“QIRMIZI ÜRƏKLƏR” LƏNKƏRANDA
Region

 “QIRMIZI ÜRƏKLƏR” LƏNKƏRANDA

Vətən müharibəsi təzə başlamışdı. Respublikamızın fəal qadınlarından bir qrupu nəcib təşəbbüs irəli sürdülər. Cəbhəyə isti paltar, dava-dərman, meyvə aparmaq, şəhid ailələrinə, qazilərə yardım etmək məqsədilə sosial şəbəkədə qrup halında birləşdilər.

Karantin rejiminin çətinliklərinə baxmayaraq, cəbhəyə paltar, ərzaq, yemək göndərdilər. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına lazımi yardım etdilər.

Sonra “Qırmızı ürəklər”  adlı fond yaratdılar. Çox qısa müddət ərzində 49 nəfərdən ibarət təşəbbüs qrupu xeyriyyəçi insanları ətrafına toplayıb üzvlərinin sayını 200-ə çatdırdı. 2020-ci il dekabr ayının 15-də “Qırmızı ürəklər” xeyriyyə fondu rəsmi qeydiyyatdan keçdi. İşgüzar, fəal ictimaiyyətçi xanım Sevda Haqverdiyeva fondun rəhbəri seçildi.

Üzvlərinin əksəriyyəti Kapital Bankın əməkdaşlarından ibarət olan fondun əsas fəaliyyəti xeyriyyə tədbirləri keçirmək, uşaq evlərində, sığınacaqlarda yaşayan, köməyə ehtiyacı olan insanlara yardım etməkdir. Fonda ölkəmizdə xeyriyyəçi insanlarla yanaşı, xaricdə yaşayan soydaşlarımız da dəstək olur və fondun fəal üzvlərinə çevrilirlər.

Fond, həmçinin ictimai və sosial əhəmiyyətli aksiyalar, maarifləndirmə tədbirləri keçirir, cəmiyyətimiz üçün həssas və vacib olan sosial təşəbbüslərə dəstək verir.

“Qırmızı ürəklər” xeyriyyə fondu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsində canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmış igidlərin xatirəsini əbədiləşdirmək üçün “Vətən bağı” adlı layihəyə start verilib. Layihə çərçivəsində ölkəmizin ayrı-ayrı bölgələrində şəhidlərin sayına uyğun ağac əkilir, parklar salınır. Aksiya zamanı Kürdəmir, Saatlı, Qəbələ və Neftçala rayonlarında 900-ə yaxın ağac əkilib. Bu nəcib işə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, PAŞA Holding və yerli icra hakimiyyəti orqanları dəstək olur. Ağacəkmə aksiyasında fondun üzvləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak edirlər. Analoji aksiyanın respublikamızın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Fondun fəal üzvü, məsləhətçi Fidan Fərzəliyeva ilə söhbət edirik. Fidan xanım Lənkəran şəhər, V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin məzunudur.1996-1997-ci illərdə “Gələcəyin liderləri” proqramı üzrə ABŞ-da təhsil alıb. Qərb Universitetini bitirib, Xəzər Universitetində magistr dərəcəsi qazanıb.  İngiltərənin Nottingham Trent Universitetinin İnsan resurslarının idarə edilməsı ixtisası üzrə aspiranturanı bitirib və Böyük Britaniyanın CİPD (İnsan Resurslarının İnkişafı) institutunun fəal üzvüdür.

Fidan xanım BP şirkətinin İnsanlar və Mədəniyyət (keçmiş İnsan Resursları) departamentində direktor vəzifəsində işləyir. BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə çalışdığı 17 il ərzində uğurlu layihələr həyata  keçirdiyinə və səmərəli nəticələr əldə etdiyinə görə 2021-ci ilin yanvar ayından BP-nin dünya üzrə insan hüquqlarının müdafiəsi sahəsində mütəxəssis vəzifəsinə təyin olunub.

Fidan Fərzəliyeva  “Qırmızı ürəklər” xeyriyyə fondunun Lənkəranla əlaqələrindən söhbət açaraq deyir:

- Fond ehtiyac içində olan insanların həyatına, eləcə də həyatımızın digər sahələrinə dəyər qatır. “Etdiyimiz yaxşılıqlar, gözəl əməllər təzədən özümüzə qayıdır” şüarı ilə fəaliyyət göstəririk.  Fondun xəttilə Lənkəranda 5 qazi ailəsi ilə müntəzəm əlaqə saxlayırıq. Vətən müharibəsində ağır yaralanmış qazilərin müalicəsinə, dərman preparatları ilə təmin olunmasına, mənzil şəraitinin yaxşılaşdırılmasına, nişan və toy mərasimlərinin keçirilməsinə dəstək göstəririk.

