Qətiyyətin və prinsipial mövqeyin növbəti zəfəri
Siyasət

Qətiyyətin və prinsipial mövqeyin növbəti zəfəri

Dövlət başçısının Praqada keçirdiyi görüşlərin nəticələri bunu deməyə əsas verir

Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat mühüm tarixi əhəmiyyət kəsb edir. Azərbaycan növbəti dəfə 44 günlük Vətən müharibəsində döyüş meydanında əldə edilən qələbəni diplomatik müstəvidə də davam etdirdi. Bu tarixi hadisə birmənalı Azərbaycanın növbəti siyasi, diplomatik qələbəsi, şəxsən Prezident İlham Əliyevin tarixi uğurudur. Çünki yekunda qəbul edilən bəyanatın müddəaları və burada yer alan vacib məsələlər ölkəmizin maraqlarına uyğundur.

Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfəri diplomatik arenada uğurla davam etdirir. Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş bunun bir daha parlaq təsdiqi oldu. Görüşün sonunda qəbul edilən bəyanatda Ermənistan və Azərbaycanın BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı qeyd edilir. Bu isə o deməkdir ki, Ermənistan Qarabağ üzərindəki iddialarından əl çəkir. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə yalnız əməkdaşlığa razı olub. Azərbaycan Prezidenti İlham Əliyev Praqa görüşündə ölkəmizin qalib statusunu daha da möhkəmləndirib. Bu da qısa zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacağına və bölgədə rifahın, iqtisadi inkişafın bərqərar olacağına əminliyi artırır. Burada başlıca prinsip Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və beynəlxalq birlik qarşısında bunu bəyan etməsidir. Ermənistan bu bəyanatdan sonra, yəqin ki, postmüharibə dönəminin reallıqlarını lazımınca dərk edəcək, Azərbaycanın sülh cəhdlərini dəstəkləməyin, hər şeydən öncə, Ermənistanın öz mənafeyi üçün sərfəli olduğunu anlayacaq.

Ümumiyyətlə, dünyanın kütləvi informasiya vasitələrinin də maraqla izlədiyi Praqa görüşünün əvvəlcədən gərgin keçəcəyi gözlənilən idi. Ermənistanın baş naziri Nikol Paşinyanın və Fransa Prezidenti Emmanuel Makronun iştirak etdiyi görüşdə rəsmi Parisin həmişə olduğu kimi, yenə də Ermənistana maksimum səviyyədə dəstək olacağı ehtimalı vardı. Amma bütün məkrli niyyətləri puça çıxaran Prezident İlham Əliyev öz iradəsi, qətiyyəti, təmkinliliyi, arqumentlərinin ardıcıllığı, aydın, ədalətli mövqeyi ilə indiki mərhələdə Ermənistanın ərazi iddialarından əl çəkdiyini bir daha təsdiqləməsinə nail oldu.

"Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bu tədbirə Avropa tərəfindən dəvət edilməsini, əlbəttə, biz yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycanın Avropa İttifaqı tərəfindən dəvət olunması deməyə əsas verir ki, əlaqələrimizin çox gözəl perspektivləri vardır.

Təqdirəlayiq haldır ki, Avropa İttifaqı Şurası və onun Prezidenti Şarl Mişel son illər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmağa cəhd edir, bu məsələdə ciddi təşkilatçılıq və vasitəçilik missiyası həyata keçirir. Postmüharibə dövründə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün keçirilmiş görüşlərin baş tutması və dialoqun təşkilində aparıcı rol Avropa İttifaqına və şəxsən Şarl Mişelə aiddir. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 4 dəfə görüşüb. Bundan başqa, Şarl Mişel müxtəlif vaxtlarda Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı aparıb və sülh gündəliyini müzakirə edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu səyləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyev Şarl Mişellə keçirdiyi ikitərəfli görüş zamanı deyib ki, Azərbaycan Brüssel formatını dəstəkləyir.

Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, ölkələrimizin həmrəy olduqlarını vurğulayır. Prezident İlham Əliyev də ölkəmizin bütün məsələlərdə qardaş Türkiyənin yanında olduğunu qürurla bildirir. Bu sarsılmaz qardaşlığın və birliyin aydın ifadəsinin biz Praqada da əyani şahidi olduq. Hər iki qardaş ölkə liderləri bu Zirvə Toplantısında səmimi davranışları ilə dünyaya önəmli mesajlar verirdilər. Bu baxımdan, zirvə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronun görüşü də diqqətçəkən məqamdır. Bu görüşlərdə Azərbaycan və Ermənistan arasında yekun razılaşmaların əldə olunması, eyni zamanda Türkiyə və Ermənistan münasibətlərinin hansı istiqamətdə irəliləyəcəyi də mühüm əhəmiyyət daşıyırdı. Türkiyənin istəyi Qarabağda olan gərginliyin sona çatmasıdır.

