QHT-lərə Dövlət Dəstəyi Agentliyi akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Digər xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyi akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın əziz xatirəsini yad etmək, onun zəngin həyat və fəaliyyətinə bir daha nəzər salmaq olub. Əvvəlcə akademik Zərifə Əliyevanın mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilib.

Tədbirdə Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev, Respublika Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Fatma Səttarova və digərləri çıxış edərək akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi, mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyini bildiriblər.

Vurğulanıb ki, Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Tədbirdə, həmçinin həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyevanın respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etməsindən, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslinin formalaşdırmasından danışılıb.

Tədbirdən sonra dövlət rəsmiləri və QHT nümayəndələri Fəxri xiyabanda oftalmoloq-alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Ü.VAHİDOĞLU,

“Respublika”.