Qlobal Bakı Forumu: İctimai səhiyyə və insanların vaksinasiyası
Səhiyyə

Qlobal Bakı Forumu: İctimai səhiyyə və insanların vaksinasiyası

Noyabrın 5-də VIII Qlobal Bakı Forumu çərçivəsində "İctimai səhiyyə və insanların vaksinasiyası" mövzusunda beşinci panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti Suzan Elliottun moderatorluğu ilə keçən panel iclasında qlobal pandemiya ilə mübarizə, COVAX platformasının fəaliyyəti, vaksinlərin qeyri-bərabər bölgüsü müzakirə edilib.

Panel iclasında İsrailin sabiq prezidenti, 2006-2009-cu illərdə Knessetin prezidenti Daliya İtzik, Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev, Sloveniyanın sabiq prezidenti Danilo Turk, Latviyanın sabiq Baş naziri Lamdota Strauyuma, Tacikistan Prezidentinin sosial inkişaf və ictimaiyyətlə əlaqələr üzrə köməkçisi, parlamentin qanunvericilik və insan hüquqları komitəsinin sədri Emomali Nasriddinzoda çıxış ediblər.

Suzan Elliott bildirib ki, COVID-19 peyvəndlərinin vaxtında, keyfiyyətli və ədalətli paylanılması çox vacibdir. Hazırda dünyanın aztəminatlı ölkələrində əhalinin yalnız 10 faizə qədəri vaksinasiyadan keçib.

S.Elliottun sözlərinə görə, peyvəndləmə ilə əlaqədar xüsusilə Afrikada acınacaqlı vəziyyət müşahidə olunur: "Afrika əhalisinin yalnız 5 faizi birinci doza vaksin qəbul edib. COVAX platformasından daha çox faydalanmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatına vaksinlərin daha ədalətli paylanması sisteminin hazırlanmasına kömək etməliyik. Zəngin ölkələr də vaksinlərin paylanmasında böyük rol oynamalıdır.

Panel iclasında çıxış edən İsrailin sabiq prezidenti, 2006-2009-cu illərdə Knessetin prezidenti Daliya İtzik İsrailin əhalisinin əksəriyyətinin vaksinləşdiyi nadir ölkələrdən biri olduğunu qeyd edib: İsraildə əhalinin böyük əksəriyyəti qısa zamanda peyvəndlənib. 6 milyon əhali birinci doza, 3 milyon isə hər iki doza peyvəndi qəbul edib. 2 milyon əhaliyə isə üçüncü doza vurulub. Ölkədə əhalinin 60 faizi peyvəndlənib. Həmçinin ölkədə 12 yaşdan yuxarı uşaqların peyvəndləməsinə başlanılıb. Yaş azaldıqca peyvəndləmə göstəricisi də azalır. Gənclər arasında vaksinasiya aparılmasında çətinlik çəkirik. Bu da vaksinlər haqqında dezinformasiyaların yayılması səbəbindən baş verir".

D.İtzikin xatırladıb ki, qlobal səviyyədə peyvəndlərin paylanması üçün COVAX sistemi yaradılıb. COVAX hər bir ölkənin maraqlarını nəzərə alır: "Bu məsələdə hər bir ölkənin əvvəlcə öz vətəndaşlarının sağlamlığının qayğısına qalması başadüşüləndir, lakin istərdik ki, hər bir ölkə üçün də eyni əlçatımlılıq olsun. Bu sahədə ölkələrin beynəlxalq sazişə qoşulması təqdirəlayiqdir". İsrailin müxtəlif ölkələrlə əməkdaşlıq etdiyini, peyvənd yardımı göndərdiyini vurğulayıb.

Səhiyyə nazirinin müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev COVID-19-un dünya ölkələrinin səhiyyə sisteminə təzyiqlər göstərməkdə olduğunu diqqətə çatdırıb. Ümumdünya Səhiyyə Təşkilatının vaksinlərin paylanması ilə bağlı statistikasından bəhs edən T.Musayev yüksək gəlirli ölkələrdə hər 100 nəfərə 133 doza vaksin düşdüyü halda aşağı gəlirli ölkələrdə bu rəqəmin 4-ə bərabər olduğunu qeyd edib: "Belə bir şəraitdə pandemiyanı istənilən şəkildə idarə edə bilməyəcək və onun dalğaları qarşısında aciz qalacağıq".

T.Musayev bildirib ki, Prezident İlham Əliyevin apardığı düzgün siyasət və beynəlxalq münasibətlər nəticəsində Azərbaycan lazımi miqdarda vaksin alıb. Milli Vaksinasiyası Strategiyası hazırlanıb və ölkədə yanvarın 18-dən peyvəndləmə prosesi başlayıb: "Əhalinin hədəf qruplarının 60 faizi iki doza ilə peyvəndlənib. İkinci dozadan 6 ay keçdikdən üçüncü doza ilə peyvəndləmə də aparılır. Azərbaycanda pandemiyanın ilk günlərindən ictimai kampaniya, maarifləndirmə tədbirlərinə başlanıldı. Burada kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyətləri də mühüm rol oynadılar. Ölkəmizdə vaksinasiyadan keçənlərin, virusa yoluxan və sağalanların sayı ilə bağlı rəqəmlər şəffaf şəkildə paylaşılır".

