QİYMƏTLİ MƏDƏNİ-TARİXİ İRSİMİZ OLAN KƏHRİZLƏRƏ DİQQƏTİ ARTIRAQ
Region

QİYMƏTLİ MƏDƏNİ-TARİXİ İRSİMİZ OLAN KƏHRİZLƏRƏ DİQQƏTİ ARTIRAQ

Azərbaycanda ta qədimdən,  kəhriz--çeşmələrdən  həm suvarma suyu kimi,  həm də məişətdə istifadə olunub.  Keçmiş əsrlərdə hətta qismən soyuducu funksiyasını da yerinə yetirib.  “Kəhriz” və yaxud “kehriz” yeraltı suvarma kanalı mənasını verir.  Bu sözün kökü “quyu”,  “axın” kimi başa düşülür.  Azərbaycanın bir çox yerlərində   şərəfli peşə sayılmış və nəsildən-nəslə ötürülmüş fədakar və zəhmətkeş kankanların köməyi ilə kəhrizlərin tikintisi ərsəyə gəlmişdir.  Əslində,  kəhrizlər qrunt sularının öz axını ilə yer səthinə çıxarılması üçün nəzərdə tutulmuş yeraltı hidrotexniki qurğulardır. Eyni zamanda,  kəhriz dağətəyi zonalarda yeraltı suları öz axarı ilə yer səthinə çıxarmaq üçün tuneldə yaradılmış qurğu sistemidir.  Su lağımı peşəkar kankanlar vasitəsilə qazılır.  Adətən lağım suyu təmiz və duru olur,  ekoloji baxımdan içmək üçün ən əlverişli mənbə hesab edilir.  1911-1917-ci illərdə azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Xaçmazdan Bakıya çəkilən və il ərzində 120 milyon kubmetr su verən Şollar suyu da məhz kəhriz sistemi ilə nəql edilir.  

Yaxın Şərqdə və Mərkəzi Asiyada bəzi hallarda relyef şəraiti imkan vermədikdə və suların öz axarı ilə səthə çıxarılması mümkün olmadıqda,  sonuncu,  ən dayaz quyuya toplanan su mexaniki yolla və ya işçi heyvanların və çarxların köməyi ilə yer səthinə çıxarılır.  Azərbaycanda isə müasir qurğularla çıxarılmaqdadır.  Ümumiyyətlə,  kəhriz çəkilməsi ağır zəhmət tələb edən işdir. Ancaq,  son dərəcə qiymətli tarixi irsdir.  Qeyd etmək lazımdır ki,  kəhriz sistemi həm də şəhərsalmanın ən mühüm elementlərindən biridir.  Bu  qədim su təchizatı qurğularının bərpası və qorunub saxlanması,  eyni zamanda,  xalqın mədəni irsinin qorunması işinə də dəyərli töhfədir.  

Son illər bu sahədə cox ciddi addımlar atılmaqdadır.  Çünki kəhriz su mənbəyi kimi minillər boyu məişət və təsərrüfatda böyük əhəmiyyət kəsb etmişdir.  Əhalini içməli su ilə təmin edən kəhrizlərdən dəyirmanları işlətmək,  əkinləri,  bağ və bostanları suvarmaq üçün,  habelə soyuducu kimi istifadə etmiş,  yay zamanı içərisində üzüm,  yemiş,  qarpız,  ət-süd məhsulları və sairə saxlamışlar. Belə ki,  kəhriz tunellərində 2x3 metr və ya 3x4 metr ölçülü və hündürlüyü 2 metrdən artıq olmayan xüsusi yerlər də tikilirdi.  Yay aylarında kəhrizlərdə temperatur ərzaq məhsullarını soyuducudakı kimi saxlamağa imkan verirdi.  

