QHT rəhbərləri Ağdamda erməni vəhşiliyini öz gözləri ilə görüblər
Digər xəbərlər

QHT rəhbərləri Ağdamda erməni vəhşiliyini öz gözləri ilə görüblər

Avqustun 17-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Pənahəli xanın Ağdam şəhərində yerləşən imarəti və İmarət stadionu ilə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ermənilərin vəhşiliyinə məruz qalan tikili barədə məlumat verib. Bildirilib ki, erməni vandalizmi təkcə yaşayış yerlərindən deyil, Azərbaycanın tarixi abidələrindən də yan keçməyib.

Sonra qonaqlar şəhər mərkəzində yerləşən Ağdam Cümə məscidini ziyarət ediblər. Qeyd edilib ki, digər tarixi abidələrimiz kimi, 1868-ci ilin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan olunub, yandırılıb. Binanın minarələrinin uçurulmamasına səbəb isə erməni işğalçılarının buradan müşahidə məntəqəsi kimi istifadə etməsi olub. Məhz Cümə məscidinin minarələrindən ətrafı asan müşahidə etmənin mümkünlüyü tarixi abidənin xilasına səbəb olub. Buna baxmayaraq, bütün müqəddəs məkanlarımız kimi, bu məscidin də ibadət zalından erməni vandalları heyvan saxlamaq üçün istifadə ediblər.

Həmçinin səfər iştirakçıları erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilən Ağdam şəhərinin dağıntıları ilə tanış olublar. Şəhər Dram teatrının salamat qalan bir divarına baxış keçirilib.

Daha sonra səfər iştirakçıları Ağdamın Qiyaslı kənd məscidinə gəliblər. Məlumat verilib ki, dini adətləri heçə sayan və barbarlıq nümayiş etdirən ermənilər Qiyaslı məscidindən də tövlə kimi istifadə edib.

Səfər planına uyğun olaraq, nümayəndə heyəti Şahbulaq qalasına da baş çəkiblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

Daha sonra QHT rəhbərləri Ağdam şəhərinin mərkəzində inşaat işlərinin aparıldığı əraziyə gəliblər.

Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlini qoyub, park-meşədə ağac əkib. Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir.

Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqlar üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək. Həmçinin Ağdamda Sənaye Parkı da yaradılacaq. Park qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TİR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək.

QHT rəhbərləri Ağdam şəhəri üçün yeni məscid nümunələri, bina tipologiyaları və şəhərətrafı obyektlər, yol-nəqliyyat infrastrukturu ilə tanış olublar. Diqqətə çatdırılıb ki, Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.

AZƏRTAC