Qəlbimizdə  yaşayanlar  
Region

Qəlbimizdə  yaşayanlar  

Respublikamızın  ərazi  bütövlüyü  uğrunda  aparılan  Vətən  müharibəsində  torpaqlarımızı düşmən  tapdağından canı  bahasına  azad edən və  Şəhidlik zirvəsinə  yüksələn  igid  oğullarımızdan  biri  də  şəhid  Hüseynli  Şamil  Novruz  oğludur. Şəhidimiz 1993-cü il yanvar ayının 8-də İmişli rayonunun Cəfərli kəndində dünyaya göz açıb. Vətən müharibəsində könüllü olaraq iştirak edib. Yaşasaydı,  29  yaşını  qeyd  edəcəkdi.  Qəhrəman  Vətən  oğlu  döyüş  meydanında göstərdiyi  igidliyə  görə  ölümündən sonra  ölkə  Prezidenti İlham Əliyevin  müvafiq  sərəncamlarına  əsasən  “Cəsur  döyüşçü”,  “Vətən  uğrunda” və  “Cəbrayılın  azad olunmasına  görə” medalları ilə  təltif  olunub.

İmişli Rayon İcra Hakimiyyəti  başçısının  birinci  müavini  Səfa  Ağayev, aparatın  məsul  əməkdaşları,  Vətən  müharibəsi  iştirakçıları və şəhidimizin  ailə  üzvləri, yaxınları, doğmaları  və  başqaları şəhidimizin  dəfn olunduğu  Cəfərli kənd  qəbiristanlığında  məzarını  ziyarət edərək tər  qərənfillər  düzüb, xatirəsini dərin ehtiramla andılar. İgid Vətən  oğlunun  ruhuna  dua  oxuduqdan  sonra  rayon  rəhbərləri  və  qonaqlar  şəhidin  ata  ocağında  olub, torpaq  uğrunda canından  keçən  şəhidimizə  Allahdan  rəhmət, ailəsinə  səbir  dilədilər.  Mərasimdə ölkə  Prezidenti, Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  altında  qüdrətli  Azərbaycan  Ordusunun  44  günlük  Vətən  müharibəsində qazandığı  şanlı  Qələbədən danışan Səfa  Ağayev bildirdi  ki, həmin  zəfərdə  payı  olan  Hüseynli  Şamil  kimi  qəhrəman  oğullarımızla  bu  gün  hər  birimiz  fəxr  edirik.  44  günlük  savaşda  əldə  olunan  tarixi  Zəfərin  müəllifi  olan  Ali  Baş  Komandana,  şanlı  Azərbaycan  Ordusuna,  şəhidlərimizə,  qazilərimizə  borclu  və  minnətdarıq. Şamilin doğum  gününü  onsuz  qeyd  etsək  də, o, daim  bizim  qəlbimizdə  yaşayır.  29  yaşında  Şəhidlik  zirvəsinə  ucalan  Şamil  qısa  ömrünə  yüz  illərin  qəhrəmanlıq  dastanını  sığdırdı. 

Şəhidin  ailəsi  hər  zaman  onlara  göstərilən  diqqət  və  qayğıya  görə  razılığını  ifadə  edib, ölkə  Prezidenti  İlham  Əliyevə, Birinci  vitse-prezident  Mehriban Əliyevaya, minnətdarlıqlarını  bildirdilər. Övladlarının  doğum  günündə  onun  xatirəsinin  yad olunmasını  Şamilin  timsalında  bütün  şəhidlərimizə  olan  hörmət  və  ehtiramın  bariz  nümunəsi  kimi  qiymətləndirdilər.  Şəhidin  valideynləri  oğulları  və  onun  kimi  igid  Vətən  oğulları  ilə  hər  zaman  fəxr  edəcəklərini  ifadə etdilər.

Ərəstun ABDULOV,

“Respublika”.