Qələbəni, qüruru, şərəfi yaşadanlar
Region

Qələbəni, qüruru, şərəfi yaşadanlar

Vətən müharibəsi. 2020-ci il 27 sentyabr. Tarixi bir gün. Silahlı Qüvvələrin Qalib Ali Baş Komandanı İlham Əliyev həmin tarixi ölkəmizdə Anım Günü elan edib. Müharibə bir reallığı - Prezidentlə xalqın birliyini, ordunun peşəkarlığını, gənclərin vətənpərvərliyini dünyaya nümayiş etdirdi. Həmin o qələbə soraqlı günlər yaddaşımızdan heç zaman silinməyəcək.

Ötən ilin payızında 44 gün davam edən Vətən müharibəsi hərb tariximizin şanlı bir səhifəsi kimi əsrlər boyu yaşayacaq,  gələcək nəsillərə bələdçilik edəcək. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandan tərəfindən qarşıya qoyulan vəzifəni qısa müddət ərzində şərəflə yerinə yetirən igid oğulların şücaəti sayəsində təcavüzkar Ermənistanı 30 ilə yaxın işğalda saxladığı torpaqlardan qovub,  düşmən ordusu darmadağın edilib.

Füzuli rayonundan Vətən müharibəsində 74 nəfər şəhid olub, onlarla qəhrəman qazi var. Yaralarından qan axa-axa döyüş yoldaşının köməyinə çatan, özünü unudub silah qardaşını xilas etməyə çalışan qazilər. Sizin qəhrəmanlığınız qarşısında sözlər də acizdir. Bədən əzalarınızı itirsənizdə Azərbaycan əsgərinin mərdliyini,  qorxmazlığını və qanınızla suvarılan vətən torpağına sədaqətinizi  hərb tariximizin səhifələrinə şərəflə yazdınız. Siz erməni mifini dağıdan,  parçalayan və məhv edən igidlərsiniz. Qalib Ali Baş Komandan İlham Əliyev öz ordusu ilə 44 gün ərzində Ermənistan silahlı qüvvələrini darmadağın etdi, erməni lobbisinə ağır zərbə vurdu, erməni havadarlarına dəmir yumruğun zərbəsini göstərdi və 30 illik erməni işğalına son qoydu. İşğalçı xunta rejimini diz çökdürdü.

Füzulilər birinci və ikinci Qarabağ müharibəsinin ağrılarını yaşayıblar, erməni faşizmi bu rayonda da dinc insanları hədəfə alaraq onların evlərini dağıdıb,  körpələri qətlə yetirib, bir sözlə, qatı hərbi cinayətlər törədib. İndi bu qədim yurd yerində müharibə ağrılarına məlhəm qoyulur, həmrəylik və vətənpərvərlik nümayiş etdirən insanların doğmalığı, səmimiyyəti, qayğısı şəhid ailələrini ovundurur, onlara böyük təsəlli olur.

Anım günü münasibətilə Füzuli rayonunda silsilə tədbirlər davam edir. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və hüquq mühafizə orqanlarının rəhbərləri rayon ərazisində dəfn olunan,  vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edir,  dərin hörmət və ehtiramla gül dəstələri düzürlər. Qeyd edək ki, rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərilir, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilir, onların problemləri həll olunur.

Taleyin qismətinə baxın. Vətən müharibəsində igidlik göstərərək şəhid olan Elgün Paşayevin övladı yeni tədris ilində atasının adı verilən sinifdə təhsil alacaq. Rayon ərazisindəki Zobucuq qəsəbəsindəki 27 saylı tam orta məktəbin pedaqoji şurasının qərarı ilə onun övladı Mələk Paşayevanın təhsilə başladığı 1a sinfinə şəhidin adı verilib. Balaca Mələk atasının adı ilə bir yerdə böyüyəcək, o doğma adın hərarətini hər gün hiss edəcək.

Şəhid ailələri ilə söhbətlərdə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti,  Qalib Ali Baş Komandan  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  dərin minnətdarlığı, övlad acısı yaşayan insanların öz rəhbərinə doğma münasibəti,  səmimi hissləri dilə gətirilir,  dərin razılıq ifadə olunur.

Salman ALIOĞLU,

“Respublika”.