QIRĞIZISTAN
Türk dünyası

QIRĞIZISTAN

Mərkəzi Asiyada yerləşən Qırğızıstan Respublikası dənizə çıxışı olmayan və ərazisinin əksər hissəsi dağlarla əhatə olunan ölkədir. Ecazkar dağlar ölkənin 80 faizini əhatə etdiyindən, bu ölkəni bəzən "Mərkəzi Asiyanın İsveçrəsi" adlandırırlar. Bu dağların şimal-qərbində yerləşən və ölkənin ən böyük gölü olan İsıkgöl gölü Titikakadan sonra dünyanın ən hündür dağ gölüdür.

Şimalda Qazaxıstan, qərb və cənub-qərbdə Tacikistan, şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəd olan Qırğızıstanın ümumi sahəsi 199.951 kvadratkilometrdir. Subtropik və mülayim iqlim qurşağında yerləşdiyi üçün torpaq və bitki örtüyü yüksəkliyinə görə və yamacların səmtindən asılı olaraq kəskin surətdə dəyişir. Dağətəyi qapalı çökəkliklərdə və dağların qərb yamaclarında, əsasən boz və boz-qonur torpaqlar, səhra və yarımsəhra bitkiləri inkişaf etmişdir. Çox yağıntı olan yüksəkliklərdə küknar, qoz meşələri, Türküstan, Alatau, Talas dağlarında isə meşə kolları yayılmışdır. Dağlıq zonada hündürlükdən asılı olaraq dağ-çöl, dağ-çəmən, dağ-tundra bitkiləri geniş yer tutur və bu da heyvandarlığın inkişafında böyük rol oynayır. Bütün bu sadalanan iqlim xüsusiyyətləri qırğız xalqının həyat tərzinə, məişətinə, mədəniyyətinə öz təsirini göstərir.

Qırğızıstan iqtisadiyyatında ən önəmli yeri aqrar-sənaye sahəsi tutur. Cəmi 1.4 milyon hektar əkin sahəsi olmasına baxmayaraq, Qırğızıstanda ildə on minlərlə ton pambıq, taxıl, tütün, üzüm, kartof və s. yığılır. Bu ölkədə bağçılıq və üzümçülük də inkişaf etmişdir. Qırğızıstanda ildə 15 min tondan çox yun istehsal edilir. Tarix boyu köçəri həyat tərzi sürən qırğız xalqının bütün dövrlərdə əsas məşğuliyyəti heyvandarlıq olmuşdur. Əsasən qoyun, at və dəvə saxlayan qırğızlar ev heyvanlarını yemlə təmin etmək üçün yayda dağlara, yaylağa, qış gələndə isə arana köçürdülər. Yaylağa köç etmək qırğızlar üçün əsl bayrama çevrilirdi. Atları və dəvələri müxtəlif rəngli gözəl, parlaq ornamentləri olan xalçalarla bəzəyirdilər. Karvanın qabağında isə milli geyimdə ən gözəl qız gedirdi. Karvan harda dayanardısa, o zaman orada yaşayanlar köçəriləri qonaqpərvərliklə qarşılayar, onları sərinləşdirici içkilərə qonaq edər və uğurlu yol diləyərdilər. Köç etməzdən əvvəl qırğızlar müxtəlif ayinlər keçirirmişlər ki, gələn mövsümdə yenidən bu yaylağa qayıtsınlar. Əsrlər keçsə də, qırğız xalqı köçəri həyat tərzinin ənənələrini bu gün də qoruyub saxlayırlar.

