Qida təminatımızda heyvandarlıq məhsulları müstəsna əhəmiyyətə malikdir
İQTİSADİYYAT

Qida təminatımızda heyvandarlıq məhsulları müstəsna əhəmiyyətə malikdir

Ötən il hər inək və camışdan orta hesabla 1687 kiloqram (əvvəlki ildəkindən 34 kiloqram çox) süd sağılıb

Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. Daha dəqiq desək, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixracyönümlü məhsulların yetişdirilməsi, heyvandarlığın inkişafı istiqamətində görülən işlər, o cümlədən bir sıra ənənəvi baramaçılıq, tütünçülük, üzümçülük və bu kimi sahələrin yenidən dirçəldilməsi istiqamətində atılan addımlar Azərbaycanda kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan verib. Heç şübhəsiz, bu məsələdə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr də mühüm rol oynayıb. Eyni zamanda, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən aqrar sektorun dinamik və sürətli inkişafını təmin etmək üçün bölgələrdə əsaslı və davamlı tədbirlər görülür, yeni texnikalar alınır, sahibkarlığın inkişafına stimul verən addımlar atılır.

Bu məqamda vurğulamaq lazımdır ki, iqtisadi inkişaf mərhələsini yaşayan Azərbaycan dövləti özünün etibarlı ərzaq təhlükəsizliyini təmin etməyi strateji hədəf kimi qarşıya qoyub. Bu məqsədlə regionlarda aqrar sektorun ahəngdar inkişafını təmin etmək, ərzaq məhsulları, o cümlədən də heyvandarlıq məhsullarının istehsalını artırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Heyvandarlıq təsərrüfatlarında intensiv metodların tətbiqi, yem bazasının möhkəmləndirilməsi, səmərəli satış mexanizminin qurulması, fermerlərə subsidiyaların verilməsi, ayrı-ayrı bölgələrdə layihələrin reallaşdırılması bu qəbildən olan tədbirlərdəndir.

 Prezident İlham Əliyevin heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq Sərəncamı da bu sahədə işlərə güclü təkan verib. Sərəncama əsasən yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya verilir. Qeyd olunmalıdır ki, ölkə başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezidentin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanıb. “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək. Məhsuldarlığın artması fermerlərin gəlirlərinin artmasına, onların maddi rifah halının yaxşılaşmasına şərait yaradacaq.

Bir sözlə, ölkəmizdə heyvandarlığın inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Heyvandarlıq Assosiasiyasının (AHA) üzvləri ilə görüşlər də keçirilib. 

Dövlətin heyvandarlığın inkişafına yönələn ardıcıl dəstəyi təbii ki, öz müsbət nəticəsini verir. 2020-ci il üzrə kənd təsərrüfatı ümumi məhsulun faktiki qiymətlərə dəyəri 8,5 milyard manata yaxın olub. Bunun da 4,4 milyard manatını heyvandarlıq məhsulları təşkil edib, əvvəlki illə müqayisədə sahədə 3,1 faiz artım olub.

Göstərilən dövrdə diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 591,1 min ton, süd istehsalı 1,9 faiz artaraq 2 milyon 192,5 min ton, yumurta istehsalı 4,3 faiz artaraq 1 milyard 906,2 milyon ədəd, yun istehsalı 0,2 faiz artaraq 16,1 min ton olmuşdur. 2020-ci ildə hər inək və camışdan orta hesabla 1687 kiloqram (2019-cu ildə 1653 kiloqram) süd sağılmışdır, yəni 34 kiloqram artım vardır.

01 yanvar 2021-ci ilə qədər ölkədə 8 milyon 156,9 min baş qoyun və keçi, 2 milyon 647,9 min baş iribuynuzlu mal-qara mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 48,3 faizini inək və camışlar təşkil edir, onların sayı əvvəlki ilə nisbətən 1,3 min baş artmışdır.

Mal-qaranın dinamik inkişafı bu ilin birinci yarısında da davam etdirilmişdir. Belə ki, Sabirabad (124 min başdan çox), Bərdə (100 min başa yaxın), Cəlilabad (95 min başdan çox) ölkənin ən çox iribuynuzlu mal-qaraya sahib rayonları kimi formalaşmışlar.

Beyləqan (300 min başdan çox), Şəki (300  min baş), Ağcabədi (250 min başdan çox) rayonları isə xırdabuynuzlu heyvanların üstünlük təşkil etməsi ilə fərqlənmişlər.

Bu ilin birinci yarısında ölkədə 268,6 min ton ət (ötən ilin müvafiq dövründən 103,1 faiz çox), 1 milyon 75 min tondan çox süd istehsal (101,8 faiz çox) edilib.

Göründüyü kimi, heyvandarlıqda dinamik inkişaf davam edir.

Nəriman CAVADOV,
“Respublika”.