Qısa ömür yaşasa da...
Sosial həyat

Qısa ömür yaşasa da...

Vətən müharibəsi şəhidi Nuri Xəyal Şakir oğlu 1997-ci il fevralın 12-də Biləsuvar rayonunun Ağayrı kəndində dünyaya göz açıb. Vüqar Rüstəmov adına tam orta məktəbdə təhsilini başa vurduqdan sonra 2015-2016-cı illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Aprel döyüşlərinin iştirakçısı idi. 2017-ci ildən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.

Xəyal 4 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Ağayrı kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Xəyal Nuri ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Atası Şakir Nuriyev nə qədər kədərli olsa da, oğlunun Vətən uğrunda ölümünü təsəlli bilir. Xəyal bu gün təkcə ailəsinin deyil, bütün Azərbaycan xalqının qəhrəman övladına çevrilib. Şəhidlər onları sevən milyonların qəlbinə köçür. "Fəxr edirəm ki, Qələbənin qazanılmasında minlərlə Vətən övladı kimi, oğlum Xəyalın da payı var".

Anası Lahidə xanım fəxrlə deyir: "Vətənimə, xalqıma layiqli övlad böyütmüşəm. Xəyal çox vətənpərvər, torpağını, xalqını sevən qeyrətli bir oğul idi. Uşaq yaşlarından yaşıdları ilə oynadığı oyunlarda ağacdan düzəltdiyi avtomatla "düşməni" məhv edər, "mən böyüyəndə düşmənlərimizi məğlub edən qəhrəman olacağam", - deyərdi. Aprel döyüşlərinin iştirakçısı kimi Lələtəpədə dalğalanan müqəddəs bayrağımızdan, Cocuq Mərcanlının abadlaşdırılmasından sevinclə, qürurla söz açardı. Müddətli həqiqi hərbi xidmətini ön xətdə başa vurub evə qayıtdıqdan sonra təsərrüfatla məşğul olsa da, fikri orada - səngərdə qalmışdı. Heç cürə rahatlıq tapa bilmirdi...".

Xəyal valideynlərinin xeyir-duası ilə yenidən ordu sıralarında xidmətə başlayır. Vətən müharibəsində iki qardaşı da könüllü olaraq döyüşlərdə iştirak etmək üçün aidiyyəti qurumlara müraciət ediblər, lakin zərurət olmadığından onların bu istəyi həyata keçməyib. Xəyal daim vətənpərvərlik musiqilərinə qulaq asarmış, şəhidlərimizdən, göstərdikləri qəhrəmanlıqlardan danışarmış. Deyərmiş ki, Allah mənə də o ali məqamı qismət etsin. Anası "ay oğul, sənin nə yaşın var ki, belə danışırsan" deyəndə, anasına "Şəhidliyin yaşı olmur, ana!" deyərmiş.

 Şəhidin böyük qardaşı Vüqar qürurla danışır: "Olduqca zəhmətkeş idi. Əlini hara vururdusa, bol ruzi-bərəkət hasil olurdu. Xəyal daim bizlərə başucalığı gətirərdi. Qardaşım şəhadəti ilə də bizləri qürurlandırdı".

 Dörd qardaşın bir bacısı olan Elmira Xəyalla fəxr edir. Qardaşının qorxmazlığından, cəsurluğundan danışaraq bildirir ki, Xəyal qısa ömür yaşadı. Əməlisaleh adam idi.

Xəyal gənc yaşında bənzərsiz bir ömür yaşadı. Onun ömrü digər şəhid ömürləri kimi Vətənimin insanlarından ötrü bənzərsiz bir örnək, əvəzsiz bir nümunə olacaq - qeyrət, şərəf, ləyaqət, mərdlik və fədakarlıq nümunəsi...

Vətən, torpaq yolunda şəhid olanlar ölmürlər, şəhidlik zirvəsinə ucalaraq əbədiyyət hüququ qazanırlar. Ruhun şad olsun!

Müşfiq MİRZƏ,

"Respublika".