T.Musayev Azərbaycanda vaxtında görülən tədbirlər nəticəsində COVID-la bağlı vəziyyətin nəzarət altına alındığını da diqqətə çatdırıb: "İlk gündən Azərbaycan hökuməti bütün strateji imkanlarını həmin qlobal bəla ilə mübarizəyə yönləndirdi. 50 yeni laboratoriya yaradıldı və mövcud şəbəkəyə inteqrasiya edildi, COVID xəstələrinin müalicəsi üçün çarpayıların sayı 50 minə çatdırıldı, ölkəyə süni tənəffüs aparatları gətirildi. Azərbaycan vaksinasiya kampaniyasına qoşulan birinci ölkələrdəndir. COVAX elə platformadır ki, təsis edilməsi insan həyatının xilas edilməsi məqsədi daşıyır. O, da sərt, azad ticarət qaydalarına uyğun deyil. Dünya ictimaiyyəti bu platformaya dəstək göstərməlidir ki, vaksinlərin paylanması təmin edilsin. Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan siyasəti vaksinlərin dünya ölkələrinə ədalətli paylanmasına töhfə verəcək.

"Vaksinlərin ədalətsiz paylanması çox ciddi qərarlar qəbul edilməsini şərtləndirir. Qlobal siyasət hazırlanmalı və qəbul olunmalıdır. Azərbaycan ilk gündən "vaksin millətçiliyinə" qarşı mübarizə aparır. Təəssüf ki, hələ də dünyada "vaksin millətçiliyi" davam edir", - deyə T.Musayev diqqətə çatdırıb.

Sloveniyanın sabiq prezidenti Danilo Turk bildirib ki, COVID-19 dünyanın reallığını, çatışmazlığını, problemlərini üzə çıxardı: "Bu, bizim üçün dərs olacaq və gələcəkdə strategiyaların hazırlanmasında kömək göstərəcək. Hazırda dünyada beynəlxalq əməkdaşlığın zəif olduğu görünür, daha çox milli sistem üzə çıxır. İctimai səhiyyə xidmətləri o qədər güclü deyil. Peyvəndlərlə bağlı millətçilik hökm sürür. Biz buna tənqidi yanaşmalı, ədalətsiz paylanmanın qarşısını almalı, qlobal bir platforma üzərində səylərimizi birləşdirməliyik. Yüksək səhiyyə standartları ilk növbədə insan hüquqlarını təsvir edir. Səhiyyə xidmətləri əlçatan olmalıdır".

Panel iclasında çıxış edən Latviyanın sabiq Baş naziri Lamdota Strauyuma deyib: "Hesab edirəm ki, az inkişaf etmiş və xüsusilə kasıb dövlətlərə COVID-19 vaksinlərinin əlçatanlığı üçün yardımımızı əsirgəməməliyik. Beynəlxalq əməkdaşlıq gücləndikcə vaksinlərin istehsalı işinin səmərəliliyi də artır. Onu da qeyd edim ki, Latviya Avropa İttifaqının üzvüdür və dövlətimiz pandemiya dövründə vaksinlərin işlənib hazırlanması işinə 2.5 milyard dollar vəsait yönəldib. Bundan başqa, vaksinlərin təhlükəsizliyi və təchizatı məsələsinə də diqqət yetirmək lazımdır. Pandemiya dünya ölkələrinin ictimai səhiyyə sistemindəki boşluqları ortaya çıxardı. Bir sıra ölkələrdə tibb işçiləri çatışmazlığı və monitorinq işinin zəifliyinin şahidi olduq. Hesab edirəm ki, problemlərin həlli və təkmilləşdirilmiş səhiyyə xidmətlərinin təşkili üçün beynəlxalq əməkdaşlığı artırmaq lazımdır. Təəssüf ki, səhiyyə sistemi hələ də çaşqınlıq dövrünü yaşayır. Hazırda COVID-19 əleyhinə vaksinasiya infeksiya ilə ən yaxşı mübarizə üsuludur".

Tacikistan Respublikasının Prezidentinin sosial inkişaf məsələləri və ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Emomali Nasriddinzoda təşkilatçılığa görə Azərbaycan dövlətinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib və belə mötəbər qlobal forumda çıxış etməkdən məmnunluğunu ifadə edib. COVID-19 pandemiyasının bütün dünya ölkələrinin təhsil sisteminə mənfi təsirindən danışan təmsilçi qeyd edib ki, bu təsir təhsilin bütün pillələrində müşahidə edilib.

"Pandemiyanın əvvəllərində, yəni, 2020-ci ildə 124 ölkədə təhsil müəssisələri tamamilə, 11 ölkədə isə qismən dayandırılıb. Sonrakı müddətdə isə 188 dünya ölkəsində təhsil ocaqlarının fəaliyyətinə məhdudiyyət qoyulub. Nəticədə, 1.5 milyard təhsilalan tədris prosesindən məhrum qalıb. Yəni, COVID-19 pandemiyasından ən çox zərər görən sahələrdən biri də təhsildir. Həmçinin BMT-nin məlumatına görə, koronavirus pandemiyası az təminatlı ailələrə daha çox mənfi təsir göstərib. Bu kimi mənfi təsirlərin aradan qaldırılması, qlobal problemlərin həll edilməsi üçün Tacikistan Respublikası bütün vacib tədbirləri həyata keçirməyə hazırdır", - deyə E.Nasriddinzoda vurğulayıb.

Qeyd edək ki, VIII Qlobal Bakı Forumu öz işini noyabrın 6-da başa çatdıracaq.

AZƏRTAC