Qətiyyətli mövqeyimizin növbəti nümunəsi
MÜSAHİBƏLƏR

Qətiyyətli mövqeyimizin növbəti nümunəsi

"Laçın şəhərinin, Zabux və Sus yaşayış məntəqələrinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Azərbaycana təhvil verilməsi Prezident İlham Əliyevin milli maraqlarımıza münasibətdə nümayiş etdirdiyi prinsipial, qətiyyətli və güzəştsiz mövqeyinin növbəti nümunəsidir". Bunu əməkdaşımızla söhbətində Milli Məclisin deputatı Azər Kərimli deyib. Deputat daha sonra bildirib ki, Azərbaycan Prezidenti nəyi nə vaxt və necə edəcəyini çox yaxşı bilir.

İşğalçı Ermənistan üzərində böyük Zəfərimizi təmin edən 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi üçün 2003-cü ildən etibarən yürütdüyü, çoxsaylı komponentlərdən və uzunmüddətli strateji gedişlərdən ibarət olan siyasətinin bir sıra məqamları çoxları üçün aydın oldu. Bəlli oldu ki, cənab İlham Əliyevin həm iqtisadi, həm siyasi, həm hərbi, həm mədəni, bütövlükdə isə ölkə həyatının və beynəlxalq münasibətlər sisteminin bütün istiqamətlərini əhatə edən siyasətinin bütün komponentləri Azərbaycanın ərazi bütövlüyünün qorunmasına xidmət edən böyük bir strategiyanın tərkib hissələridir. Eyni strategiya özünü Laçın şəhərinin və rayonun Zabux və Sus yaşayış məntəqələrinin ölkəmizə təhvil verilməsində də büruzə verdi. Prezidentin nəyi necə və nə vaxt etmək lazım gəldiyi barədə fikirləri dövlətimizin başçısının milli hədəflərimizə doğru minimum itkilər və maksimum qazancla irəliləməyimiz üçün uzun illər öncə müəyyənləşdirdiyi strategiyanın sadə dillə ifadə olunmuş nümunəsidir.

 Qeyd olundu ki, ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə addım-addım öz hədəflərinə doğru irəliləyir. Görülən bütün işlər, həyata keçirilən tədbirlər suveren hüquqlarımızın tarixi və hüquqi ərazilərimiz üzərində tam bərpası ilə yanaşı, həm də Cənubi Qafqazın dünyanın ən sabit, ən təhlükəsiz bir regionuna çevrilməsi üçündür. Prezidentimiz Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsi prosesində tarixi bir missiyanı həyata keçirir.

M.QULUYEV,

"Respublika".