Qələbə ilə sonlanan 26 illik atəşkəs
Digər xəbərlər

Qələbə ilə sonlanan 26 illik atəşkəs

29 il bundan öncə - mayın 12-də Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalanmışdır.

Hələ 1993-cü ilin dekabrında Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu əks-hücum əməliyyatları keçirmiş, Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Lakin 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində geden döyüşlərdə ordumuz istənilən nəticəni əldə edə bilməmiş. Ermənistan bütün ehtiyat qüvvələrini cəbhənin sözügedən istiqamətinə və şimal tərəfə yönəltməklə üstünlüyü ələ almışdır. Sonra isə Azərbaycan hərbi hava qüvvələrinin Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmənin əsas ehtiyat qüvvələri məğlub edilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə ilk dəfə 1994-cü il mayın 4-də Rusiya çıxış edib.

Bundan 4 gün sonra isə tərəflər arasında atəşkəs haqqında rəsmi sənəd imzalanmışdır. Azərbaycan və Ermənistan liderlərindən atəşkəs sazişinin ardınca hazırlanacaq "Böyük sülh sazişi"nə imza atmaq da tələb edilirdi. Rusiyanın atəşkəs haqqında saziş layihəsini Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclası çərçivəsində tərəflərə təqdim etməsinə baxmayaraq, danışıqlar heç bir nəticə verməmiş, o dövrdə imzalanmış atəşkəs rejimindən böyük güclər öz xeyirlərinə istifadə etməyə çalışmışlar. Bişkek protokolunda Qarabağ separatçıları tərəfindən atılmış imzanın olması siyasi vəziyyəti mürəkkəbləşdirmişdi.

Belə ki, ATƏT-in keçmiş Minsk qrupunun erməni sevdalı həmsədrləri bu "dəlilə" əsaslanaraq işğalı legitimləşdirməyə cəhd etmişlər. Həmin dövrdə bəzi güc mərkəzləri Azərbaycan ərazisində ikinci qondarma erməni "dövləti"ni qanuniləşdirmək məqsədilə ölkəmizə siyasi-diplomatik təzyiqlər göstərirdi. Lakin təhdidlərə baxmayaraq, ölkəmiz qətiyyətli, prinsipial mövqeyindən əsla geri dönməmişdir. Əfsuslar olsun ki, erməni separatçılarının terrorçu rejiminə bir sıra böyük dövlətlər yatırımlar etmiş, onların işğalçılıq siyasətini dəstəkləmişlər. Bundan başqa, beynəlxalq qurumların və digər ölkələrin problemin həllinə selektiv yanaşması da münaqişənin uzadılmasında mühüm rol oynamışdır. İşğalçı dövlətə bu cür dəstəyin göstərilməsi və əleyhimizə atılan addımlar torpaqlarımızın 30 il ərzində işğal altında qalmasına səbəb olmuşdur.

Sonda nəinki erməni işğalçıları, həm də onların himayədarları Azərbaycanın gücünə şahid oldu. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz tarixi qələbəsini qazandı. 44 günlük müharibədə qazandığımız möhtəşəm zəfər kağız üzərində qalmış BMT qətnamələrini, "Madrid prinsipləri"ni, "Kazan anlaşması"nı dərinliklərə gömdü. Həmin ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanat, həmçinin Ermənistanın kapitulyasiya aktı idi. Sözügedən sənəd düşmənin xain havadarlarına layiqli yerini göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sadəcə 44 gün ərzində düşməni diz çökdürərək onu əbədi məğlubiyyətə məhkum etdi. Azərbaycan Ordusu İkinci Qarabağ savaşında 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında erməni tapdağından azad etdi. Ölkə başçımızın 2021-ci il sentyabrın 27-də anım günü ilə bağlı xalqa müraciətində səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləmişdir: "Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq".

Qeyd edək ki, hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərində həyat yenidən canlanır, burada quruculuq, tikinti-bərpa işləri görülür. Bu yerlərin yenidən qurulmasında ən son müasir texnologiyalardan istifadə edilir. Vaxt gələcək zəfər tariximiz bütün dünyaya səs saldığı kimi, işğaldan azad olunan ərazilərimizin də gözəlliyi bütün dünyanı heyran qoyacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".