Anar Hüseynzadə 2002-ci ilin mart ayının 26-da Lənkəran şəhərində dünyaya göz açıb. Keçən il iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Müharibə başlayanda Goranboy rayonundakı “N” saylı hərbi hissənin əsgəri olub. Murov yüksəkliyi, Talış kəndi və Suqovuşan uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Minomyot zərbəsindən sağ qolundan və ayağından ağır yaralanıb. Naftalan və Yevlax şəhərlərində, Respublika Hərbi Hospitalında müalicə alıb. Qolu 5 dəfə əməliyyat olunub. Əməliyyatına “Yaşat”  fondu da köməklik göstərib.

“Qırmızı ürəklər” fondunun dəstəyilə o, German Hospitalda yenidən əməliyyat olunub. Fidan xanım hər gün hospitala gedib Anara baş çəkib, qazi üçün evdən isti yemək aparıb. Dəfələrlə ona maddi yardım göstərib. Anara müalicəsini davam etdirmək məqsədilə 6 ay müddətində Bakı şəhərində mənzil kirayə edib, onun üçün paltaryuyan maşın, kompüter alıb. Anar Hüseynzadə fondun mərhəmət və xeyirxahlıq missiyasından, Fidan xanımın köməyindən, qayğısından minnətdarlıqla söhbət açdı.

            Bağırovlar ailəsi Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yaşayır. Ailənin üç nəfər üzvü Qarabağ müharibəsinin veteranıdır. Əflatun Bağırov 1992-1996-cı illərdə cəbhə bölgəsində hərbi xidmət edib, müharibənin dəhşətlərini gözləri ilə görüb. Qardaşı Teymur döyüş zamanı yaralanıb, Qarabağ əlilidir. Ağarza da atası Əflatunun və əmisinin yolunu davam etdirib. Keçən ilin sentyabr ayında səfərbərliyə alınıb, Füzuli, Xocavənd uğrunda igidliklə döyüşüb. Minomyot zərbəsindən baş-beyin travması alıb.

Müharibəyə yola düşməmiş qonşu Viyən kəndində Aysun adlı qızla əhdü-peyman bağlayıb. Cəbhədən qayıdandan sonra nişan mərasimi keçirilib. “Qırmızı ürəklər” fondundan Fidan xanımla bir qrup qadın Aşağı Nüvədi kəndinə gələrək nişan mərasiminə qatılıb. Fondun fəal üzvü Pərvin xanım əhd edibmiş ki, Qubadlı işğaldan azad edilsə, öz nişan üzüyünü bir qazinin nişanlısına bağışlayacaq. Ağarzanın  nişanlısının barmağına üzüyünü keçirən Pərvin xanım deyib: “Çox şadam ki, torpaqlarımız işğaldan azad edildi, niyyətim həyata keçdi. Gənclərə xoşbəxtlik, səadət arzulayıram. Heç vaxt Vətənimizin üstünü qara buludlar almasın”.

Qazi Nəcməddin Əhmədov da fondun dəstəyilə müalicə olunaraq sağlam həyata qayıdıb. Suqovuşanda gedən ağır döyüşlərdə kontuziya alıb, nitq qabiliyyətini tamam itirib. Fidan xanımın köməyilə psixiatr, loqoped və digər ixtisaslı həkimlər tərəfindən müalicə olunub. “Mən ömrüm boyu o xanıma minnətdaram”-deyir.

Qazi Anar Quliyev Bakıda yaşayır. İkiotaqlı mənzilinin təmirə ehtiyacı olub. Bu barədə sosial şəbəkədən məlumat alan Fidan Fərzəliyeva qazinin ailəsinə baş çəkir. Evini təmir etdirir, mənzil kombi sistemi ilə təchiz olunur.

Anar müharibədə sol ayağının üçdəbir hissəsini itirib. III qrup əlildir. Fidan xanımın köməyindən, xeyirxahlığından ürəkdolusu danışır. Anası Bəsti xanım deyir ki, gözəl bir atalar sözü var: Aslanın erkəyi, dişisi olmaz. Fidan Fərzəliyeva çox işgüzar, vətənpərvər,  xeyirxah, nəcib bir xanımdır. Onun yaxşılığını həyatımız boyu unudan deyilik. Doğrudan da dünya yaxşılardan xali deyilmiş.

Fidan xanım Bakıda və respublikamızın rayonlarında 20 qazini himayə edir. Onlarla müntəzəm əlaqə saxlayır, səhhətləri, vəziyyətləri ilə maraqlanır, tibbi müayinə və müalicələrinə, mənzillərinin təmirinə, məişət qayğılarının həllinə yardım göstərir.

“Qırmızı ürəklər” fondunun ətrafında  200 könüllü birləşib. Fondda toplanan ianələr hesabına şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına yardımlar edilir. Bayramlarda şəhid ailələrindən olan uşaqlara kitablar, oyuncaqlar, müxtəlif şirniyyatlar, digər hədiyyələr çatdırılır. Fondun ataları müharibədə şəhid olmuş uşaqlara ünvanladığı məktubda bir fikir diqqəti daha çox cəlb edir: “Sən nağıllardan gələn bir qəhrəmanın övladısan. Bunu heç vaxt unutma”.

                                                                                                    Əlisəfa HƏSƏNOV,

                                                                                    “Respublika”.