Qələbədən sonrakı həyat
Region

Qələbədən sonrakı həyat

Qarabağda ən mühüm strateji məkanda yerləşən Füzuli şəhərinin erməni işğalından azad edilməsi Azərbaycan ordusunun Vətən müharibəsində ən əhəmiyyətli döyüşlərindən biri olub. Ötən il oktyabr ayının 16-da ordumuzun qəhrəman əsgər və zabitləri tərəfindən Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndləri işğalçılardan azad edilib. Bundan sonra, silahlı qüvvələrimiz tərəfindən Füzuli şəhəri bir neçə istiqamətdən mühasirəyə alınıb. Oktyabrın 16-dan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüşlər başlayıb. Düşmən xeyli sayda canlı qüvvə və hərbi texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalıb.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Füzuli döyüşləri haqqında deyib ki, Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədim yaşayış məskənimizi Azərbaycan özünə qaytardı. On minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttini yarması bizə növbəti strateji üstünlüklər verir, çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı və indi bu sirr deyil biz Füzuliyə hansı tərəfdən girə bildik, hansı böyük peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcəkdir.

Ermənistan ordusunun artilleriya atəşi nəticəsində Füzuli rayonunun əlimizdə olan hissəsində 372 binaya ziyan dəyib. 12 ev tamamilə dağılıb. Həmin evlər bərpa edilib və yeni evlər tikilərək sakinlərə təhvil verilib. Həmçinin dağıntıya məruz qalan digər 330 tikilinin təmiri başa çatıb. Füzulililər qələbə sevincini yaşayır, doğma yurd yerlərini ziyarət edirlər. Rayonda Vətən müharibəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Rayon Tarix-Diyarşünaslıq Muzeyində 17 Oktyabr - Füzuli rayonunun işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan sərgi açılıb.

Sərgidə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Füzuli rayon şəhidlərinin geyimləri, sənədləri, fəxri fərmanları, fotoşəkilləri və digər əşyaları, eləcə də rayonun 78 qəhrəman şəhidi haqqında məlumatlar nümayiş etdirilir. Həmçinin şəhidlərimizin həyat yolu və qəhrəmanlıqlarından bəhs edən məqalələr, kitablar və digər nəşrlərlə yanaşı, müharibə zamanı rayon ərazisinə atılmış mərmilərin qalıqları, Füzuli, Zəngilan, Xocavənd və Şuşadan tapılaraq Füzuli Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilən əşyalar sərgiyə gələnlərə təqdim olunur.

Tarixi qələbədən dərhal sonra işğaldan azad edilən torpaqlarda, o cümlədən Füzuli rayonunda düşmənin 28 il ərzində basdırdığı saysız- hesabsız minaların təmizlənilməsinə başlanılıb və gizli düşmənə qarşı bu çətin, eyni zamanda təhlükəli axtarış xilasetmə işləri uğurla davam etdirilir. Ardınca isə azad edilən rayonların ərazilərində iri infrastruktur layihələrin icrasına başlanılıb. Həm də ilkin layihələr həyat əhəmiyyətli sahələri, yol, enerji, su və başqa zəruri sahələri əhatə edir.

Şanlı Azərbaycan ordusu Füzulini işğalçılardan azad edəndən sonra dövlət tərəfindən burada yenidənqurma və bərpa işlərinə başlanılıb. Qalib Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən ordumuzun Şuşaya doğru hərəkət etdiyi keçilməz cığırların yerində Zəfər yolunun tikintisinə başlanılıb. Ötən ilin payızından tikintisinə başlanan Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda işlər yekunlaşır. Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81, Zəfər yolunun uzunluğu isə 101 kilometrdir. Hər iki yol boyunca tunellər, körpülər inşa edilib, bütün zəruri infrastruktur yaradılıb.

Füzuli Beynəlxalq Hava Limanının tikintisinə yanvar ayında başlanılıb. Burada 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağının tikintisi yüksək standartlara uyğun aparılıb. Bu il sentyabr ayının əvvəllərində ilk sınaq uçuşları həyata keçiriləndən sonra hava limanı həm sərnişin, həm də yük təyyarələrini qəbul edib. Qeyd edək ki, hava limanı bölgədə turizmin inkişafına və eyni zamanda sərnişin daşımalarının keyfiyyətinə güclü təkan verəcək.

Füzulidə bir neçə digər iri layihələr də uğurla icra olunur. Uzun illərdən sonra işğaldan azad edilən torpaqlara yeni bir həyat qayıdıb. Erməni vandallarının törətdiyi dağıntıların yerində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Böyük qayıdışın ilk mərhələsi onu göstərir ki, yaxın zamanlarda keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına dönəcəklər.

Salman ALIOĞLU,

"Respublika".