Qərbi Azərbaycan - şəhid kəndin həqiqəti
Tarix

Qərbi Azərbaycan - şəhid kəndin həqiqəti

Torpaq həsrəti, yurd itkisi, el-obanın bir-birindən aralı düşməsi, zamanın ziddiyyətləri, taleyinə vurulan zərbələr azərbaycanlıları gəlimli-gedimli dünyanın ən dözümlü, mübariz, haqqına sahib çıxan, işğala və hərbi təcavüzə igidliklə son qoyan bir xalq kimi ucaldıb. Nəsildən-nəslə ötürülən qəhrəmanlıq ənənələri, mənəvi və əxlaqi keyfiyyətlər, tarixin ibrət dərsləri, kökə bağlılıq, tolerantlıq, ağsaqqal və ağbirçəyə hörmət, təkamülə, inkişafa can atmaq xalqımızın sınaqlardan keçən ən dəyərli keyfiyyətidir. Azərbaycanın o taylı, bu taylı torpaqları, İrəvan, Borçalı mahallarının yurd yerlərinin hər qarışı qədim tariximizi yaşadır, torpaqdan sıyrılıb çıxan kurqanlar, ən qədim dövrləri əks etdirən müxtəlif daş kitabələr, fiqurlar, əmək və döyüş alətləri tariximizin ən dərin qatlarını əks etdirir. Azərbaycanın ən qədim və zəngin tarixi keçmişi olan kolanı tayfaları yadelli işğalçıların hücumlarına məruz qalıb, sürgün olunub, ancaq torpaq və yurd məhəbbətini heç zaman unutmayıblar. Qoçaq, döyüşkən xarakterə malik olublar. Kolanı tayfalarının tarixi izinə Qərbi Azərbaycanda, Şirvanda, Naxçıvanda, Qarabağda, Mərkəzi Asiyada, Türkiyədə, İranda, İraqda rast gəlmək mümkündür və tarixi məxəzlərdə bu barədə az da olsa məlumatlar var.

Tarixçi alim İ.Şopen "İstoriçeskiy pamətnik sostaəniə Armənskoy oblasti v gpoxu ee prisoedineniə k Rossiyskoy imperii" adlı kitabında kolanıların qaraçorlu elinə mənsub olduğunu bildirir və I Şah Abbasın Qarabağa köçürdüyü 22 şiə elinin içərisində kolanıların da olduğunu qeyd edib. Qarabağa köçürülən tayfalar arasında Qaraçorlu, Həsənalı, Külikanlı, Şadimanlı, Milli, Şeylanlı, Təhməzli, Əliyanlı, Bərgüşad, Babalı, Kulluxçu, Qəlovçu, Fərruxkanlı, Sisyanlı, Tərtərli, Hacısamlı, Sultanlı, Quluxanlı, Bozlu, Əliqanlı, Kolanı, Püsyanlı olub. Tarixi məxəzlərdə qeyd olunur ki, Qaraçorlu mahalı indiki Laçın rayonu ərazisində mövcud olub. Azərbaycanda xanlıq üsuli-idarəsi zamanı Laçın bölgəsi Qaraçorlu mahalı adlanıb. Qaraçorlu ağır-azman bir el olub. Onlar Osmanlı və İran torpaqlarında iri mülk sahibləri, mal-qara, sərvət yiyəsi idilər. Qaraçorlular Qərbi Azərbaycanın bir sıra nahiyələrində, Qarabağda isə əsasən qədim Məğaviz, Keştasf, Həkəri və Alpaut nahiyələrinin ərazisində məskunlaşıblar. Qaraçorlular şah fərmanı, sultan əmri tanımayıblar. Onlar heç nədən çəkinmir, heç bir qanuna da tabe olmurdular. Üsyankar, qiyamçı, asi olmaqları ilə məşhur idilər. Qaraçorlular döyüşkən tayfalar arasında şanlı yer tutublar. Buna görə də onlar nə Səfəvi, nə də Osmanlı hökumətini tanımır, vergi ödəmirdilər. "Fərman padşahın, dağlar bizimdir", - deyib öz güzəranlarını keçiriblər. Qaraçorlular heç bir xəyanəti bağışlamayıblar, düşmənin qarşısında şax yeriməyi, şux gəzməyi hər şeydən üstün tutublar.

