Qısa, şərəfli ömür
Sosial həyat

Qısa, şərəfli ömür

İmişlidə  Vətən   müharibəsində   adlarını  hərb  tariximizə   qızıl  hərflərlə  yazdıran  igid  oğullarımızın  xatirəsi  əziz  tutulur.  Vətən  uğrunda  canından  keçən  oğul  və  qızlarımız, onların  ailələri  daim  yad  olunur.  Şanlı  Zəfər  yürüşündə  qəhrəmanlıq  göstərərək  şəhidlik  zirvəsinə ucalanlardan  biri  də  Həsənov   Elgün   Əli  oğludur.  Yaşasaydı,  bu  gün  qələbə  sevincini   və  doğum  gününü    ailəsi  ilə  birlikdə  qeyd   edəcəkdi.                                                   

Həsənov Elgün Əli oğlu  1999-cu il avqustun 16-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Şəhidimizin doğum günündə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-in məsul əməkdaşları, şəhidin qohumları  və yaxınları tərəfindən məzarı ziyarət edilərək, üzərinə gül-çiçək dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.

İcra başçısı  Elçin  Rzayev  qeyd etdi  ki, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi   vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.  Rayon  rəhbəri   bildirdi  ki,  Azərbaycan  xalqı  Elgün  Həsənov  kimi  oğullarla  fəxr  edir.  Qəhrəman   gənclərimizin  vətən  uğrunda   göstərdiyi   fədakarlıqlar  dövlətimiz  tərəfindən  yüksək  qiymətləndirilir, onlar  orden  və  medallarla  təltif  edilməklə,  ailələri  dövlətin   diqqət   və  qayğısı  ilə  əhatə  olunur.   Mərasimdə  Elgünün qısa, lakin şərəfli ömür yolundan danışıldı. Şəhidimizin ailə üzvləri  övladları ilə fəxr etdiklərini  söyləyib,  göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

44 günlük Vətən müharibəsinə qatılan gənc   Elgün   Həsənov   Füzuli rayonu ərazisində gedən döyüşlərdə  qəhrəmancasına   şəhid olub. O, göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Prezidenti  İlham Əliyevin  Sərəncamına əsasən ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edilib.

                  Ərəstun   ABDULOV,

                  “Respublika”.