Zirvə Toplantısında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev tandemi dostlarımıza qürur, inam hissi yaşatdı. Birmənalı şəkildə demək olar ki, Praqa görüşlərində əldə olunan və Azərbaycanın maraqlarına cavab verən nəticələrin əsas səbəblərindən biri də sentyabr ayının 12-13-də erməni təxribatlarına verilmiş cavab idi. Paşinyan başa düşdü ki, arxayın olduğu Qərbin müəyyən dairələri belə əlahəzrət faktın qarşısında acizdir. Praqa görüşləri bir daha göstərdi ki, mövcud şəraitdə Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi üçün əvəzolunmaz etibarlı tərəfdaşdır. Politoloqlar görüşün yekunları ilə bağlı qeyd edirlər ki, Azərbaycan sülh müqaviləsinə doğru çətin mərhələləri keçib, indi ortada qalan mövzular daha çox texniki məsələlər kimi xarakterizə oluna bilər, hərçənd ki, bunun özü də həddindən artıq asan məsələlər siyahısında yer almır. Avropa İttifaqının sülh təşəbbüsləri əsasən bütün tərəflərin maraqlarına cavab verən ideyaları stimullaşdırır, çünki Avropa Birliyinin məqsəd və vəzifələri sırasında böyük siyasi ambisiyalar yox, ali iqtisadi parametrlər dayanır. Fransa Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsini erməni maraqlarına işləyən müstəviyə sürükləmək üçün dəridən-qabıqdan çıxsa da, sonunda mövcud geosiyasi reallıqlar, tarixi ədalət, Prezident İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi onun bu niyyətlərini havaya sovurdu.

Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan masa arxasında birgə müzakirə aparıblar. Dövlətimizin başçısının Azərbaycan televiziya kanallarına müsahibəsi, Azərbaycan və Türkiyə liderlərinin Praqada səmimi qardaşlıq münasibətləri, Zirvə çərçivəsindəki qeyri-rəsmi nüanslar da daxil olmaqla, digər mövzuları həssas şəkildə izləyən Türkiyə mediası yazır ki, Azərbaycan qətiyyətli mövqeyi ilə bölgəyə hamı üçün faydalı olan sülh və sabitlik gətirir. Bir sıra media qurumları Prezident İlham Əliyevin "Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq" ifadəsini manşet xəbərlərin sərlövhəsi kimi təqdim ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırıb. Qeyd edib ki, Türkiyə Ermənistanla normallaşma prosesində heç bir ilkin tələb irəli sürmür. "Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda sülh müqaviləsini imzalayın deyirik. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz", - deyə Ərdoğan bildirib. Prezident vurğulayıb ki, Türkiyə Ermənistan-Azərbaycan münasibətlərini tez bir zamanda normallaşdırmaq və bu məsələni həll etmək istəyir.

Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin 10 noyabr Bəyannaməsi 44 günlük Vətən müharibəsinə, hərbi əməliyyatlara son qoydu. Ermənistan həmin Bəyannamə ilə üzərinə bir sıra öhdəliklər götürmüşdü ki, sonrakı dönəmdə onları yerinə yetirməkdən imtina edir, sülh sazişinin imzalanmasını süni şəkildə uzatmağa çalışırdı. Lakin müharibədən sonra Azərbaycan tərəfinin ortaya qoyduğu hərbi-siyasi qətiyyət, Ermənistanın üzləşdiyi vəziyyət onu rəsmi Bakının şərtlərini qəbul etmək məcburiyyəti ilə üz-üzə qoydu. Nəhayət, Ermənistan hakimiyyəti anladı ki, Azərbaycanın sülh çağırışlarını qəbul etmədən heç bir uğura, heç bir tərəqqiyə nail ola bilməyəcək. Yox əgər yenə hansısa bəhanələrlə prosesi uzatmağa çalışacaqsa, məntiqsiz fikirlər, məsuliyyətsiz bəyanatlar səsləndirəcəksə, o zaman sülh sazişinin imzalanma vaxtı yenə də uzanacaq. Bu isə iqtisadi-sosial böhran, ağır siyasi gərginlik, kommunikasiya blokadası yaşayan Ermənistan üçün daha ciddi problemlər demək olacaq.

Mustafa KAMAL,

"Respublika".