Qəlbimizdə əbədi yaşayan Ulu Öndər
Siyasət

Qəlbimizdə əbədi yaşayan Ulu Öndər

XX əsrdə Azərbaycan xalqı bəşər tarixinə görkəmli şəxsiyyət bəxş etdi. Bu tarixi şəxsiyyət özünün bütün bilik və bacarığını, zəngin həyat təcrübəsini xalqımızın dünya xalqları içərisində layiqli yer tutmasına həsr etmiş Heydər Əliyev bizim üçün bir sönməz günəş, unudulmaz lider oldu. Məhz bu səbəbdən də müasir tariximizin bütöv bir hissəsi ulu öndərimizin adı ilə bağlıdır. Bu dövr xalqımızın şərəf, qəhrəmanlıq, igidlik, qurtuluş, tərəqqi, inkişaf və nəhayət, xoşbəxtlik tarixidir.

Azərbaycan böyük və keşməkeşli inkişaf yolu keçərək dünyanın qabaqcıl ölkələri sırasına yüksəlmişdir. Bütün bu uğurların kökünü axtarsaq ötən əsrin 70-ci illərinə gedib çıxarıq. 1969-cu ildə respublikamıza rəhbər təyin edilən Heydər Əliyevin Azərbaycanın çiçəklənməsinə, xalqımızın mənsub olduğu mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliğ olunması üçün xidmətləri əvəzolunmazdır.

Ümummilli lider üçün hər şeydən önəmli Azərbaycan xalqı idi. O, özü də hər dəfə bu kəlmələri yorulmadan, tükənmədən qeyd edirdi: "Mənim üçün dünyada ən əziz olan mənim xalqımdır, torpağımdır, vətənimdir". Ulu öndərin bu sevgisi əməlləri ilə bir daha təsdiq olundu. Bitməz-tükənməz, sonsuz vətən sevgisinin əsas qayəsi, məğzi Azərbaycanın müstəqilliyi, xalqın azadlığı, istiqlaliyyəti idi.

Ulu öndər böyük işlər görməklə həm də siyasi mübarizə aparırdı və bu mübarizə düz 22 ildən sonra 1991-ci ildə uğurla başa çatdırıldı, Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Respublikamız ümummilli liderin rəhbərliyi və müdrik siyasəti sayəsində böyük bir inkişaf dövrünə qədəm qoyaraq həm ideoloji mübarizədə qalib gəldi, həm də bütün sahələrdə inkişaf etdi. Eyni zamanda xalqın xoşbəxt, parlaq gələcəyinin təməli qoyuldu. Xalqımızın yekdil çağırışı ilə ulu öndər hakimiyyətə qayıtdıqdan sonra Azərbaycana rəhbərlik etdiyi illər ərzində dövlətimizin, xalqımızın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında çox mühüm hadisələr baş verdi. Bu müddətdə ölkəmizin böyük inkişaf yolu keçdiyi danılmazdır.

Parlaq zəka sahibi olan dahi rəhbər elə bir siyasi kurs müəyyənləşdirmişdir ki, onu davam etdirməklə böyük uğurlar qazanmaq mümkündür. Son illərdə və bu günümüzdə də bu fakt özünü göstərir və gələcəkdə də inkişafa zəmin olacaq. Çünki ölkəmiz ağılla və uzaqgörənliklə idarə olunur.

"Mən gələcəyi çox güclü, qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm", - deyən ümummilli liderimiz, xalqımızın böyük oğlu istədiklərini, arzularının hamısını həyata keçirdi, qarşısına qoyduğu məqsədə nail oldu. Ulu öndərin böyük bir uzaqgörənliklə müəyyənləşdirdiyi yeni inkişaf strategiyasının uğurla həyata keçirilməsi və davam etdirilməsi xalqımızın əbədi arzusunu reallaşdırır.

Ulu öndərin ideyalarına uyğun olaraq hər bir vətəndaşı sevgi ilə dəmir yumruq ətrafında birləşən Azərbaycan bu gün xarici siyasətdə də böyük uğura imza atıb. İqtisadiyyatımızın çiçəklənməsində, beynəlxalq arenalarda Azərbaycan himninin səslənməsində, təhsilimizin, musiqi və mədəniyyətimizin inkişafında, idmançılarımızın, savadlı gənc mütəxəssislərin yetişdirilməsində və güclü ordumuzun formalaşmasında Prezidentimizin əzmlə həyata keçirdiyi siyasət danılmazdır.

Biz əbədi sevincimiz olan Zəfər qələbəmiz üçün ulu öndərimizin unudulmaz ideyalarını həyata keçirən qətiyyətli, cəsarətli Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti ilə qürur duymaqla ümummilli liderimizin xatirəsini daim qəlbimizdə əbədi yaşadacağıq.

Qəşəm KƏRİMOV,

Şəki Şəhər Statistika İdarəsinin rəisi.