nobel Sülh Mükafatı Laureatı Ouided Bouchamaoni çıxışında deyib ki, mövcud dünya əvvəlki dünyadan çox fərqlidir. İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə yalnız xammal mənbəyi kimi baxmamalıdır. İndi həmin ölkələrdə yaşayan insanlar özlərinin təhsillərini və gələcəklərini düşünür, bunun üçün yeni tərəfdaşlar axtarırlar. İkinci Dünya müharibəsindən sonra və Sovet İttifaqının dağılması ilə bir çox ölkələr özlərinin milli iqtisadiyyatlarını qurub və inkişaflarını təmin ediblər. Yaponiya, Braziliya, Türkiyə kimi ölkələrin iqtisadi inkişafı imkan verir ki, onlar BMT çərçivəsində beynəlxalq siyasi qərarların qəbuluna və dünya nizamına öz töhfələrini versinlər.

Qadın təhsilinin vacibliyindən danışan Ouided Bouchamaoni bildirib ki, bu məsələnin inkişafı üçün səylər artırılmalı, bütün sahələrdə qadınların rolu tanınmalıdır. Belə ki, idarəetmə strukturlarında dəyişikliklər etməklə qadınların fəaliyyətinə daha çox yer ayrılmalıdır.

AZƏRTAC