“QİSAS
Region

“QİSAS" TAMAŞAÇILARA TƏQDİM OLUNUB

20 Yanvar faciəsindən 33 il keçir. Qanlı şənbə gecəsinin qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da daim əziz tutulur. Faciənin ildönümü ilə əlaqədar Masallı Regional Mədəniyyət İdarəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına rayon mədəniyyət mərkəzində anım mərasimi keçirilib.

Əvvəl Masallı Şəhər Onbirillik İncəsənət Məktəbinin və Masallı Dövlət Rəsm Qalereyasının gənc rəssamlarının 20 Yanvar faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Ölkəmizin azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhidlik zirvəsinə yüksəlmiş igidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra yanvar faciəsinə həsr olunmuş "Qisas" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının fəalları, mədəniyyət işçiləri, kollecin şagird və müəllim kollektivi, gənclər, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri kompozisiyanı böyük maraqla izləyiblər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".