Qərbi Azərbaycana qayıdış
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdış

Bu, daha bir strateji hədəfdir

Tarix sübut edir ki, Qərbi Azərbaycan torpaqları bizə məxsusdur. Son 200 ildə vandal ermənilər tərəfindən bu torpaqlarımızdakı yaşayış məskənləri dağıdılıb, bütün şəhərlər, kəndlər məhv edilib. Ermənilər tərəfindən toponimlər dəyişdirilsə də, tarixi sənədlər həmin şəhər və kəndlərin adlarının Azərbaycan mənşəli olduğunu göstərir.

XIX-XX əsrlərdə erməni millətçiləri Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər və mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar indiki Ermənistan adlandırılan tarixi torpaqlarından qovulublar.

Vətən müharibəsində parlaq qələbə qazanaraq Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı qətiyyətlə gerçəkləşdirmək yolunda inamlı addımlar atan Azərbaycan dövlətinin növbəti tarixi hədəfi Qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qovuşdurmaqdır. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirdi ki, vaxtilə doğma yurdlarından deportasiya edilən yüz minlərlə Qərbi azərbaycanlı soydaşımız da tarixi torpaqlarına qovuşacaqlar.

Bu günlərdə Qərbi Azərbaycan İcmasının ictimai binasında Qərbi Azərbaycanın Basarkeçər rayonunun Nərimanlı kəndindən olan bir qrup sakinlərlə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan akademik Nuru Bayramov vurğuladı ki, ermənilər tarixin müxtəlif dönəmlərində Qərbi Azərbaycanın əhalisini, Göyçə mahalının sakinlərini, xüsusilə Basarkeçər rayonunun Nərimanlı kəndinin dinc insanlarını, 1918, 1948, 1953 və ən nəhayət 1988-ci ildə deportasiyaya məruz qoymuşlar. Artıq 35 ildir ki, Nərimanlılar Bakıda, Gəncədə, Göygöldə, İsmayıllıda, Sumqayıtda və respublikamızın digər bölgələrində qaçqın kimi yaşayırlar. Nərimanlılar yaxşı bilirlər ki, daha bir strateji hədəf onların Qərbi Azərbaycana qayıdışıdır. Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təmin olunması istiqamətində gerçəkləşdirilən bütün məsələlər birbaşa Prezident İlham Əliyevin nəzarəti altındadır.

Nərimanlılarla olan görüşdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli çıxışında zaman-zaman erməni daşnaklarının Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı törətdikləri teror hadisələrindən və onun acı nəticələrindən danışdı. Qərbi Azərbaycana qayıdışın yol xəritəsini gündəmə gətirdi, Qayıdış Konsepsiyasından söhbət açdı.

Əslən Nərimanlı kəndindən olan millət vəkili Naqif Həmzəyev çıxış edərək bildirdi ki, bütün Qərbi azərbaycanlılar kimi, nərimanlılar da yurd həsrəti ilə yaşayırlar. Əminliklə demək olar ki, ölkə başçısının məqsədyönlü fəaliyyəti sayəsində Qərbi Azərbaycana qayıdış reallaşacaq, köç karvanları qəribsəmiş yurd yerlərinə dönəcəkdir.

Tədbirdə nərimanlılardan ibarət təşkilat qrup yaradıldı, millət vəkili Naqif Həmzəyev təşkilat komitəsinin sədri, həkim Şirazi İbrahimov qrupun rəhbəri seçildi. Tövsiyə olundu ki, deportasiya illərində Nərimanlıdan doğma yurdu tərk edən insanların dəqiq siyahısı aparılsın, onların ünvanları dəqiqləşdirilsin. Həmçinin erməni vəhşiliyi dünya xalqlarına çatdırılsın.

Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən tədbirdə nərimanlılardan Şahlar Hacıyev, Möhsün Qədiroğlu, Niftalı Quliyev, Sabit Nadirov, Sabutay Hacıyev, Asəf Vəliyev və başqaları çıxış edərək qarşıda duran mühüm vəzifələrdən danışdılar.

Qədir ASLAN,

"Respublika".