Qısa ömür dəftərinin son səhifəsi: əbədiyyət...
Sosial həyat

Qısa ömür dəftərinin son səhifəsi: əbədiyyət...

Azğın, xəyanətkar, barbar düşmən üzərində əvəzsiz qələbəmizi təmin edən, acı məğlubiyyətin 30 illik xəcalət yükünü çiyinlərimizdən, dərdini isə ürəyimizdən götürüb ataraq milli qürur və mənliyimizi özümüzə qaytaran 44 günlük Vətən müharibəsindən bir il ötdü. Haqq mücadiləsinə könüllü qatılan, amansız döyüşlərdə həyatını, sağlamlığını itirən hər bir Vətən övladının istər mülki, istərsə də hərbi bioqrafiya5sına nəzər salanda hansı ali keyfiyyətlərə sahib olduqlarını görməmək mümkün deyil. Sanki milyonların içərisindən seçilib, arınıb, müqəddəs xilaskarlıq missiyası ilə vəzifələndirilib gəlmişdilər. Onlardan biri də Lənkəran Şəhər Mədəniyyət Mərkəzi nəzdində kompüter kursunun rəhbəri Şəhid Tural Hümmətovdur. Bu mədəni, mənəviyyatlı, zəhmətkeş, təəssübkeş gəncin çox qısa ömür dəftərini vərəqləyərkən bir daha əminlik yaranır ki, heç cəbhəyə yollanıb canını-qanını fəda etməsəydi belə, inamı, əqidəsi, əməli ilə şəhidlik məqamındadır.

Tural Ağababa oğlu 1998-ci ilin 7 aprelində Lənkəranın Osaküçə kəndində dünyaya göz açmışdı. 2004-2015-ci il illərdə Tatova kənd orta məktəbində təhsil alıb. 2016-cı ilin iyun ayından 2018-ci ilin yanvarına qədər silahlı qüvvələrimizin sıralarında həqiqi hərbi xidmət keçib. Ordudan tərxis olunandan sonra Lənkəran Regional Mədəniyyət İdarəsində "Xəzər" kompüter mərkəzinin rəhbəri vəzifəsində işə başlayıb.

Tural əsgərliyə çağrılanda artıq Aprel savaşı bitdiyindən həmin döyüşlərə qatıla bilmədiyinə görə daim təəssüflənirdi. Ona görə də 2020-ci il sentyabrın 21-də səfərbərliklə əlaqədar yenidən çağırış vərəqəsi alanda sevincinin həddi-hüdudu yox idi. Çünki 30 ilə yaxın yağı tapdağı altında inləyən torpaqların azadlığına öz töhfəsini verəcək, təkbaşına düşmənin bir postunu dağıdaraq onlarla əsgərini cəhənnəmə vasil eləmiş Seyid Mübarizin, Tovuz döyüşlərinin (12-17 iyul 2020-ci il) şəhidləri general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və başqalarının qisasını almaq imkanı yaranacaqdı...

Anası Cəmilə xanım dərindən köks ötürərək, oğlu barədə göz yaşları içərisində danışır: "Tural 6 uşaqlı ailənin sonbeşiyidir - ailəcanlı, ata-anaya bağlı, tərbiyəli, zəhmətkeş, ağıllı, dindar, namaz qılan, Quran oxuyan idi. Hələ uşaqlığından zamanını boş yerə sərf etməzdi, çiynini ailə qayğılarının altına vermişdi. Böyük qızım Gülşənin həyat yoldaşı dünyasını dəyişdiyindən balalarına maddi yardım göstərirdi. İstədiyi qız vardı, amma söhbət elçi gedib "hə"sini almaq, evlənmək mətləbi üzərinə gələndə həmişə "bacım uşaqları bir az böyüsünlər, 2-3 ilə baxarıq" deyirdi. Atası ağır xəstəlikdən əziyyət çəkdiyindən, cərrahiyyə əməliyyatı üçün pul yığırdı. Amma hər şey yarımçıq qaldı. Turalın şəhadətindən 20 gün sonra atası da dünyasını dəyişdi. Onu da oğlu ilə yanaşı torpağa tapşırdılar..."

Söhbətə şəhidin bacısı Gülüş xanım qoşulur: "Biz təkcə bacı-qardaş yox, həm də dost olmuşuq. Məndən 14 yaş balacalığına baxmayaraq, söhbətimiz yaxşı alınırdı. Kompüter kurslarında çalışır, işdən sonra idmanla məşğul olurdu. Futbolu çox sevirdi. Vaxt tapanda "Diriliş Ərtoğrul", "Həzrət Yusif", "Muxtarnamə" kimi filmlərə, vətənpərvərlik verilişlərinə baxırdı. Həmişə deyərdi ki, mən nəslin fəxr, qürur yeri olacağam. Cəbhədə gördüklərindən xeyli təəccüblənərdi: danışardı, yazardı ki, bu məlunlar çox qorxaq, yaramaz qövmdür, anasını, bacısını atıb qaçırlar, inşəallah qələbəylə, zəfərlə dönərik...

Zəng edəndə çox ümidlə, inamla danışardı. Amma bir dəfə söylədi ki, sizə zəng gələ bilər, bütün hallara hazır olun... İndi barışa bilmirik yoxluğu ilə, gedişi ilə yaranmış boşluq heç cür dolmur. O bizim canımız idi...".

Tural Hümmətov Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək böyük şücaətlər göstərib. Noyabrın 7-də Xocavəndin erməni quldur dəstələrindən təmizlənməsi zamanı şəhidlik məqamına yüksəlib. Noyabrın 9-da Lənkəranın Tatova kənd qəbiristanlığında dəfn olunub.

Əslən Şirvan rayonundan olan cəbhə yoldaşlarından biri danışırmış ki, qarşı tərəfin hədsiz möhkəmləndirilmiş blindajları önündəki qeyri-bərabər savaş itkisiz ötüşmədi. Düşmən döyüş meydanında yıxılıb qalmış yaralılarımızı əsir götürmək, əsgərlərimizi isə güllə tutmayan yerə çıxarmaq istəyiblər. Tural da çiynində mayor rütbəli zabiti daşıyırmış... Azğın yağılar görürlər ki, bunlar heç yaralılarını, ölənlərin nəşini də geridə buraxmır, daha da quduzlaşaraq minomyot atəşi ilə Hümmətovu və komandirini şəhid ediblər...

Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə xatirələrini bölüşür: "Qarabağ məndən ötrü balaca xanəndə Tacirin "Bayatı-Şiraz" muğamı idi... Üzeyir Hacıbəyli, Bülbül idi. İndisə Qarabağ mənim üçün həm qələbə sevinci, həm də Tural Hümmətov kədəridir. Tural bizim yaşca ən kiçik işçimiz idi. Həm xasiyyətinə və işgüzarlığına, həm də yaşca kiçik olmasına görə hamı tərəfindən çox sevilirdi.

Elə gün olmazdı ki, mənimlə dərdləşməsin, yanıma gəlməsin. Çox maraqlı və qeyri-adi dünyası vardı. Sanki bilirdi, bu dünyanı çox yaşamayacaq və ona görə də yaşamayacağı günlərin xəyallarını qurur və dərindən köks ötürürdü. Son döyüşə getməzdən əvvəl cəbhədən zəng vurdu, halallıq istədi, "məni yaddan çıxartmayasız, mən sizi çox istəyirəm" - dedi.

Şəhidlik zirvəsinin fatehləri kimi, şəhid Hümmətov Tural Ağababa oğlunun da rəşadəti diqqətdən kənarda qalmayıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Qurban MƏMMƏDLİ.