Qələbə gününü görə bilmədi
Region

Qələbə gününü görə bilmədi

Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi Azərbaycanın qəhrəman oğullarını, onların fədakarlığını, döyüşlərdə göstərdikləri igidliyi,  şücaəti bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda canlarını fəda edən oğullar düşməni döyüş meydanında əzərək məhv etdilər. Silahlı qüvvələrimizin bölmələrinin tərkibində könüllülər də döyüşüblər. Belə vətənpərvər oğullardan biri də Ağcabədi rayon sakini Məhəmməd Məmmədovdur.  

Vətən müharibəsi başlayan gündən könüllü olaraq döyüşlərə qatılıb.  Qorxmaz, cəsarətli, döyüşkən ruhlu Məhəmməd şanlı qələbəyə bir gün qalmış qəhrəmanlıqla həlak olub.

Vətəni bir boy ucaldan Məhəmmədin ən uca zirvəyə, ali məqama yüksəlməsindən iki il keçir. Bu münasibətlə  Ağcabədi şəhərindəki Qəhrəmanlar Parkında anım mərasimi keçirilib. Əvvəlcə, tədbir iştirakçıları şəhidlərin məzarları önünə qərənfillər düzərək onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub,  xatirələri bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Vətən müharibəsində qazanılan Zəfərdən və şəhid Məhəmməd Məmmədovun döyüş yolundan danışılıb,  Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik,  əzm və iradə nümayiş etdirdiyi,  əsgər və zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində parlaq Qələbə qazandığı bildirilib.

Qeyd edək ki,  44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edən Məhəmməd Abbas oğlu Məmmədov Füzulinin,  Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə gözlərini qırpmadan, düşmənə qatı nifrət hissi ilə ermənilərə qan uddurub. Bir çox əməliyyatlarda igidlik göstərib. Qəhrəman 2020-ci noyabrın 7-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə yüksəlib.  Məhəmmədin nəşi üçrəngli bayrağa bürünərək yarımçıq qalmış arzuları ilə birlikdə dəfn edilib və bu cəsur döyüşçü əbədiyyətə qovuşub.  Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”,  “Cəbrayılın azad olunmasına görə”,  “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

                                                      Salman ALIOĞLU,

                                                        “Respublika”.