Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının azad edilmiş ərazilərə qayıdışla bağlı görə biləcəyi tədbirlər müzakirə olunub
Digər xəbərlər

Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının azad edilmiş ərazilərə qayıdışla bağlı görə biləcəyi tədbirlər müzakirə olunub

Martın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Mühəmədiyev və qurumun Bakı ofisinin əməliyyat rəhbəri Tiffani Laak ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti haqqında qonaqlara ətraflı məlumat verilib. Birinci vitse-prezident Mehriban Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub. Ölkəmizdə sosial siyasətin prioriteti kimi qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı görülmüş işlərdən danışılıb. Dünyanın ən nüfuzlu humanitar təşkilatı kimi IFRC-nin Birinci Qarabağ müharibəsi dövründə, Ermənistanın hərbi təcavüzü nəticəsində xalqımızın üzləşdiyi çətinliklərin aradan qaldırılmasına dəstək və kömək göstərməsi, sonrakı dövrdə də Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə əməkdaşlıq şəraitində məcburi köçkünlərlə bağlı layihələrin icrasını davam etdirməsi razılıq hissi ilə xatırlanıb.

Beynəlxalq qurumun rəsmiləri - Davron Mühəmədiyev və xanım Tiffani Laak IFRC-nin ölkəmizdə öz mandatına uyğun olaraq həyata keçirdiyi fəaliyyətin əsas istiqamətləri, işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı görə biləcəyi tədbirlər, həmçinin yeni vəziyyətdə Dövlət Komitəsi ilə əməkdaşlıq imkanları barədə məlumat veriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

AZƏRTAC