Qətiyyət, prinsipiallıq, həqiqət
Siyasət

Qətiyyət, prinsipiallıq, həqiqət

Bölgədə davamlı sülhün təmin olunması üçün səylər artırılmalıdır

Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi tarixi zəfərdən sonra regionda yaranan yeni reallıqlar, Azərbaycan dövlətinin qətiyyətli mövqeyi, gözləntilər, bundan sonra atılacaq addımlar barədə səmimi və açıq söhbəti, eyni zamanda mühüm əhəmiyyətli mesajlarla cəmiyyətin və aparıcı media vasitələrinin böyük marağına səbəb olmuşdur. Bu cavablar qalib Azərbaycanın, onun Müzəffər Ali Baş Komandanının, müdrik və qətiyyətli Prezidentinin siyasi iradəsini, ona xas xarakterik keyfiyyətləri ilə də diqqəti cəlb etmişdir. Möhtərəm Prezidentimiz yenə səbirlə, təmkinlə danışır, hər bir məsələyə dolğun münasibətini bildirirdi.

Dövlət başçısı müsahibədə Qarabağdakı mövcud vəziyyətdən, Rusiya sülhməramlılarının fəaliyyətindən, sərhəddəki son durumdan kifayət qədər geniş danışdı. Bütün bunlar yalnız həqiqətə söykənir. Öz tarixi missiyamızı yerinə yetirdiyimizi, yeni müharibənin lazım olmadığını diqqətə çatdıran Prezident Ermənistanla əlaqələrin bundan sonra necə olacağına cavabında vurğuladı ki, “bunu demək çox çətindir. Çünki biz öz mövqeyimizi dəfələrlə bildirmişik. Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistanla Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni müəyyən edilməsi prosesi də başlasın, ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik”.

Bu, Ermənistana növbəti ciddi xəbərdarlıqdır. Onlar deyilənlərdən nəticə çıxarmalıdır, bundan sonra atılacaq addımlara görə isə özləri günahkar olacaqlar. Dövlət başçısının sözlərinə görə, Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də cəmiyyətə mütləq adaptasiya olunmalıdır, onlar üçün bu, daha böyük fürsət yaradacaq.

Prezident İlham Əliyev bildirib ki, ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır. Prezident daha sonra deyib ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdısa, onda bölgəyə uzunmüddətli sülh gələcək.

Hazırda azad edilmiş torpaqlarda həm minalardan təmizləmə, həm də infrastrukturların yaradılması işlərinin sürətlə getdiyindən danışan dövlət başçısı müsahibədə bildirib ki, “Siz oraya gedəndə böyük infrastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları görəcəksiniz. Yəni bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada artıq işlər başlayır”.

Ölkə başçısının da qeyd etdiyi kimi, Böyük Qayıdış üçün zaman lazımdır. Çünki 30 il işğal altında olan o əraziləri ermənilər dağıdıblar, viran qoyublar. Daşı daş üstündə qalmayan şəhər və kəndləri, yurd yerlərini bərpa etmək vaxt tələb edir. Bütün bunlara baxmayaraq, dövlətimiz güclüdür, o yerlərin hamısı yenidən qurulacaq, gözəlləşəcək, cənnətə çevriləcək. Hamımız buna inanır, Prezidentimizə güvənirik.

Prezidentimiz də qətiyyətlidir. Nəyi nə zaman etməyi yaxşı bilir və həmişə vədini tam yerinə yetirir. Yenə də inamla bildirir ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq.

Bununla Prezident regionda sülhün təmin olunmasına diqqət çəkir, eləcə də sərhədlərdə hələ də problemlərin qalmasına baxmayaraq, Azərbaycanın əsas məqsədinin sabitlik, quruculuq olduğu mesajını verir. Azərbaycan və Ermənistanla bərabər, Gürcüstanla da münasibətlər bölgədə önəm daşıyır. 3+3 formatı əsas müzakirə mövzularından biridir.

Cənab İlham Əliyevin bu formata münasibəti müsbətdir. Azərbaycan bu formatı dəstəkləyir: “Mən əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla bu məsələni dəfələrlə müzakirə etdim və bizim mövqeyimiz üst-üstə düşür”. Prezident ümid edir ki, digər ölkələr də bu formata qoşulacaqlar: “Mən bilirəm ki, Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfıra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada ilk növbədə Zəngəzur dəhlizinin və digər yolların açılması - çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir - bizim  Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi, yəni bütün bunlar çox önəmli məsələlərdir”.

Onu da qeyd edək ki, kommunikasiyaların eyni vaxtda və paralel açılması sabitliyin təmin edilməsində əsas amillərdən biri olacaq. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası prosesindən, sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycanla Ermənistan arasında münasibət qurula bilər. Bu regionda yaşayan xalqların ümumi fikrini ifadə edir.

Mustafa KAMAL,

“Respublika”.