QIŞA HAZIRLIQ
Region

QIŞA HAZIRLIQ

Havaların soyuq keçməsi qışa hazırlığı gündəmə gətirir. Bu baxımdan, Qazaxda bütün idarə və müəssisələr qış fəslində heç bir problemlə üzləşməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirmişlər. Rayon tədris müəssisələrində şagirdlərin normal şəraitinin təmin olunması üçün istiliklə təminat tam qaydada həllini tapmışdır.

Qazax Rayon Təhsil Şöbəsinin nəzdində 42 ümumtəhsil məktəbi, o cümlədən 33 tam orta, 1 məktəb-lisey, 5 ümumi orta və 3 ibtidai məktəb fəaliyyət göstərir.

Qış mövsümünə hazırlıqla əlaqədar N.Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin istilik və elektrik sistemi təmir olunmuşdur.

Rayonun 32 ümumtəhsil məktəbinin binası fərdi, İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin binası mərkəzi istilik sistemi və 4 məktəb binası isə odun yanacağı ilə qızdırılır. 33 istilik qazanxanalarının 27-də təbii qaz yanacağından, M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbi, A.Kəmərli adına Kəmərli kənd tam orta məktəbi və Birinci Şıxlı kənd ümumi orta məktəblərində isə dizel yanacağından istifadə edilir.

Odun yanacağı ilə qızdırılan V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbində  30 kubmetr, V.Göşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbində 30 kubmetr, K.Kərimov adına Fərəhli kənd ümumi orta mərtəbində 13 kubmetr, S.Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbində 24 kubmetr odun yanacağı ehtiyatı vardır. Adları qeyd olunan məktəblərə ümumilikdə 97 kubmetr odun yanacağı verilmişdir.

Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Bağçalardan 16-sı körpələr evi-uşaq bağçası, 9-u isə uşaq bağçasıdır. Onlardan şəhər üzrə 6 bağça (5-i körpələr evi-uşaq bağçası, 1-i uşaq bağçası), kəndlər üzrə 19 bağça (11-i körpələr evi-uşaq bağçası, 8-i uşaq bağçası) fəaliyyət göstərir.  Bu bağçalarda ümumilikdə 1100 nəfər uşaq yeri var ki, bunlardan 515 nəfəri şəhər bağçalarında, 585 nəfəri isə kənd bağçalarındadır.

Rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarından 18-i kombi sistemi ilə,   5-i odun sobası ilə, 2-si qaz sobası ilə qızdırılır. Bağçaların təminatı Qazax Rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır. 

"Qazax Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin payız-qış mövsümü ilə əlaqədar təsərrüfat sahəsində görüləcək işlər müəyyənləşdirilmişdir. Aşkar olunan  nöqsanların  aradan qaldırılması üçün tədbirlər planı hazırlanmaqla cavabdeh şəxslər təyin edilmişdir. Ocaqçılarla əməyin mühafizəsi sahəsində plana uyğun təlimat keçirilmişdir. Yalnız xüsusi kurs keçmiş, işə buraxılış vəsiqəsi olan, əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində bilikləri yoxlanılan ocaqçılar işə buraxılmışdır.

Xəstəxananın nəzdində 16 həkim məntəqəsi və 17 tibb məntəqəsi fəaliyyət göstərir ki, 16 həkim məntəqəsindən Daş Salahlı, Yuxarı Salahlı və Cəfərli həkim məntəqələri kombi sistemi ilə, 13 həkim məntəqəsi isə təbii qazla qızdırılır. 17 tibb məntəqəsindən Quşçu Ayrım tibb məntəqəsi kombi sistemi ilə, 16 tibb məntəqəsi isə təbii qazla qızdırılır. Həkim və tibb məntəqələrinin müdirləri təlimatlandırılmışlar.

Tüstü borularının və bacalarının təmizlənməsi təmin edilmiş, qazanxanalarda nəzarət-ölçü cihazları yoxlanılmışdır. Müəssisələrin ehtiyat elektrik enerji mənbəyi olan dizel generatorlarına texniki xidmət göstərilmiş və yanacaqla təmin edilmişdir.

Nəqliyyat vasitələrinin hazırlığı normal vəziyyətdədir, 25 avtonəqliyyat vasitəsindən 7-si təcili yardım maşını kimi fəaliyyət göstərir. 2021-ci ildə təcili yardım maşınları yeni akkumulyator və təkərlərlə təmin olunmuşdur. Belə ki, avtomaşınların müddəti bitmiş, istismara yararsız olan təkərləri və akkumulyator batareyaları dəyişdirilərək yeniləri ilə əvəz olunmuş, əyləc sistemləri yoxlanılaraq saz vəziyyətə gətirilmişdir.

TTTYS Cərrahiyyə şöbəsi, Aşağı Salahlı tibb məntəqəsi, Çaylı, Ağköynək və Dəmirçilər həkim məntəqələrində cari təmir işləri aparılmışdır. Qaz cihazları və elektrik xətləri təmir olunmuşdur.

 Qazax Mənzil İstismar Sahəsi 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Mənzil İstismar Sahəsinin balansında olan çoxmərtəbəli ictimai yaşayış binalarının qaz təsərrüfatı sisteminə nəzarətin gücləndirilməsi üçün binaların tüstü bacaları və ventilyasiya kanallarının təmizlənməsi istiqamətində işlər görülmüşdür. Belə ki, qış mövsümü ilə əlaqədar çoxmərtəbəli ictimai yaşayış binalarının tüstü bacaları və ventilyasiya kanalları təmizlənərək vətəndaşların istifadəsinə verilmişdir.

Hazırda Qazax şəhəri, Azadlıq küçəsi 33, 90, 100, 101, 121, Z.Tağıyev küçəsi 11 və Ş.Çobanov küçəsi 4 saylı, cəmi 7 ədəd binanın dam örtüyünün dəyişdirilməsi işlərinə başlanılmışdır.

Yaşayış evlərində elektrik və qaz cihazlarının təhlükəsiz istifadə olunmasına, tüstü boru və bacalarının düzgün quraşdırılmasına, təmizlənməsinə fikir verilmiş, yaşayış binalarının birinci mərtəbəsində, zirzəmisində tezalışan və yanar mayelərin saxlanılması, pilləkən qəfəslərində və dəhlizlərdə əl damlarının yaradılması, eləcə də pilləkən altındakı boşluqlarda və pilləkən meydançalarında ev əşyalarının yığılması qadağan edilmiş,  hündürmərtəbəli yaşayış binalarının mərtəbələrində ventilyasiya sistemlərinin işlək vəziyyətdə olması təmin edilmişdir.

Qazaxda əhalinin fasiləsiz qaz və işıqla təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.

Vəli VƏLİYEV,

"Respublika".