Qış turizminin inkişafına geniş imkanlar yaradılır
İQTİSADİYYAT

Qış turizminin inkişafına geniş imkanlar yaradılır

Son illər həyata keçirilən sosial-iqtisadi layihələr, Dövlət proqramları, siyasi sabitlik ölkəmizin inkişafını daha da sürətləndirib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə reallaşan Dövlət proqramları turizmin inkişafına səbəb olub.

Ölkəmizdə yüzlərlə turizm şirkətinin, turizm marşrutlarının yaradılması, beşulduzlu otellərin istifadəyə verilməsi, eləcə də, bu sahədə peşəkar kadrların hazırlanmasına diqqətin artırılması və s. Azərbaycanı turizm ölkəsi kimi tanıdıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bununla bağlı bölgələrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, son bir neçə ildə beşulduzlu otellərin açılması ilə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlib. Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nümunəsi olmaqla, həm də buraya yüksək turist axınının təminatına əsas verir.

Azərbaycan isti iqlim qurşağında yerləşməsinə baxmayaraq, nadir ölkələrdəndir ki, burada ən yüksək dünya standartlarına cavab verən nəhəng qış turizm infrastrukturları və kompleksləri fəaliyyət göstərir. Azərbaycanda qış turizmindən söhbət düşəndə şübhəsiz ki, ilk xatırlanan "Şahdağ" Qış-Yay Turizm Kompleksi olur. Azərbaycan tarixində ilk dağ-xizək kurortu - "Şahdağ" Qış-Yay Turizm Kompleksinə daxil olan "Qaya" və "Zirvə" mehmanxanaları turistlərin istirahətinə geniş imkanlar yaradır. "Şahdağ" Qış-Yay Turizm Kompleksində inşa edilən otellərdə yaradılan yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir.

Prezident İlham Əliyev çıxışlarının birində bu sahənin inkişafına toxunaraq demişdir: "Turizm Azərbaycanda inkişaf edir. Bir neçə turizm mərkəzi yaradılıbdır. Onlardan biri Şahdağdır. Eyni zamanda, indi Naftalan turizm mərkəzi fəaliyyət göstərir. Qalaaltı turizm mərkəzi bu yaxınlarda açılacaqdır. Cənub bölgəsində - Lənkəran-Astara zonasında, Lerikdə gözəl turizm imkanları var. Qəbələ turizm mərkəzinə çevrilibdir, burada beşulduzlu bir neçə otel fəaliyyət göstərir. Qərb bölgəsində Gəncə və onun ətrafında yerləşən rayonlar da əlbəttə ki, turizm üçün çox gözəl yerlərdir. Azərbaycanın təbiəti elədir ki, hər yerdə gözəl, səfalı məkanlar, dağlar, meşələr, çaylar çoxdur. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvətdən səmərəli şəkildə istifadə etməliyik. Belə gözəl, müasir otellər tikilir və Azərbaycan vətəndaşlarına xidmət edir".

Turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda qarşıda duran ən mühüm vəzifələrdən biridir. Azərbaycanda turizmin inkişafına dair Dövlət proqramının həyata keçirilməsi nəticəsində bu sahədə mühüm işlər görülmüşdür. Eyni zamanda, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətədavamlılığı yüksəlmişdir. Turizmin inkişafı baxımından əlverişli şəraitə malik ölkəmizdə, xüsusilə Qusar, Qəbələ, Göygöl və Gədəbəydə yaradılan istirahət guşələrin fəaliyyəti göstərir ki, Azərbaycan qış turizminin təşkili baxımından hər cür imkanın olduğu ölkələrdəndir. Son illər fəaliyyət göstərən turizm şirkətləri respublikamızın füsunkar bölgələrinə səyahətləri tur paketlər vasitəsilə təşkil edirlər.

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğal altındakı torpaqlarımızı düşməndən azad etməsi xalqımızda böyük ruh yüksəkliyi yaratdığı kimi, ölkəmizin iqtisadi inkişafı üçün də yeni perspektivlər açdı. Bu mənada, azad edilmiş ərazilərdə turizmin inkişaf etdirilməsi daha cəlbedici görünür. Sözsüz ki, dövlətimiz tərəfindən Qarabağın təhlükəsiz zonaya çevrilməsi istiqamətində həyata keçirilən ciddi tədbirlər bu ərazidə turizm infrastrukturunun formalaşmasına və dinamik inkişafına səbəb olacaq. Qarabağın turizm potensialı olduqca zəngindir və yeni yaranan reallıqlar ölkəmizə əlavə investisiyaların cəlb olunması yollarını açacaq.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa və Hadruta səfərlərində dəfələrlə vurğulamışdır ki, biz erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik.

Ölkəmizin qış turizminin, eləcə də digər turizm növlərinin coğrafiyasını genişləndirmək istiqamətində 2020-ci ilin noyabrında 30 illik erməni işğalından azad edilmiş Qarabağ və ətraf rayonlarda imkanlar istənilən qədərdir. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan Qarabağ azadlığına qovuşub. Ekspertlərin fikrincə, yaxın illərdə bu bölgə ölkəmizdə turizmin inkişafına güclü təkan verəcək. Turizm potensialının inkişafı şübhəsiz ki, Azərbaycana iqtisadi baxımdan böyük gəlir gətirəcək.

M.MİRZƏ,

"Respublika".