Qərbi Avropa dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Siyasət

Qərbi Avropa dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Azərbaycanın dövlət müstəqilliyi Böyük Britaniya tərəfindən 1991-ci ilin dekabrında, Fransa, Almaniya və İtaliya tərəfindən isə 1992-ci ilin yanvarında tanınmış və həmin ilin əvvəllərində diplomatik münasibətlər yaradılmışdı.

İkitərəfli əməkdaşlıq əlaqələrini tənzimləyən hüquqi-normativ sənədlərin imzalanması və həyata keçirilməsi sahəsində ilk illər demək olar ki, heç bir addım atılmadı. Yalnız 1993-cü ilin dekabr ayında Prezident Heydər Əliyevin Fransaya rəsmi səfəri Azərbaycanın Qərbi Avropa ölkələri ilə əlaqələrində intensiv inkişafın başlanğıcını qoydu. Səfər zamanı qarşılıqlı maraq doğuran məsələlər hərtərəfli müzakirə olundu, "Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında" müqavilə və digər sənədlər imzalandı.

Azərbaycanın fəal xarici siyasət yürütməsi və Avropa dövlətləri ilə inteqrasiya sahəsində ardıcıl addımlar atması isə Qərbdə Azərbaycana marağı artırırdı. Məhz bunun nəticəsində, Böyük Britaniyaya rəsmi səfərə dəvət olunan Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü ilin fevralında Londonda bir sıra yüksək səviyyəli görüşlər keçirdi. Müzakirələrin yekunu olaraq, iki ölkə arasında "Dostluq və əməkdaşlıq haqqında" Birgə Bəyannamə və başqa ikitərəfli sənədlər imzalandı. Bununla da, Azərbaycanın Avropa ölkələri ilə inteqrasiyası yolunda növbəti addım atıldı.

1994-cü il sentyabrın 20-də Qərb ölkələri şirkətlərinin geniş təmsil olunduğu konsorsiumla Azərbaycan Dövlət Neft Şirkətinin neft hasilatına dair imzaladığı "Əsrin müqaviləsi" Avropa dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığı yeni səviyyəyə qaldırdı. Bu müqavilənin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə ciddi təsir göstərdi.

 Yaranmış münasibətlərin qorunması və inkişaf etdirilməsi üçün sonrakı dövrdə də ardıcıl siyasət həyata keçirilmişdir. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya, Fransa və Böyük Britaniyaya işgüzar səfərləri, Yunanıstan Prezidenti K.Stefanopulosun Azərbaycana rəsmi səfəri və aparılan danışıqlar, siyasi və iqtisadi sahədə əməkdaşlığa dair imzalanmış sənədlər, habelə, bir sıra beynəlxalq toplantılarda Qərbi Avropa dövlətlərinin başçıları ilə keçirilən görüş və danışıqlar Azərbaycanın Qərb ölkələrinə inteqrasiya proseslərini gücləndirdi.

2005-ci ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikasına və Vatikan dövlətinə rəsmi səfəri Qərbi Avropa ölkələri ilə münasibətlərin inkişafına yönəlmiş siyasi xəttin davamı idi. Səfər zamanı dövlət və hökumət rəhbərləri, işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilmiş, İtaliya-Azərbaycan Birgə Bəyannaməsi və qarşılıqlı əlaqələrə dair sənədlər imzalanmışdı.

Bununla yanaşı, Azərbaycanın Qərb ölkələri ilə siyasi və iqtisadi əlaqələrinin dərinləşməsinə 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan neft ixrac-boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi də böyük təkan oldu. Neft kəmərinin açılış mərasimində Böyük Britaniya, İtaliya və Norveçin müxtəlif səviyyəli hökumət nümayəndələri iştirak etdilər. Fransa, Böyük Britaniya, Norveç və digər dövlətlərin prezidentləri, hökumət başçıları Azərbaycan Prezidentinə təbrik məktubları göndərdilər. Bu da onu təsdiq edirdi ki, Qərbi Avropa dövlətləri Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verirlər.

Qərbi Avropa ölkələri arasında Fransa ilə əməkdaşlıq əlaqələri bir qədər fərqlidir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə ölkəyə rəhbərlik etməyə başladığı müddətdə ilk xarici və rəsmi səfərini Fransaya etmiş, dövlət başçısının 2018-ci ilin iyulunda bu ölkəyə rəsmi səfəri də səmərəli və məhsuldar olmuşdu. Səfər zamanı 2,3 milyard dollar həcmində saziş imzalanmış, həmçinin Fransanın 11 şirkəti ilə işgüzar görüşlər keçirilmişdi.

İki ölkə arasında münasibətlərin yüksək səviyyəyə çatmasında Heydər Əliyev Fondunun fəaliyyəti də müəyyən rol oynayıb. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva öz fəaliyyəti ilə ölkələrarası münasibətlərə töhfə verir. Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna da Mehriban Əliyeva rəhbərlik edir. Birinci vitse-prezident Mehriban Əliyevanın 2019-cu il martın 11-də Fransaya növbəti səfəri qarşılıqlı münasibətləri yeni səviyyəyə qaldırdı.

Dünya mədəni irsinin Fransadakı ən gözəl nümunələrinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunması bu münasibətlərə təsirsiz qalmamışdır. Parisdə Versal sarayının parkındakı ümumbəşəri abidələrin, Strasburqda XV əsrə aid kafedralın beş vitrininin bərpası, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılması buna gözəl nümunədir.

Son illər ölkələr arasında ticarət dövriyyəsinin həcmi xeyli artmışdır. Hazırda Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Azərbaycana əmtəə ixrac edən ölkələr arasında Fransa ilk onluğa daxildir.

Fransız müəssisələri neft və neft məhsulları sənayesində daha fəal iştirak edirlər. Onlar, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən konsorsiuma daxildir. "Total" şirkəti bu konsorsiumun 5 və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin 10 faizinə sahibdir. 2009-cu il fevralın 27-də "Total" şirkəti Xəzərin Azərbaycan sektorunda "Abşeron" strukturunun birgə kəşfiyyatı və işlənilməsinin əsas prinsipləri haqqında Dövlət Neft Şirkəti ilə müqavilə imzalayıb. Burada "Total"ın iştirak payı 60 faiz təşkil edir.

İki ölkə arasında kosmik texnologiyalar sahəsində də sıx əlaqələr qurulub. Azərbaycanın ilk peyki - "Azərspace-1" Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxılıb.

Qərbi Avropa dövlətlərini Azərbaycanla dostluğa və əməkdaşlığa sövq edən daha bir sıra amillər mövcuddur. Əvvəla, Azərbaycan əlverişli, əhəmiyyətli geosiyasi məkanda və Avropa-Asiya nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində yerləşir; ikincisi MDB respublikaları arasında tam müstəqil siyasət yeridir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu tutur, üçüncüsü, xarici siyasətində Qərbə, xüsusən də, Avropaya meyil göstərir, regionda Avropanın əsas nüfuz və maraq dairəsinə çevrilib.

Hazırda dünyanın potensial qaz ixracatçıları sırasında mövqeyini getdikcə möhkəmləndirən Azərbaycan Cənubi Qafqazın və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridir. Ölkəmiz uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Bütün bunlar isə Qərbi Avropa ölkələri ilə Azərbaycanın qarşılıqlı əməkdaşlığına zəmin yaradır və onu qaçılmaz edir.

Zümrüd QURBANQIZI,

"Respublika".