Qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətimizin prioritetidir
İQTİSADİYYAT

Qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətimizin prioritetidir

Ötən il dəyəri 72,5 milyard manatlıq olan ÜDM-in 50,8 milyard manatı bu sahənin payına düşür

Bu il yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Müşavirədə dövlət başçısı deyib ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb.

Daha sonra dövlət başçısı kənd təsərrüfatının inkişafından, Cənub Qaz Dəhlizinin tam istismara verilməsindən, enerji sahəsində həyata keçirilən layihələrdən, beynəlxalq təşkilatların Azərbaycanda gedən işlərə verdikləri qiymətdən, hökumətimizin uzunmüddətli strategiyasından söhbət açıb. Başqa sözlə, qeyri-neft sektoru müşavirənin gündəliyində aparıcı yer tuturdu.

Bu da təsadüfi deyil. Çünki qeyri-neft sektorunun inkişafı bizim iqtisadiyyatımızda prioritetdir. Bu, Prezidentin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilən milli iqtisadiyyat və onun əsas sektorları üzrə Strateji Yol Xəritəsində də öz əksini və təsdiqini tapıb.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi ardıcıl qəbul edilən Dövlət proqramlarında da prioritet olub. Qəbul edilən ilk Dövlət Proqramında (2004-2008-ci illər) göstərilir ki, sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər nəticəsində ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi 1995-ci ildəki 30 faizdən 2003-cü ildə 73 faizə çatıb.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda isə göstərilir ki, son 10 ildə qeyri-neft sektoru 2,6 dəfə artmışdır.

Dövlətin qeyri-neft sektorunun inkişafına verdiyi dəstək sayəsində son 8-10 ildə bu sahədə qazanılan uğurlara rəqəmlərin dili ilə qısa nəzər salaq. Məsələn, 2012-ci ildə 53 milyard 995 milyon manatlıq Ümumi Daxili Məhsulun (ÜDM) 28,5 milyard manatını qeyri-neft sektoru məhsulları təşkil etmişdir. Beləliklə, əvvəlki ilə - 2011-ci ilə nisbətən qeyri-neft sektorunun məhsul həcmi 109,4 faiz artmışdır.

2016-cı ildə həmin rəqəmlər müvafiq olaraq 60 milyard manata yaxın və 39,5 milyard manat olub. Yəni 28,5 milyard manat 39,5 milyard manata yüksəlib.

Ötən il işğal etdiyi torpaqlarımızı Ermənistandan azad etmək uğrunda müharibə aparmağımıza və pandemiyaya qarşı mübarizəyə rəğmən ölkəmizdə qeyri-neft sektorunun xüsusi çəkisi yenə azalmayıb. Belə ki, ötən il 72,5 milyard manata yaxın dəyərində ÜDM istehsal olunub, bunun da 50 milyard 792,5 milyon manatı qeyri-neft sektorunundur.

Qeyri-neft sektorunun əsas sahələrindən biri olan kənd təsərrüfatında ötən il dəyəri 8,5 milyard manata yaxın məhsul istehsal olunub. O cümlədən bitkiçilikdə dəyəri 4 milyard manatdan, heyvandarlıqda 4,4 milyard manatdan artıq məhsul istehsal olunub.

Nəqliyyat sektorunda yük daşımalarının həcmi 190 milyon tona yaxınlaşıb. Sərnişin daşınması isə 1,2 milyard sərnişin təşkil edib. İnformasiya və rabitə xidmətlərinin həcmi artaraq 2,3 milyard manata çatıb. Pərakəndə ticarət dövriyyəsi 40 milyard manatı ötüb, əhaliyə göstərilən ödənişli xidmətlər isə 7 milyard manata yaxınlaşıb.

Göründüyü kimi, ötən il qeyri-neft sektorunun bütün sahələri, Ermənistanla müharibəyə və pandemiyaya rəğmən, azalmamışdır.

Amma dünyada başqa proseslər cərəyan edir.

Dünya bazarında xam neftin qiymətinin ucuzlaşması və bütövlükdə iqtisadi inkişafın xarakterinə qlobal təzyiqlərin artması müvafiq Strateji Yol Xəritəsinin işlənib hazırlanmasını və reallaşdırılmasını sürətləndirdi. Bu reallığı nəzərə alan Azərbaycan hökuməti milli iqtisadiyyatın inkişafını təmin edəcək konseptual sənədi -  Strateji Yol Xəritəsini qəbul etdi. Prezident İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri” qəbul olundu. Qeyd etmək yerinə düşər ki, milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, üç dövrü - 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövrü əhatə edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji yol xəritələrinin uğurlu icrası makroiqtisadi sabitlik, qeyri-neft sektorunun və ixracının artımı, ticarət və fiskal balansın yaxşılaşması, əlverişli biznes mühiti və sərmayə cəlbi, infrastrukturun davamlı təkmilləşdirilməsi və əhalinin sosial rifahı, habelə ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir.

Strateji yol xəritələri haqqında sənəddə deyilir ki, bu, iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahını daha da artıracaq, investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış imkanlarını genişləndirəcək və insan kapitalının inkişafına yardım edəcək. Bunun nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyinin daha da gücləndirilməsi və yüksək gəlirli ölkələr qrupuna daxil olması planlaşdırılır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qiymətləndirməsinə görə, sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir. Mütəxəssislər vurğulayırlar ki, ciddi təhlillər üzərində qurulan Strateji Yol Xəritəsində Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınmışdır. Ən əsası, strateji yol xəritələrinin layihələri hazırlanarkən maraqlı tərəflərin, Vətəndaş Cəmiyyəti İnstitutlarının rəy və təklifləri də diqqətdən yayınmamışdır. Nəzərdə tutulan layihələr neft-qaz, kənd təsərrüfatı, istehlak malları istehsalı, ağır sənaye və maşınqayırma ixtisaslaşmış turizm, logistika və ticarət, əhalinin müvafiq qiymətə mənzil təminatı, peşə təlimləri, maliyyə xidmətləri, telekommunikasiya və kommunal xidmət sahələrini əhatə edir. Xüsusilə vurğulamaq lazımdır ki, konseptual sənədin həyata keçirilməsində başlıca məqsəd iş yerlərinin yaradılması, mənzil təminatı, təhsil və səhiyyə xidmətləri, kommunal xidmətlər və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçid yolu ilə yoxsulluğun azaldılmasıdır. Qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir.

Dövrün iqtisadi inkişaf perspektivinin fundamental əsası - makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya qoyuluşlarının təşviqi və dəstəkləyici dövlət sektorunun yaradılmasıdır. 11 sektor üzrə hazırlanmış və təsdiqlənmiş 12 yol xəritəsinin altısı bilavasitə real sektorla, o cümlədən neft-qaz və kimya məhsullarının, kənd təsərrüfatı məhsullarının istehsalı, turizm sektorunun inkişafı ilə bağlıdır. İki sahə bilavasitə sosial məsələlərlə əlaqədardır. Dünya təcrübəsi göstərir ki, bu gün milli iqtisadiyyatların davamlı inkişaf modelinə keçidinin təmin edilməsi həlledici dərəcədə insan kapitalının həcmi və keyfiyyəti ilə bağlıdır. Telekommunikasiya və maliyyə-bank sektorunun inkişafı da konseptual sənədin hədəf mərkəzindədir. Strateji Yol Xəritəsində logistika və ticarətin inkişafı da prioritet istiqamət təşkil edir.

Nəriman CAVADOV,

“Respublika”.