Qeyri-neft sektorunun inkişafı əhalinin iqtisadi fəallığının yüksəlməsinə təkan verir
İQTİSADİYYAT

Qeyri-neft sektorunun inkişafı əhalinin iqtisadi fəallığının yüksəlməsinə təkan verir

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişaf etdirilməsi iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, özəl sektorun payını və rolunu artırmaqla sahibkarlığa güclü təkan verir. Eyni zamanda, bu sahəyə dövlət dəstəyi nəticəsində sahibkarlıq subyektlərinin sayının artması və özəl sektorda yeni iş yerlərinin yaranması da ölkədə məşğulluğun təmin olunmasına öz töhfəsini verir. Yaranmış siyasi sabitlik və ölkəmizin dünyada günü-gündən artan nüfuzu xarici investorların ölkəmizə marağının daha da artmasına səbəb olub.

Həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində ölkəmizdə özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ÜDM-də payı 81 faizə, məşğulluqda isə 77 faizə çatıb.

Ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6 faizi kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisiyalarda payı artır. Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin yüksəldilməsi, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması və institusional dəstək mexanizmlərinin formalaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. Agentlik tərəfindən KOB-ların iqtisadiyyatda rolunun və rəqabət qabiliyyətinin, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi istiqamətində müxtəlif təşviq və dəstək mexanizmləri həyata keçirilir. KOB dostu ofisləri, KOB İnkişaf Mərkəzləri, KOB-lar üçün təhsil, elm, tədqiqat layihələrinin maliyyələşdirilməsi, "Startap şəhadətnaməsi"nin verilməsi buna misal ola bilər.

Azərbaycan iqtisadiyyatının sürətli inkişaf dinamikası və çoxşaxəliliyi uğurlarımızı şərtləndirən vacib amillərdəndir. Ölkə rəhbərinin qeyd etdiyi kimi, qeyri-neft sektorunun artan templərlə inkişafı həyata keçirilən siyasətin nəticəsidir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar ölkəmizin neftdən asılılığını azaltmaqla yanaşı, yoxsulluq səviyyəsinin minimuma enməsinə, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə imkan yaratmışdır.

Bu gün Azərbaycanda özəl sektor sərbəst bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilib. Sahibkarlığın inkişafı, kiçik və orta biznes şəbəkəsinin genişlənməsini təmin etmək üçün ardıcıl tədbirlər görülür. Güzəştli kreditlərin ayrılması, sahibkarların iş əmsalını yüksəltmək üçün yersiz müdaxilələrin qarşısının alınması və digər problemlərin həlli yolları düzgün araşdırılır, milli iqtisadiyyatın dinamik inkişafına hərtərəfli zəmin yaradılır.

Hər bir ölkənin davamlı və sabit inkişafını şərtləndirən mühüm amillərdən biri sahibkarlığın inkişafı, iş adamlarının fəaliyyəti üçün normal şəraitin yaradılmasıdır. Müstəqil Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq ictimai həyatın bütün sahələrində davamlı yüksəlişə nail olması, qarşıya qoyulan məqsədlərə doğru inamla irəliləməsi ilk növbədə, bu sahəyə göstərilən qayğının nəticəsidir.

Azad sahibkarlığın inkişafına yönəldilmiş sabitlik, tərəqqi və demokratikləşmə prosesi ildən-ilə daha da güclənir, davamlı inkişafa çevrilir. Halal yolla maddi imkanlarını artıran hər bir insan üçün maneəsiz və sərhədsiz biznes mühiti yaradılır, özəl sektorun imkanları genişləndirilir.

Respublikamızda bu gün sahibkarlığın inkişafı dövlət siyasətinin mühüm istiqamətin çevrilib. Ölkəmizin uğurlarında sahibkarların rolunu xüsusi dəyərləndirən Prezident İlham Əliyev onların fəaliyyətinə süni problemlərin yaradılmasının yolverilməzliyini qətiyyətlə bəyan edib. Sahibkarları gərəksiz müdaxilələrdən himayə edən dövlət başçısı çıxışlarının birində demişdir: "Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində bütün işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə, ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət daşıyır".

Azərbaycan Prezidenti bu sahəyə dəstəyini artırmaqla sahibkarların güvənc və kömək yeri, himayədarı olduğunu bir daha təsdiqlədi. Dünya iqtisadi məkanının bir parçası olan Azərbaycan dünyaya inteqrasiya prosesini sürətləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Qlobal regional layihələrin həyata keçirilməsi, iqtisadiyyatımızın şaxələndirilməsi və azad sahibkarlığa dövlət dəstəyi yolu ilə qeyri-neft sektorunun davamlı inkişafı ölkəmizin hərtərəfli tərəqqisini, iqtisadi müstəqilliyini tam şəkildə təmin edir.

Neftdən gələn gəlirlər hesabına bu gün regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində düşünülmüş strategiya həyata keçirən Azərbaycan hökuməti bu sahədə mühüm nailiyyətlərə imza atmışdır. Sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirilən son on doqquz il həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. 2004-cü ildən həyata keçirilən regional inkişaf Dövlət proqramlarında biznes mühitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin öz əksini tapması da təsadüfi olmayıb, bu, bölgələrin tərəqqisi prosesində özəl sektorun imkanlarını səfərbər etmək, sosial xarakterli mərhələlərin həllində sahibkarların fəal iştirakına nail olmaq istəyindən irəli gəlmişdir. Ötən illərdə həyata keçirilmiş regional inkişaf proqramları respublikamızın bölgələrində yerli və azad sahibkarlığın, yeni istehsal və emal müəssisələrinin açılmasına, işsizlik və yoxsulluq probleminin əsaslı dərəcədə həllinə ciddi təkan vermişdir. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli məqsədilə yeni mexanizmlər tətbiq edilmişdir.

Dövlətimiz bundan sonra da azad sahibkarlığın, qeyri-neft sektorunun inkişafına öz dəstəyini verəcəkdir.

M.MİRZƏ,

"Respublika".