Qlobal Bakı Forumunda bir çox vacib məsələlər diqqət mərkəzində
Digər xəbərlər

Qlobal Bakı Forumunda bir çox vacib məsələlər diqqət mərkəzində

Orta və Şimal-Cənub dəhlizi üzərində daşınan yüklərin həcmi artırılır

Azərbaycan 2013-cü ildən keçirilən Qlobal səviyyəli Bakı Forumuna növbəti dəfə evsahibliyi edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

X Qlobal Bakı Forumunu açıq elan edən Prezident İlham Əliyev çıxış edərək bir çox məsələlərə toxunub. Daha sonra Latviya Respublikasının Prezidenti Egils Levits, Timor-Leste Demokratik Respublikasının Prezidenti Xose Ramos Horta, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima tədbirdə çıxış ediblər. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun videomüraciəti ilə yanaşı, İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubları oxunub.

Prezident İlham Əliyevin himayəsi ilə belə bir Forumun baş tutması onu göstərir ki, beynəlxalq aləm və dünya üçün ölkəmizin önəmi çox yüksəkdir. Bu günə qədər keçirilən Qlobal Bakı Forumlarında bir çox vacib məsələlər müzakirə olunub. Forumda bu günə qədər qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunur.

Yeni dünya nizamında Azərbaycanın rolunun artması, beynəlxalq aləmin gündəliyinin əsas mövzularından biridir. Son illər ölkəmizin artan nüfuzu, qlobal səviyyədə keçirilən panel müzakirələrinə dəvət alması və irimiqyaslı tədbirlərə evsahibliyi etməsi təsadüfi hal deyil. Son bir ildə ölkəmizin tranzit-logistika sahəsində önəmi xeyli artıb. Elə bu gün keçirilən X Qlobal Bakı Forumunda dövlət başçısı bu məsələyə də toxunub.

Mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Cənubi Qafqazdan keçməsi Azərbaycana əlavə dividendlər gətirib. Azərbaycana bu sahədə duyulan ehtiyaca dərhal adekvat cavab verən dövlətimiz nəqliyyat-infrastruktur sahəsində yeni layihələr həyata keçirir. İstər Orta, istərsə də Şimal-Cənub dəhlizi üzərindən daşınmada yüklərin həcminin artırılması gözlənilir. Çin ilə Avropanı birləşdirən Orta dəhlizin əsas hissəsi olan Xəzər dənizində ən böyük donanma Azərbaycana məxsusdur ki, bu istiqamətdə də önəmli işlər həyata keçirilib. Beynəlxalq avtomagistralların tikintisi Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan bu istiqamətdə qətiyyətli addımlar atır. Bu sahədə ölkəmizə artan inamın səbəblərindən biri də 44 günlük Vətən müharibəsindən qalib ayrılması və regionda yeni reallıqların yaranmasıdır. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin üçtərəfli Bəyanatda yer alması və reallaşdırılması yüklərin məsafə baxımından daha tez daşınmasına xidmət edəcək. İşğaldan azad olunmuş ərazilərdə magistral yolların və dəmiryol xətlərinin bərpasıda sürətlə davam edir.

Musa BAĞIRLI,

"Respublika".