Tarixi mənbələrdə qeyd olunur ki, Nadir şah Əfşarın XVIII yüzilin 30-cu illərində Xorasandan Azərbaycana (Araz çayının şimal hissəsinə) köçürdüyü tayfalar içərisində kolanılar da olub. Onlar müxtəlif ərazilərdə, o cümlədən Qarabağda da məskunlaşıblar. Qarabağ, Naxçıvan və Şirvanda yaşamış kolanılar əsasən, heyvandarlıqla məşğul olublar. 1823-cü il rus qaynağında Qarabağ əyalətinə bağlı olan Kolanı mahalının kənd və obalarının əhalisinin vergi verən və vergidən azad olan hissəsi haqqında bilgi vardır. Kolanılar Qarabağda Dəmirlər, İmarət Qərvənd, Çərəktar, Umudlu, Qaralar, Bruc, Papravənd, Qalayçılar, Şıxavənd (indiki Əlimədədli), Mollalar, Kürdlər, Xaçın Dərbənd, Cinli, Əliağalı, Sırxavənd, Çıraqlı, Hacı Qərvənd, Manik, Ağcakənd, Baş Güneytəpə, Orta Güneytəpə kənd və obalarında yaşayıblar. Tarixin ironiyasına baxın, 1991-1993-cü illərdə adıçəkilən kəndlərin böyük əksəriyyəti Ermənistan tərəfindən işğala məruz qalıb və əhalisi yenidən məcburi köçkünə çevrilib. 2020-ci ilin payızında imzalanan üçtərəfli Bəyanata görə erməni işğalı altında qalan kəndlərin çoxu azad edilib və bəziləri isə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında qalıb.

Əzəli və əbədi yurd yerimiz olan Qərbi Azərbaycanın Zəngibasar mahalında Böyük Qarasu çayı kənarında, Qarğabazar kəndi yaxınlığında olan Kolanı kəndində ancaq Azərbaycan türkləri yaşayıblar. Kəndin adı 1873-cü ilə aid statistik məlumatda Xaraba Kolanı kimi verilib. Mənbələrdən aydın olur ki, XVIII əsrin I yarısında Nadir şah Əfşar tərəfindən Cənubi Azərbaycandan köçürülən Kolanı türk tayfaları əvvəlcə Qərbi Azərbaycanda, Naxçıvanda məskunlaşıb, Vedibasarın Cığın dərəsindən keçərək Qarabağda, Şirvanda yurd salıblar. Vedibasar mahalının Cığındərə bölgəsində Kolanı tayfasına məxsus 8 kənd, Qarabağda isə bütöv bir Kolanı mahalı mövcud olub. Qərbi Azərbaycandakı Kolanı kəndi 1918-ci ildə erməni daşnakları tərəfindən dağıdılıb, əhalinin bir hissəsi qəddarcasına qətlə yetirilib, qalanlar isə Arazı keçərək Türkiyəyə pənah aparıblar. Qərbi Azərbaycan torpağında yerləşən Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra həmin kənddən qaçqın düşən əhalinin bir hissəsi doğma Kolanı kəndinə qayıdıb. Tədqiqatçı alim, Milli Məclisin üzvü Əziz Ələkbərli yazır ki, 1935-ci ildən etibarən bütün rəsmi sənədlərdə kəndin adı Kolanı kimi yazılıb. 1948-1949-cu illərdə kəndin bütün əhalisi köçürülmə adı altında zorla Azərbaycana deportasiya edilib və Kolanı kəndi yer üzündən silinib.

Qeyd edək ki, erməni vəhşiliyi nəticəsində Qərbi Azərbaycanda daha ağlasığmaz qırğınlar törədilib, azərbaycanlılar öz doğma torpaqlarından deportasiya edilib, onlarla kənd dağıdılıb, bir çox yaşayış məntəqələri xarabalığa çevrilib. Bu barədə ötən il dekabr ayının 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə ermənilərin törətdikləri tarixi haqsızlığı və cinayətləri geniş təhlil edərək bildirib ki, Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da ermənilər Azərbaycan xalqına məxsus tarixi və mədəni irsi tam məhv ediblər. Buna baxmayaraq, tarixi sənədlər, xəritələr və digər dəlil-sübutlar dəqiq təsdiq edir ki, Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Hazırkı Ermənistanın yerləşdiyi ərazilərdə tarix boyu azərbaycanlılar yaşayıblar. Həmin ərazilərlə bağlı Azərbaycan xalqının tarixi yaddaşı mövcuddur və bu yaddaş soydaşlarımızı öz doğma tarixi torpaqlarına qaytaracaq. Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi bizim digər milli ideyalarımızın həyata keçirilməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycanın güclü dövlət olduğu və onu yolundan döndərməyin mümkünsüzlüyü faktı qəbul olundu. Beləliklə, dəfələrlə deportasiyalara məruz qalmış Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa edilməlidir və onlar öz tarixi torpaqlarına qayıtmalıdırlar.

Əlbəttə, dövlətimizin başçısının mövqeyi aydındır və dediyi sözlər Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurd yerlərinə qayıdışla bağlı ümidlərini artırıb. Ermənilər tərəfindən işığı söndürülmüş, evləri dağıdılmış, əhalisi didərgin salınmış Kolanı kəndinin həqiqəti bizi mütləq həmin yerlərə aparacaq...

Salman ALIOĞLU,

"Respublika".