Qırğızların milli geyimləri xalqın mədəniyyətinin mühüm bir hissəsidir. Köçəri həyat tərzinə uyğun hazırlanan milli geyimlər xüsusi biçimi ilə fərqlənir. Ənənəvi qırğız kostyumları əsasən heyvan dərilərindən və qaba yundan hazırlanır, kifayət qədər geniş, uzun çarpaz bağlanan ətəkləri qurşaq və ya dəri kəmərlə bağlanır. Qırğız baş geyiminin əsas növləri - keçədən olan "kalpak", tülkü, quzu və maral dərisindən tikilən "madaxay", məxmər və mahud parçadan tikilən "tebetey" adlı papaqlardır. Zinət əşyalarına gəldikdə qırğız xanımları əsasən gümüş, mərcan və firuzədən istifadə edirdilər. Bu daşların müalicəvi xüsusiyyətlərinə inanan qadınlar bununla həm öz gözəlliklərini göstərir, həm də xəstəliklərdən qorunurdular. Keçmişdə qırğız geyimlərində çox zaman düymə əvəzinə pul sikkələrindən istifadə olunurdu. Bu, təkcə geyimin atributu kimi çıxış etmir, eyni zamanda bu yolla ailə əmanətini öz üzərində qoruyub saxlayırdı. Qırğızların geyimlərinin daha bir vacib detalını ornamentlər təşkil edirdi. Belə ki, vurulan hər bir naxışın öz mənası var idi. Məsələn, günəş dairəni, üçbucaq isə dağları simvolizə edir. Bədii tikmə vasitəsilə həm də mühüm məlumat çatdırırlar. Məsələn, "tuş kiyiz" xalçasından tikilən şapanın üzərində sahibin adı və doğulduğu il tikilirdi. Belə yazılar nəsildən-nəslə ötürülən salnamə idi. Ənənəvi qırğız geyimlərində naxışların, sapların və parçaların rəngləri də mühüm yer tuturdu. Təzad təşkil edən ağ və qara rənglər var-dövləti cəlb etmək üçün, təbiət gücünü təmsil edən qırmızı rəng qan xəstəliklərindən, sarı rəng isə daxili orqanları müxtəlif xəstəliklərindən qorumaq üçün istifadə olunurdu.

Qonaqpərvərliyi, mehribanlığı və səmimiliyi ilə seçilən qırğızlar xalq yaradıcılığı, milli oyunları, yerli sənətkarların əsərləri, milli geyimləri, mətbəxi və yaşayış yerlərinin orijinallığı ilə seçilirlər. Bu xalqın mətbəx və süfrə mədəniyyəti də qədim tarixə malikdir. Bütün Asiya ölkələrində olduğu kimi, qırğızlarda da plov yeməklərin şahı hesab olunur. Müxtəlif şorbalar, əriştə, lağman, mantı mastava, oromo da məşhur yeməklərindəndir. Qidanı uzun müddət saxlamaq üçün fərqli bişirmə üsulları var. Yeməklərdə əsasən, qoyun, dana və xüsusən sevimli və qiymətli at ətindən istifadə edirlər. Qırğızların ən sevimli yeməyi "beş barmaq"dır. Bu yeməyi adətə görə əl ilə yeyirlər. Milli içkiləri - kumıs, ayran, qaymaq və s.-dir. Bayram süfrələrinin bəzəyi çörək adətən yuxa şəklində olur və onu qazanda, tavada, təndirdə bişirirlər. Bayramlarda isə xüsusi olaraq yağda qızardılmış şirin xəmirdən "borsoki" hazırlanır. Yeməyin yanında verilən yaşıl və qara çay südlə, qaymaqla, ərinmiş yağla içilir. Qırğızların fikrincə, uzun səyahətdən sonra çay yorğunluğu aradan qaldırır, tutumlu və kalorili yeməkdən sonra orqanizm üçün əsl xilaskar rolunu oynayır.

Qırğız xalqı uzun və çətin bir tarixi inkişaf və formalaşma yolu keçmişdir. Dünyanın qeyri-maddi mədəni irs xəzinəsinə müxtəlif janrlarda təqdim olunan misilsiz folklor əsərlərinin ən parlaq nümunəsi olan şifahi xalq sənəti qırğız xalqının həyatını, etnik tərkibini, təsərrüfatını, adət-ənənələrini, davranış tərzini, estetik zövqlərini, etik normalarını, təbiət haqqında fikirlərini əks etdirir. Türk xalqlarının bədii təfəkkür tarixində möhtəşəm iz qoymuş, öz dərinliyi və zənginliyi ilə seçilən dünyaca məşhur "Manas" dastanı qırğız xalqının müstəqilliyinin, ədalət və xoşbəxt həyat uğrunda çoxəsrlik mübarizəsinin ən dolğun və geniş bədii əksidir. Dünyaşöhrətli yazıçı, akademik Çingiz Aytmatovun yaradıcılığının zirvəsi hesab edilən "Manas" eposu həcminə görə iyirmi dəfə İliada və Odissey, beş dəfə - Şahnamə, iki dəfə - Mahabharatadan böyükdür.

Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdır. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə qədər gedib çıxır.

Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulmuşdur. Diplomatik əlaqələrin yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında bütövlükdə siyasi, iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etdirmişdir. Müstəqilliyinin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı ulu öndər Heydər Əliyev və Qırğızıstanın sabiq prezidenti Əsgər Akayev arasında keçirilən ikitərəfli görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmləndirmək üçün ortaq adət-ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu da vurğulanmışdır. 1995-ci ilin avqustunda Heydər Əliyev Türkdilli Dövlət Başçılarının üçüncü Sammitində iştirak etmək üçün Qırğızıstana səfəri zamanı Bişkekdə "Manas" dastanının 1000 illik yubileyinə həsr edilmiş tədbirdə də iştirak etmişdir. Əsgər Akayevin Azərbaycana ilk rəsmi səfəri 1997-ci il aprelin 23-də Heydər Əliyevin dəvəti ilə baş tutmuşdur. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmiş, nümayəndə heyətinin iştirakı ilə Azərbaycan-Qırğızıstan danışıqları aparılmışdır. Səfər zamanı Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında saziş, turizm sahəsində əməkdaşlıq haqqında sazişlər də daxil olmaqla müxtəlif sahələri əhatə edən sənədlər imzalanmışdır.

Qırğızıstanın sabiq prezidenti Əsgər Akayev 1998-ci il sentyabrın 7-8-də Bakıda keçirilən TRACECA proqramı çərçivəsində tarixi İpək Yolunun bərpasına həsr olunan beynəlxalq konfransda iştirak etdiyi zaman "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş" və onun Texniki Əlavələri sənədi imzalanmışdır. Bundan başqa, 2000-ci il aprelin 8-9-da Türkdilli Dövlət Başçılarının Bakıda keçirilmiş VI Zirvə görüşündə və "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubiley tədbirlərində də dövlət başçıları qarşılıqlı nitq söyləmişlər. Heydər Əliyev və Əsgər Akayevin növbəti görüşü 25 yanvar 2000-ci ildə baş tutmuşdur.

2001-ci ilin 26-27 aprel tarixlərində İstanbulda Türkdilli Dövlət Başçılarının Zirvə Toplantısı keçirilmiş, həmin ilin 1-3 avqust tarixində Soçi səhərində MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşləri olmuşdur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət Qırğızıstan və Azərbaycan arasında münasibətlərin perspektivlərinə dərin inam hissi oyadır. 17 noyabr 2006-cı il tarixində Antalyada keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının VIII Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyev Qırğızıstanla humanitar və energetika sahəsində əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü vurğulamışdır. 3 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhərində Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə görüşündə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sazişin vacibliyi müzakirə olunmuşdur.

Qırğızıstan və Azərbaycan ölkələrinin artan beynəlxalq nüfuzu, iqtisadi inkişafının perspektivi, coğrafi və geosiyasi vəziyyəti, eləcə də iki türk xalqı arasında tarixən yaranmış dostluq və qardaşlıq əlaqələrini nəzərə alaraq, iqtisadi-ticari, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı surətdə ikitərəfli faydalı əməkdaşlığın geniş spektrdə güclənməsinə diqqət yetirir. Hər iki respublikanın dövlət başçıları keçirilən görüşlərdə neft-qaz, energetika, turizm, maliyyə və bank sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə, birgə müəssisələrin yaradılmasına, sahibkarlıq subyektləri və birlikləri arasında əlaqələrin gücləndirilməsinə, mədəni əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirlər. 2016-cı ildə MDB Dövlət Başçıları Şurasının iclasında, 2018-ci ildə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün Qırğızıstana səfər edən İlham Əliyev keçirilən görüşlərdə əlaqələrin inkişafına mühüm töhfələr vermişdir.

