Qərbi Azərbaycana qayıdacağımıza inanırıq
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdacağımıza inanırıq

Ermənistanın hərbi təcavüzü nəticəsində otuz ilə yaxın köçkünlüyün iztirablarını, çətinliklərini, doğma yurd həsrətini yaşayan laçınlıların sevinci yerə-göyə sığmır, bu ilin axırlarında Laçın şəhərinə və digər kəndlərə qayıdacaqları haqqında müjdə onların əhvali-ruhiyyəsini yüksəldib. İşğalın ağır nəticələrinə mərdliklə sinə gərən Laçın camaatı dövlət qayğısını həmişə hiss edib, gələcəyə inamla, ümidlə baxıb, əsl vətəndaş həmrəyliyi nümayiş etdirib, keçmiş məcburi köçkünlər üçün salınmış qəsəbələrdə güzəran qurub, övlad böyüdüblər. Həmsöhbətim Osman Həsənovun ata-babası Laçında yaşayıb, şəcərəsi bu torpaqla sıx bağlıdır, hazırda Ağcabədi rayonu ərazisindəki Taxtakörpüdəki qəsəbədə yaşayır. Söhbətə bir qədər keçmişdən başlayan Osman kişi deyir:

- Allaha çox şükür ki, ağrılı, acılı günlərimiz arxada qalıb, ən çətin anlarda dövlətimiz bizi unutmayıb, köməyimizə çatıb. 2011-ci il dekabrın 24-də möhtərəm Prezidentimiz İlham Əliyevin 50 illik yubiley günündə Mehriban xanım Əliyeva ilə birlikdə Ağcabədi rayonu Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün tikilmiş 552 ailəlik qəsəbənin açılışı zamanı bizimlə keçirdiyi görüşü ən əziz xatirə kimi və dərin məmnunluq hissi ilə xatırlayırıq. Həmin görüşdə dövlətimizin başçısı köçkünlər üçün inşa edilmiş yaşayış məntəqəsinin müvəqqəti olacağını, bütün məcburi köçkünlər kimi laçınlıların da tezliklə ata-baba yurdlarına qayıdacağını qətiyyətlə bildirdi. O səmimi görüşdən sonra hər birimizdə möhkəm inam hissi yarandı. Xalqımız kimi, biz laçınlılar da Prezidentimizin sözünün də imzası qədər önəmli olduğunun bir daha şahidi olduq. Laçın erməni işğalından azad ediləndə yüzlərlə qurban kəsildi, Ali Baş Komandana, qəhrəman ordumuza edilən dualar müstəcəb oldu. Laçın düşmən tapdağından azaddır və orada tikinti işləri aparılır, lazımi şərait yaradılır, artıq doğma yurda qayıtmağa hazırlaşırıq. Dünyada bundan böyük sevinci təsəvvürümə gətirə bilmirəm.

Yuxarıda dediyim kimi, laçınlılar həmişə torpaqlarımızın işğaldan azad ediləcəyinə inanıblar. Çox əmin idik ki, Prezidentimiz bizi doğma yurdumuza qaytaracaq. Belə də oldu. Qarabağ və Şərqi Zəngəzur uğrunda gedən 44 günlük müharibə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, diplomatik bilik və bacarığı, eləcə də rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Zəfərlə başa çatdı. Dövlət başçısı İlham Əliyev dünya erməniliyinin və onların havadarlarının bütün təzyiqlərinə mərdi-mərdanə sinə gərdi, onların haqsız hücumlarını qətiyyətlə dəf etdi, "Dəmir yumruq" işğalçıların başını əzdi, belini əydi, təcavüzkarlar rüsvayçı şəkildə məğlub oldular. Bu gün biz qürurluyuq! Qürurluyuq ona görə ki, Prezident İlham Əliyevin qətiyyəti və cəsarəti sayəsində 30 illik həsrətə son qoyulub, müqəddəs torpaqlarımız azad edilib. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən doğma Laçında üçrəngli bayrağımız dalğalanır.

Qərbi Azərbaycan torpaqları da tarixin və zamanın gərdişi nəticəsində və keçmiş sovet hökumətinin ədalətsiz qərarı ilə yadelli ermənilərə verilib. Həmin torpaqlara yerləşəndən sonra ermənilər azərbaycanlılara qarşı həmişə təxribat törədib, xəyanət edib, xalqımızın qonaqpərvərliyindən, səmimiyyətindən sui-istifadə edərək hiyləgərliklə qədim yer-yurd adlarını dəyişiblər, bir sözlə, necə deyərlər, qoynumuzda əfi ilan bəsləmişik. Haqsızlığa və ədalətsizliyə qarşı həmişə barışmaz mövqedə dayanan Prezidentimiz İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşündəki çıxışına çox diqqətlə qulaq asdım. 2011-ci ildə laçınlılarla keçirilən görüşü xatırladım. Dövlətimizin başçısının dediyi gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar sözləri heç də təsadüfi deyil. Daim öz sözünün sahibi olan dövlət başçısının bu çıxışındakı inam hər kəlmədə aydın hiss olunur. Biz bunu öz timsalımızda görmüşük. İnanırıq ki, Prezidentimizin 2011-ci ildə biz laçınlılara dediyi sözlər gerçəkləşdiyi kimi, Qərbi Azərbaycanla bağlı dedikləri də mütləq reallığa çevriləcək. Gün gələcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımız öz qədim yurd yerlərinə qayıdacaqlar, tarixi ədalət bərpa ediləcək.

Söhbəti yazdı:

Salman ALIOĞLU,

"Respublika".