Ötən əsrdə kəhrizlər başlı-başına buraxıldığı,  laqeyd münasibət bəsləndiyindən  onların çoxu öz gücünü itirib,  bəziləri isə baxımsızlıqdan dağılaraq yararsız vəziyyətə düşüb.  Bu isə öz növbəsində,  ölkədaxili miqrasiya,  kənd təsərrüfatı sahəsində çətinliklərin yaranması və su çatışmazlığı ilə nəticələnib.  Belə ki,  bir hissəsi isə sovet dövründən sonra  unudulub.  XX əsrin 60-cı illərinin əvvəlində Azərbaycanda 812 lağım olmuşdur.  Lakin bir çoxu diqqətsizlik ucbatından sonralar sıradan çıxmışdır. Hazırda 353 kəhriz fəaliyyətdədir. Mövcud kəhrizlərin suyu ilə 1800 hektardan artıq əkin sahəsini su ilə təmin etmək mümkündür. 

Tarixi mənbələrdə Gəncədə 65-dən çox kəhrizin olduğu qeyd olunur.  Amma,  bu gün Gəncədə  32 kəhriz haqqında məlumat vardır.   Sonuncusu 1928-ci ildə çəkilən bu kəhrizlərin hamısı ehsanlıq olub.  Həmin kəhrizi çəkənlərin heç bir təmənnası olmayıb,  əksinə ildə 1 dəfə onun təmiri,  təmizlənməsi üçün xərc çəkiblər və ondan da mənəvi zövq alıblar.  

Kəhrizlər içməli su mənbəyi kimi sıradan çıxmasına görə bu gün Gəncədə bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi labüddür...  Dünyanın möcüzəsi sayılan,  unikal təbiəti olan Naftalanda sakinlər kəhrizdən də yetərincə bəhrələnirlər. Belə ki,  Qaşaltı kəndində şəhər icra hakimiyyətinin təşəbbüsü ilə qeyri-hökumət təşkilatlarının dəstəyi ilə kəhrizlər bərpa olunub,  bu gün tam gücü ilə işləyir:həm sakinlər istifadə edir,  həm də ərazidə olan yaşıllıqlar suvarılır.  

Bölgədə ən böyük  ərazisi olan aqrar rayonlardan biri də Goranboydur.  Burada sakinlər hallal zəhmətlə,  min bir əziyyətlə əkinçiliklə və maldarlıqla məşğul olurlar.  Həm də meyvə-tərəvəz əkib-becərir ətraf şəhər və rayonları təmin edirlər.  Amma həmişə sakinlərin su qıtlığından  narazılıqları olub.  Son vaxlar melioratorların  apardığı məqsədyönlü işlərin nəticəsində Suqovuşan kanalından səmərəli istifadə və  su itkisinin qarşısı alındığından bu sahədə xeyli irəliləyişlər vardır.  Ta qədimdən Goranboy rayonunda  tam gücü ilə 21 ədəd kəhriz işlək vəziyyətdə olub.  Suvarma sistemində və içməli su kimi istifadə olunmasında  bunların köməyi əvəzsiz olub.  Sonradan laqeydlik ucbatından kəhrizlər sıradan çıxıb,  yalnız 6 ədəd kəhrizdən istifadə olunur. Onlar  da artıq var gücü ilə işləyə bilmir.  Verilən məlumatlara  görə,  2021-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatı və Cənubi Koreya Respublikasının birgə layihəsi əsasında,  yeraltı içməli su quyularının–kəhrizlərin bərpası işlərinə start verilib. Şəfibəyli kəndindən sonra Hacallı,  Tatarlı və Səfikürd kəndlərində də kəhrizlərin bərpası işlərinin davam etdirilməsinə başlanıldı. Nədənsə yarımçıq qaldı...  Bu gün,   nəzərə alsaq ki,   planetdə gedən istiləşmə,  ekologiyanın pozulduğu bir vaxtda   təbii hadisələr bəşəriyyəti ayıq olmağa,  təbiətdən səmərəli istifadə etməyə çağırır. Saf və təmiz,  fasiləsiz su verə bilən,  cüzi xərclə cari təmir olunan,  əhalinin içməli və suvarma suyuna tələbatını yetərincə ödəyən kəhriz sistemlərinin qorunması və bərpasına daha böyük ehtiyac olduğundan bu unikal qiymətli irsimiz olan kəhrizlərə diqqət  lazımdır...

Zabit XƏLİLOV,

“Respublika”.