İkitərəfli münasibətlərdə qardaşlıq, dostluq əlaqələri açıq-aydın görünür. 2022-ci il aprelin 20-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq tarixində yeni səhifə açmışdır. Yüksək səviyyədə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin mahiyyəti yaxın gələcəkdə ikitərəfli əməkdaşlığın daha da genişlənəcəyini söyləməyə əsas verir. Səfər çərçivəsində dövlət başçıları tərəfindən birgə bəyanat və nəqliyyat tranzit, iqtisadi və humanitar sahələr üzrə 10 sənəd imzalanmışdır. Dövlət başçılarının birgə bəyanatında Qırğızıstanın və Azərbaycanın bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədikləri bir daha təsdiqlənmişdir. Azərbaycanla Qırğızıstan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərən sənədlər, eyni zamanda, türk birliyinin, türkdilli ölkələr arasında münasibətlərin güclənməsinin təzahürüdür.

Ticarət əlaqələri Azərbaycan-Qırğızıstan əməkdaşlığının əsas istiqamətlərindəndir. Bu sahədə kifayət qədər istifadə olunmayan potensial mövcuddur ki, bunu xüsusilə də iqtisadiyyatın dağ-mədən və elektrotexnika sənayesi kimi sahələrində, kənd təsərrüfatında, istehsal kooperasiyasının inkişafında, birgə müəssisələrin təşkilində və qarşılıqlı ticarət dövriyyəsində malların çeşidlərinin artırılmasına cəlb etmək olar. Bununla belə, ölkələrimiz arasında ticarətin həcmi bu sahədə potensialı tam əks etdirmir. Ticarət, eləcə də investisiya sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar daha böyükdür və bu istiqamətdə qarşılıqlı səylərin artırılması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif sahələrdə 60-a yaxın Qırğızıstan şirkəti fəaliyyət göstərir. Ölkələrimiz arasında mövcud olan və getdikcə möhkəmlənən iqtisadi əlaqələr təkcə Azərbaycanda və Qırğızıstanda deyil, bütün regionda əməkdaşlığın genişlənməsinə, inkişafın davamlı olmasına xidmət edir

İki qardaş ölkə həm Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində, həm də ikitərəfli formatda mədəni sahədə əməkdaşlıq edir. Qırğızıstanda hər zaman Azərbaycanın mədəniyyətinə, film, tamaşa və bədii əsərlərinə böyük maraq olub.

Bu gün Azərbaycanın elm və mədəniyyət xadimlərinin qırğız ictimaiyyətinə tanıdılması üçün mühüm addımlar atılır. TÜRKSOY-un nəşr etdirdiyi "İmadəddin Nəsimi dünya dillərində" kitabının ötən il Bişkekdə Qırğızıstan Milli Kitabxanasında və Qırğızıstan-Türkiyə Manas Universitetində keçirilən təqdimatı, 9 aprel 2000-ci ildə Kitabi-Dədə Qorqud dastanının 1300 illik yubiley mərasimi, 2008-ci ilin fevral-mart aylarında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 80 illiyi münasibətilə Azərbaycanda bir sıra təntənəli tədbirlərin keçirilməsi iki xalqın bir-birinə olan diqqətinin təzahürüdür.

Qırğızıstan və Azərbaycan Respublikası İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. Bu təşkilatlarda əməkdaşlıq sahələri aktual beynəlxalq və regional məsələlərin həlli üzrə xarici siyasi yanaşmaların təkmilləşdirilməsindən və uzlaşdırılmasından tutmuş ticari-iqtisadi və humanitar sahələr üzrə əməkdaşlığın geniş spektrdə nizamlanmasına qədər olduqca genişdir.

Qırğız xalqı Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında baş verən möhtəşəm uğurları və dəyişiklikləri böyük diqqət və ruh yüksəkliyi ilə izləyir. Şübhəsiz, bu dost ölkə öz gücünə və insan potensialına əsaslanaraq müstəqilliyinin gücləndirilməsində, beynəlxalq arenada öz mövqeyinin möhkəmləndirilməsində və xalqın rifahının yaxşılaşdırılmasında mühüm uğurlar əldə edir. İki qardaş ölkə arasında yaranmış həqiqi dostluq münasibətləri, sıx əməkdaşlıq və ehtiram, eləcə də regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi ölkələrimizin maraq dairəsi çərçivəsində inkişaf edəcək. Bu da hər iki dövlətin hökumət və xarici siyasət dairələrinin sonrakı fəaliyyətinin əsasına çevriləcək.

Arzu ASİFQIZI,

"Respublika".